SON XƏBƏRLƏR
Bakıda yeni zibil qutuları, biri 300 manata

Yazının dərc olunma Tarixi: 17/4/2019

Bakı Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən, Böyük Britaniyanın "Mott MacDonald" şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının hazırlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Bakıda yeni zibil qutuları, biri 300 manata
Konfransda bildirilib ki, həyata keçirilən işlər çərçivəsində BŞİH tərəfindən Monitorinq Mərkəzi yaradılıb.

Məlumata görə, hazırda ölkəyə 1540 ədəd plastik konteyner gətirilib. Bunlar Bakının 4 rayonunda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) qoyulub, daha 3 rayona (Binəqədi, Nizami və Xətai) konteynerlərin verilməsinə başlanılıb. Bu işlər mərhələli şəkildə həyata keçirilir. "Report" yazır ki, quraşdırılan konteynerlərin bir ədədinin qiyməti 153 avrodur.

Virtualaz.org-un əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, qeyd olunan “Mott MacDonald” həmin konteynerlərin istehsalçısı və satıcısı deyil. Başqa sözlə, bu konteynerlər haradansa alınıb və Bakıdakı sifarişçiyə satılıb.

Qeyd edək ki, möhkəm, yanmayan, eynilə təqdim olunmuş konteynerlərə uyğun zibil konteynerlərini asanlıqla internet şəbəkəsində sifariş edib, göstərilən qiymətdən daha ucuz almaq mümkündür.

Şəkildə gördüyünüz bu konteyner Bakıya gətirilənlərin, demək olar ki, eynidir. Yəni onları istənilən formada rəngləyib, üstünə istənilən yazını yazmaq olar. Fəqət qiymətləri xeyli ucuzdur.

153 avro hazırkı kursla (1,92) hesabladıqda 293 manat 76 qəpikdir. Şəbəkədə təklif edilən konteynerlərin qiyməti isə 100 ədəddən artıq sifariş olunacağı təqdirdə 140 ABŞ dollarıdır. Yəqin ki, 1540 ədəd sifarişdə daha böyük endirim nəzərdə tutulur. 140 dollardan hesablasaq belə, bu, cəmi 238 manat edir (1 ABŞ dollarının 1,70 manat olduğu nəzərə alınarsa).

Göründüyü kimi, arada 55 manatdan da artıq fərq yaranır. 1540 ədədə vursaq, ümumi fərq 86 min manata yaxındır. Razılaşın ki, az pul deyil. 86 min manata 140 dollarlıq daha 360 bu cür konteyner almaq olar.

Bəs görəsən, alınmış yeni zibil konteynerləri bakılılara niyə belə baha başa gəlib?



Fikrini bildir