SON XƏBƏRLƏR
Azərbaycanda olan hemofiliyalı xəstələrin sayı açıqlandı

Yazının dərc olunma Tarixi: 17/4/2019

Hazırda dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır. Hemofiliyalı xəstələrin problemləri hər ilin bu günü -aprelin 17-də Dünya Hemofiliya Günündə dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Azərbaycanda olan hemofiliyalı xəstələrin sayı açıqlandı
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, Azərbaycanda hazırda 1633 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var, onların 80 faizindən çoxu yaşı 15-dən yuxarı olanlardır. “2005-ci ildə 980 nəfər hemofiliya xəstəsi qeydiyyata alınıb. 2009-cu ildə 360, 2017-ci ildə 271 xəstə stasionar müalicə alıb. 2017-ci ildə 30 xəstə üzərində böyük cərrahiyyə əməliyyatı aparılıb”, -P.Abubəkirov əlavə edib.

Hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir. Xəstəliyin əlamətləri demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir.

Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə aprelin 17-si Dünya Hemofiliya Günü elan edilib. Hemofiliyanın müalicəsi yoxdur, lakin xəstənin orqanizmində çatışmayan qanın laxtalanması amilinin inyeksiya edilməsi yolu ilə bu xəstəliyin gedişinə tamamilə və uğurlu şəkildə nəzarət edilir. Bu məqsədlə istifadə edilən laxtalanma amili əksər hallarda donor qanından götürülür. Kifayət qədər dərman vasitələri ilə təmin ediləndə hemofiliyalı xəstələr normal həyat yaşaya - oxuya, işləyə, ailə qura, yəni cəmiyyətin tamhüquqlu üzvü ola və öz ölkələrinə xeyir verə bilərlər. Lakin xəstəlik əleyhinə preparatların yetərli qədər olmaması ilk növbədə hemofiliyadan əzab çəkən uşaq və gənclərin erkən əlilliyinə səbəb olur.



Fikrini bildir