SON XƏBƏRLƏR
Hüseyn Abdullayevin və anasının məhkəməsi

Yazının dərc olunma Tarixi: 18/4/2019

Bakı Hərbi Məhkəməsində 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hüseyn Abdullayevin və anasının məhkəməsi
Abdullayevlərlə birgə məhkəmə qarşısına daha 7 nəfər – Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev çıxarılıb. Adları çəkilən şəxslər arasında sərhədçilər də var.

Prosesdə şahid qismində Canbulat Kalyayev dindirilib. O, H.Abdullayevin şirkətində ofis meneceri kimi fəaliyyət göstərdiyini, ayda 1000 manat məvacib aldığını, işlədiyi müddətdə hansısa qanunsuzluğun şahidi olmadığını, ofisdəki işlərə Hüseyn Abdullayevin anasının nəzarət etdiyini deyib.

Zərərçəkmiş qismində məhkəmədə ifadə verən səhmdar Rəsmiyyə Abdullayeva sabiq deputatdan şikayətçi olmadığını söyləyib. Zərərçəkmiş şirkətdə 170 səhmi olduğunu və heç bir problem olmadan mənfəətini götürdüyünü açıqlayıb.

Digər səhmdar Könül Dərya Baricavad da analoji ifadə verib.

Məhkəmə prosesi aprelin 23-də davam edəcək.

Xatırladaq ki, Almaniyada sığınacaq almış H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan "Araz-İnşaat” ASC ilə bağlı araşdırma aprılıb, səhmdarlara yalan məlumat verilməklə, 1 milyon 374 min manatlıq gəlir mənimsənilib.

İttihama görə, Z.Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb. Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Z.Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

H.Abdullayev özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir.



Fikrini bildir