SON XƏBƏRLƏR
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

Yazının dərc olunma Tarixi: 18/9/2020

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Tofiq Yaqublu ev dustaqlığına buraxıldıTofiq Yaqublu ev dustaqlığına buraxılıb.

***
16:18

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin özü iştirak etmir.

Prosesdə anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılır.

Qeyd edək ki, T. Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib.

T. Yaqublu barəsində çıxarılan hökmə etiraz olaraq aclıq edir. O, Penitensiar Xidmətin İstintaq Təcridxanasından “City Hospital” köçürülüb.

Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

***
14:12

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib: "İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq".

Tofiq Yaqublu ilə bağlı hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair verilən vəsatət isə geri götürülüb. Bu barədə T.Yaqublunun digər vəkili Aqil Layic məlumat yayıb.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.



Fikrini bildir