SON XƏBƏRLƏR
Güləşçilərimiz Avropa çempionu olub

Yazının dərc olunma Tarixi: 9/6/2019

Azərbaycanın iki gənc güləşçisi Turan Bayramov və Abubakr Abakarov İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Güləşçilərimiz Avropa çempionu olub
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, iyunun 8-də 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində gənc sərbəst güləşçilər qızıl medal uğrunda mübarizə aparıblar.

Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov səkkizdəbir finalda Gürcüstandan olan güclü rəqibinə minimal fərqlə qalib gəlib. Pəhləvanımız sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionumuz yarımfinalda Moldova güləşçisini məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rusiya idmançısı ilə qarşılaşan Gəncə güləş məktəbinin yetirməsi hesab 1:1 olarkən sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.

Yetmiş doqquz kiloqram çəki dərəcəsində yarışan Abubakr Abakarov qitə birinciliyinə inamlı start verib. Təmsilçimizə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Komandamızın üzvü Litva idmançısını da vaxtından əvvəl 11:0 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala adlayıb. İdmançımız bu mərhələdə estoniyalı rəqibi üzərində də qələbə qazanaraq finala yüksələn ikinci sərbəst güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya güləşçisini də üstələyən A.Abakarov Avropa çempionatının qalibi olub.



Fikrini bildir