FƏLƏSTİN VƏ QARABAĞ PROBLEMLƏRİNƏ YANAŞMADA İKİLİ STANDARTLAR

Yazının dərc olunma Tarixi: 28/4/2022

FƏLƏSTİN VƏ QARABAĞ PROBLEMLƏRİNƏ YANAŞMADA İKİLİ STANDARTLAR
Ramazan ayınının sonuncu cümə günü bir çox müsəlman ölkələrində İsrail dövləti tərəfindən işğal edilmiş ilk qibləmiz Qüdsə və digər Fələstin torpaqlarına azadlıq çağırışlı Beynəlxalq Qüds Günü qeyd edilir.

Məlum olduğu kimi, İran İslam İnqilabının banisi, böyük din alimi və dövlət xadimi Ayətullah Ruhullah Xomeyni (r.ə) 1948-ci ildən bəri Fələstin xalqının məruz qaldığı zülmlərə son qoymaq üçün Ramazanın sonuncu cüməsinin Beynəlxalq Qüds Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürüb. Artıq 40 ildən çoxdur ki, dünya müqavimət hərəkatları tarixində belə bir əlamətdar gün - Beynəlxalq Qüds Günü möhtəşəm şəkildə yer alıb.

Bu təşəbbüsün irəli sürülməsi ilə dünyada zülmə məruz qalmış ölkələrin və xalqların yeni hərəkatı yaranıb. Beynəlxalq Qüds Gününün hər il qeyd edilməsi İslam dünyasında və ümumilikdə dünya xalqlarında zülmə və işğala qarşı mübarizə ruhunun formalaşmasına təkan verib. Və belə əlamətdar günlərdə keçirilən aksiyalar müsəlmanların həqiqi ağrı-acılarını, həyatda aldıqları zərbələri nümayiş etdirir.

İllərdir Fələstinin işğalı məsələsi dünya müsəlmanlarını birləşdirən əsas amilə çevrilib. Bu səbəbdəndir ki, müsəlman xalqlarının rifahını, səadətini, əmin-amanlığını istəməyən qlobal imperializm müsəlmanların ön cəbhəsi hesab edilən Fələstin məsələsində təfriqə, ixtilaf yaratmağa çalışır.

Qüds gününün İslam ümmətinin əhyası, İslam günü kimi də adlandırılması əbəs deyil. Ona görə ki, İslam ümməti Ramazanın sonuncu cümə günündə müqəddəratını həll edə biləcək, özünün daxili-ruhi həyatı ilə yanaşı, həm də ictimai-siyasi oyanışını təmin edən Qüds gününü yaşayır. 10 illərdir demişik ki, Qüds günü Qarabağ günüdür. Kəşmir günüdür. Qüds günü Suriya, Yəmən, Əfqanıstan, Myanmar və Qətif günüdür. Qüds günü bütün dünya məzlumlarının və zəiflərinin günüdür.

Təəssüflər ki, ötən ildən etibarən əksər müsəlman dövlətlərində koranavirus pandemiyasına görə Qüds günü ilə bağlı aksiyalar istənilən kimi keçirilməsə də, karantin şərtlərinə riayət etməklə tədbirlər fərqli proqram əsasında təşkil edilir.

Uzun illər istər Fələstində, istərsə də Qarabağda baş verən zorakılıqlar, törədilən terrorlar, dinc sakinlərin vahiməyə salınması halları, habelə etnik təmizləmə məqsədi güdən qətllər arasında oxşarlıq təsadüfi deyil.

Qarabağda baş verən vəhşiliklərin çoxu Səbra və Şətilə, Deyryasin, Bəhrülbəqər və Kana hadisələrilə, bu gün İsrailin BMT-nin, Təhlükəsizlik Şurasının, Dödtərəfli komissiyanın və Avropa İttifaqının, bütün dünya xalqlarının gözü qarşısında törətdiyi qətllərlə eynidir. Dağlıq Qarabağ problemi və onun həlli yolları Azərbaycanın istər elmi, istərsə də ictimai-siyasi həyatında önəmli bir yer tuturdu. Çünki bu problem çoxsaylı övladlarını itirən, qətlə yetirilənlərdən də dəfələrlə artıq sayda yaralısı olan, dözülməz insani, psixoloji və sosial şəraitdə yaşamağa məhkum bir milyondan çox qaçqın və köçkünü olan bir xalqın haqqını ifadə edirdi. Həm də torpağı qəsb edilən, müqəddəslikləri təhqirə məruz qalan bir xalqın şərəf məsələsi idi. Eynilə Fələstin problemi də ümumi ərəb–islam, xüsusi olaraq, cəmiyyətin sosial-siyasi həyatının, xalq kütlələrinin gündəlik məişətinin ən önəmli hissəsidir. Burada da təxribatlar törədilməsi, insanların yurd-yuvasının viran qoyulması, vəd verib sonra yerinə yetirilməməsi, bir tərəfin bütün həll variantlarını rədd, digərinsə onları qəbul etməsi, bir tərəfə münasibətdə beynəlxalq təşkilatların çıxartdığı qanunların havadan asılı qalması, qarşı tərəfin blokadaya alınıb aclığa və səfalətə məhkum edilməsi baxımından da bir oxşarlıq vardır. Çünki həm Fələstin, həm də Qarabağ problemi İslam dünyasına aid olub müsəlman xalqlarına qarşı törədilən humanitar, siyasi, iqtisadi, hüquqi və ictimai normalar baxımından ən ağır və ən mənfur cinayətlərdəndir. O da məlumdur ki, bu iki xalqa qarşı cinayətləri törədənlər Qərb dünyası mənsublarıdır.

Qarabağ və Fələstin problemlərinə yanaşmada həmişə ikili standart prinsipi tam çılpaqlığı ilə özünü göstərib. Qəbul edilmiş qərarların icrası İslam, Şərq mədəniyyətinə mənsublar üçün məcburi olduğu halda, şıltaqlıq edənlər və arxalılar hətta ictimai rəy deyilən sahədə belə şəkk-şübhə xaricindədirlər. Qarabağ və Fələstin problemi ilə bağlı məsələdə sadəcə mövqe bildirməkdə belə, azad Qərb dünyası adlanan məkan lal və kar olub.

Sionizmin Fələstinə aşıq müdaxiləsinin tarixi 7-8 onilliklə ölçülür. Münaqişənin davam etdiyi uzun müddət və İsrailin həmin vaxt ərzində cinayətlərinin çeşidinə görə qəbul edilmiş qərarlar da müxtəlif və çoxsaylıdır. Bunlardan aşağıdakıları göstərmək olar: 1975-ci ilin 10 noyabr tarixində BMT Baş Assambleyasının qərarına görə, sionizm irqçilik və irqi ayrı seçkilk təbliğ edən bir ideolgiyadır. Təəssüf ki, 1991-ci ildə bu qərar elə Baş Assambleya tərəfindən İsrailin və yəhudi lobbisinin güclü təzyiqilə ləğv edildi. Baş Assambleyanın sionizmə verdiyi tərifdən görünür ki, həmin ideolgiya öz mahiyyəti etibarilə erməni millətçiliyi fikrinə çox yaxındır. Ermənilər də özlərini başqa millətlərdən üstün tutur, xüsusilə, türk əsilli xalqlara qarşı nifrət hissi aşılayırlar. Ümumiyyətlə, Fələstin, xüsusilə qaçqınlar faciəsi XX əsrdə bəşəriyyətin şahidi olduğu ən böyük faciələrdəndir. Beynəlxalq ictimaiyyət, əsasən də insan haqları və azadlıqlarının müdafiəsi ilə məşğul təşkilatlar bu faciəyə qarşı biganəlik nümayiş etdidrirlər. Müstəmləkəçi qüvvələr sözügedən cinayətlərin törədilməsinin birbaşa iştirakçıları olub və onun davamı üçün məsuliyyət daşıyırlar. Bütün bunlara baxmayaraq, BMT Baş Assambleyası qaçqınlar problemi ilə bağlı müvafiq qərarlar qəbul edir. 1948-ci ildən bəri Fələstin problemi meydana gələndən sonra BMT Baş Assambleyası qaçqınlarla bağı onlarla qərar verib. Bu qərarlara görə, qaçqınlar öz torpaqlarına qayıtmalı və müvafiq təzminat da almalıdırlar. Belə ki, bu sahədə ən əlamətdar sayılan 194 saylı qərar 1948-ci ilin dekabr ayının 10-da qəbul edilmişdir. Bu qərara görə, qaçqınlar əgər istəsələr, öz yerlərinə qayıtmalıdırlar və bu istək də mümkün qədər qısa müddətdə həyata keçirilməli, onlara təzminat ödənilməlir, qonşuları ilə dinc və əminamanlıq şəratində yaşamaq imkanı verilməlidir. Prosesə nəzarət üçün BMT-nin ABŞ, Türkiyə və Fransanın üzvlüyü ilə xüsusi komissiyası təşkil olundu və Fələstin üzrə xüsusi nümyəndə təyin edildi. Lakin İsrail onun BMT üzvlüyünə qəbulu üçün şərt olan bu qərarı qəbul etmədi, hətta sionistlər xüsusi nümayəndəni və onun köməkçisini qətlə yetirdilər.

İsraili öz qərarlarının icrasına vadar etməkdə aciz qalan BMT 1949-cu ildə Fələstin qaçqınlarına yardım agentliyi (UNRWA) yaratdı. Bu o demək idi ki, bundan sonra Fələstin qaçqınlarının problemi ilə yalnız BMT məşğuldur və onun fəaliyyəti hər dəfə Baş Assambleyanın sessiyalarında bu məsələni qoyub onun barədə müxtəlif qərarlar qəbul etməkdən ibarət oldu. 1967-ci il 22 noybar tarixində qəbul edilmiş 242 saylı qərar qaçqınlar probleminin ədalətli həllinə çağıraraq bunun üçün aşağıdakı şərtləri müəyyənləşdirdi: 1. Yaxın Şərqdə ədalətli və daimi sülhün bərqərar edilməsi aşağıdakı iki prinsipə əsasən həyata keçirilə bilər: A. İsrail qüvvələri 1967-ci il iyunun 6-də işğal edilmiş bütün torpaqlardan çəklməldir; B. Müharibəyə son qoyulmalı, hər bir dövlətin istiqlaliyyəti və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyü təmin edilməlidir. Qərarda bir sıra başqa şərtlər də vardır ki, bunlar beynəlxalq sularda gəmilərin hərəkət azadlığını, qaçqın probleminin ədaləti həllini, bölgədə silah saxlanmayan zonaların yaradılması, BMT Baş Katibinin regiona səfər etməsini və müvafiq görüşlər keçirməsini əhatələyirdi. 1970-ci ilin 4 noyabr tarixli 2628 saylı qərarı fələstinlilərin hüquqlarının BMT Baş Assambleyası tərəfindən tanındığı və bunun ədalətli sülhün bərpasının önəmli ünsürü olması bildirilir. 1973-cü il 14 dekabrda qəbul edilmiş 3151 saylı qərarında sionistlərlə Cənubi Afrika irqçiləri arasındakı əməkdaşlıq və müttəfiqlik əlaqələri pisləndi. BMT Baş Assambleyasının 29-cu sesiyasında qəbul edilmiş 3226 saylı qərar fələstinlilərin əsas hüquqlarının müdafiəsinə təminat verirdi. Lakin İsrail bütün bu qərarlara qarşı biganəlik nümayiş etdirdi və yaranmış vəziyyətə görə hər hansı məsuliyyət daşımaqdan boyun qaçırdı. 1976-1980-cı illər ərzində BMT Təhlükəsizlik Şurası qəbul edilmiş qərarların icrası zərurəti barədə 4 dəfə səs çoxluğu ilə qətnamalar qəbul etməyə çalışsa da, hər dəfə İsrailin müttəfiqlərinin vetosu bunun qarşısını almışdır.
BMT Təhlükəsizlik Şurası Fələstinin işğal edilmiş torpaqlarında İsrailin həyata keçirdiyi məskunlaşdırma siyasətini pisləyən qətnamələrlə çıxış etsə də, bütün bu cəhdlər bir nəticə verməmişdir. Son illərdə İsrailin Qəzza bölgəsinə qarşı hücumlarını pisləyən çoxsaylı qərarların taleyi də eynidir. Bütün bu uzun müddət ərzində BMT-nin ərəb-İsrail münaqişəsi, o cümlədən Fələstin problemi və xüsusən qaçqınlarla bağlı qərarları İsrail tərəfindən rədd edilmiş və beynəlxalq ictimaiyyətə qarşı saymamazlıq mövqeyi tutmuşdur.

Qeyd edək ki, bütövlükdə İslam ümmətinə qarşı, habelə Fələstində qətllər törədənlər sionizm, onun havadarları və himayədarlarıdır. Sionizm yəhudi siyasi hərəkatı olub şərqi və mərkəzi Avropada XIX əsrin sonlarında meydana gəlmişdir. Əsas hədəfi isə yəhudilərin öz ata-baba torpaqlarına qayıtması idi. Bununla sionizm yəhudilərin Avropa cəmiyyətlərinə inteqrasiyası ideyasını rədd edib, o zaman Osmanlı dövlətinin tərkibində olan Fələstin torpaqlarını yəhudilərin vətəni kimi tanıdı. Yeni sionizmin əsas təbliğat hədəfi İsrail dövləti yaratmaq idi, bu baş tutandan sonra sionistlərin əsas vəzifəsi onu möhkəmlətmək oldu. Yeni sionizm tezliklə irqçi və ekstremist bir ideologiyaya çevrildi. Bu da fələstinlilərin zorla öz doğma yurdlarından qovulmasında özünü göstərdi. Hərəkatın 1897-ci ildə İcveçrənin Bazel şəhərində keçirilən birinci konfransında sionizm ideyalarının əməli şəkildə Fələstin torpaqlarında həyata keçirilməsinə, yəhudi köçlərinin təşkilinə və həyata keçirilməsinə, yəhudilərə məxsus iqtisadi layihələrin maliyələşdirilməsinə həsr edilmişdi. 1898-ci ildə keçirilən ikinci konfrans yəhudilər arasında sionizm ideyalarının daha geniş şəkildə yayılmasına həsr olunmuşdur. Konfrans diqqəti yəhudilərin azlıqda yaşadıqları cəmiyyətlərdə onlara qarşı düşmənçiik və ədavət ideyalarının güclü olmasına və bu amildən onların xeyrinə istifadə zərurətinə yönəltdi. Əsas qərarlardan biri də Fələstin torpaqlarında yəhudi məskənlərinin sayının durmadan artırılmasına aid idi. 1899-cu ildə keçirilən üçüncü konfransda həmçinin Fələstində məskunlaşma əməliyyatını maliyələşdirmək üçün müvafiq bankın və digər maliyə qurumlarının yaradılması da qərara alındı. 1900-cü ildə Londonda keçirilən dördüncü konfransdan sonra Hertselin rəhbərlik etdiyi sionist hərəkatı Britaniyanın regionda güclənən mövqeyini nəzərə alaraq onunla əməkdaşlığa üstünlük verdi. Sionistlərin srtateji hədəfi Osmanlı dövlətini yəhudilərin kütləvi şəkildə Fələstinə köçməsinə razı salmaq olsa da, Sultan II Əbdülhəmid bu tələbi rədd etdi. Ancaq almanlarla əməkdaşlıq bu sahədə bir nəticə verməyəndən sonra sionistlər Britaniya ilə ittifaqa girib yəhudiləri kiçik dəstələrlə Fələstinə köçürməyə başladılar və bu məqsədlə də 1901-ci ildə “Milli yəhudi fondu” və 1903-cü ildə “AnqloFələstin” bankını qurdular. 1903-cü il konfransı komissiya yaratdı və daha çox Fələstin variantı ön plana çəkildi. Fələstində İsrail dövlətinin yaradılması yəhudi mütəfəkkirlərinin çoxdankı arzusu idi. Heç də təsadüfi deyil ki, onlar Fələstinə “Miad (qayıdış) torpağı” adını verdilər. Yəhudilər məskunlaşma planlarını həyata keçirmək üçün yerli ərəb əhalinin müqavimətinin qırılmasında İngilis müstəmləkəçilərinə arxalandılar. Elə 1936-cı il Fələstin üsyanı da ingilislər tərəfindən vəhşiliklə yatırıldı. Beləliklə, köməksiz qalan Fələstin xalqı xarici qəsbkarlara lazımi müqavimət göstərə bilmədi və nəticədə, onun torpağında 1948-ci ildə İsrail dövləti meydana gəldi. İsrail ərəb dövlətlərinə qarşı yönələn bütün müharibələrin və təcavüzlərin fəal iştirakçısı olmuşdur. 1956-cı ildə İngiltərə və Fransa ilə ittifaqda Misirə qarşı müharibədə iştirak etdi. 1967-ci il müharibəsi nəticəsində Fələstinin İsrailin tərkibinə verilməyən torpaqları da işğal edildi. Ərəblərdə xof yaratmaq nəqsədilə kütləvi qırğın təşkil edən yəhudi silahlıları aralarında qadın, uşaq və qocaların da olduğu yüzlərlə ərəbi qətlə yetirdilər. 1947-ci ildə Britaniya Fələstindən çəkilmək qərarına gəldiyini elan etdi. Fələstin məsələsi həmin ilin noyabrın 27-də BMT Baş Məclisində səsverməyə çıxarılıb qəbul olunan qərara əsasən Fələstin torpaqlarında iki - ərəb və yəhudi dövləti yaradılmalı idi. 1948-ci il mayın 14-də yəhudi dövləti elan olunsa da, Fələstin dövlətini yaratmaq mümkün olmadı. Burdan da aydın olur ki, torpaqların istilası və yerli əhalinin öz doğma yurdlarından köçkün salınması İsrailin əsas strateji hədəflərindən biridir. Bununla ərəb dövlətlərini de-fakto qarşısında qoyub “dənizdən çaya qədər böyük İsrail” dövlətini yaratmaqdır. Əslində əgər ABŞ yaşıl işıq yandırmasaydı, müdafiə sözü verməsəydi, İsrailin bu şəkildə cürət etməzdi. İşğalçılar ABŞ-ın himayəsinə arxalanıb bütün bu cinayətləri törədirlər. Bu baxımdan, belə çıxır ki, ABŞ bu gün Fələstində baş verən bütün cinayətlərə şərikdir.

Eyni zamanda, qlobal hegemonizm və müstəmləkəçi dövlətlər əvvəldən bu günə qədər işğalçı İsrail rejimini regionun ərəb və İslam ölkələrinə təzyiq vasitəsi kimi yaratmış və saxlamışlar. Və onlar bu zəhərli xəncəri həmişə İslam dünyasının yanında saxlamaq istəyirlər. Deməli, beynəlxalq qanunların ardıcıl pozulması, insan hüquqlarının ən faciəli və sürəkli şəkildə tapdanması, qonşu ölkələrə ardıcıl təcavüzlər, terror əməliyyatları, aşkar şəkildə insan oğurluğu, atom və ona bənzər silahların günbəgün daha artıq əldə olunması sionistlərdən qəbul olunur, dünyanın hegemon şəbəkəsində heç bir ciddi etiraz doğurmur.

Bu gün İsrail rejimi yenidən quduzlaşaraq, dinc və mülki şəxsləri hədəfə almağa başlayıb. Beynəlxalq qurumlar isə dinc sakinlərin hədəfə alınmasına hələ də susurlar. Baş verənlər Fələstin xalqına qarşı ikili standartlar tətbiq edildiyini göstərir.

Təcrübələrdən dərs almağın vaxtıdır. Bu gün müsəlman ölkələri İslam oyanışı sayəsində böyük qüdrətə malikdir. İslam dünyasının çoxsaylı problemlərinin açarı bu möhtəşəm toplumun iradəsində və birliyindədir. Və ümidvarıq ki, Fələstin məsələsi İslam aləminin ən təcili məsələsi olacaq.

Zamin Yaqublu



Fikrini bildir