SON XƏBƏRLƏR
"Xəritədən Armeniya adının çıxarılması çıxış yolu deyil" - Millət vəkili

"Dünyada qəbul olunan tarix xəritələrində istəsək də, istəməsək də Armeniya adına rast gəlinir. Ancaq bu dövlət olaraq deyil, Roma İmperiyasının bir əyaləti olaraq qeyd olunur. "
"Xəritədən Armeniya adının çıxarılması çıxış yolu deyil" - Millət vəkili
Pravdainfo.org moderator.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Ümumi tarix dərsliyinin 10 sinif üçün rusca variantında verilən xəritədə Azərbaycanın indiki ərazilərinin Armeniya adı ilə göstərilməsinə münasibət bildirərkən deyib: "Ümumi tarix dərsliyinin 10 sinif üçün rusca variantında verilən xəritədə Azərbaycanın indiki ərazilərinin Armeniya adı ilə göstərilməsi ciddi müzakirələrə səbəb olub. Qəribədir, izah da belə verilir ki, Azərbaycan və gürcü dillərində olan dərsliklərdə bu ad qeyd olunmayıb, rusca variantında isə səhvən adı silmək unudulub. Budur bizim tarixlə haqlılığımızı əsaslandırmanın maraqlı nəticəsi. Əzizlərim, tarixi bir tərəfə qoyun, biz bu gün mövcud ərazimizlə, yəni 86 min kvadrat kilometrlik ərazi ilə BMT-də qeydiyyatdan keçmişik və eyni qaydada dövlət olaraq Ermənistanda da orada qeydiyyatdan keçməsinə baxmayaraq bizim beynəlxalq hüquqla tanınan ərazimizin 20 faizini işğal edib və bu əraziləri qaytarmalıdır. Yoxsa bu əraziyə kim tez gəlib, kim gec gəlib, bunun mübahisəsi bu günkü dünya üçün qətiyyən aktual deyil və bu daha çox əsas məqsəddən yayınmamıza gətirib çıxarır. Tarix məsələsinə gəldikdə isə, daxili mühitdə olan kitablarımızdan hansısa məqamları çıxarmaqla iş bitmir ki... Dünyada qəbul olunan tarix xəritələrində istəsək də, istəməsək də Armeniya adına rast gəlinir. Ancaq bu dövlət olaraq deyil, Roma İmperiyasının bir əyaləti olaraq qeyd olunur. Malaya Armeniya adı da Qara dənizin indiki Trabzona yaxın hissələri üçün qeyd olunur. Roma tarixinin ən böyük tədqiqatçısı sayılan Nobel mükafatı laueratı Mommzenin ruscaya tərcümə olunmuş "Roma tarixi" əsərinin 2-ci cildində verilmiş eramızdan öncəki Aralıq Dənizi hövzəsi xəritəsində də Armeniya adı qeyd olunur. Burada müasir Azərbaycan ərazisi isə Albaniya kimi, Güney Azərbaycan ərazisi də Midiya, Atropat adı ilə coğrafi ərazi olaraq göstərilir. Mübahisə mövzusuna çevrilmiş tarix dərsliyində əsas səhv bu ərazilərdə digər adların xəritədə göstərilməməsi, yalnız Armeniya adının Qara dənizdən Xəzər dənizinə qədər ərazi üzərində yazılmasıdır. Biz həmin dövr üçün özümüzü Qafqaz Albaniyasının varisi sayırıq və həmin xəritədə də Albaniya əsasən indiki Azərbaycan ərazisini əhatə edir. Xəritədə Gürcüstan adı da yoxdur, İberiya və Kolxida ərazilərinin hüdudları verilir. Ona görə də Armeniya adının çıxarılması çıxış yolu deyil, sadəcə orada Momzenin təqdim etdiyi xəritəyə uyğun olaraq Albaniya, İberiya, Kolxida, Manna, Atropaten adlarının yerləşdirilməsi ərazilərimizn ermənilərə aid olması barədə iddiaları ortadan qaldırmış olur. Mənbə olaraq T.Mommzenin 1987-ci ildə nəşr olunan "Roma tarixi" əsərinin 2-ci cildindəki xəritəyə baxıla bilər."


Fikrini bildir