SON XƏBƏRLƏR
"Gürcüstanda gürcü familyası altında olan ermənilər Gürcüstan-Azərbaycan əlaqələrini zədələməyə çalışırlar"

Yazının dərc olunma Tarixi: 20/9/2020

"Bu bir faktır ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar".

Bu sözləri İlham Əliyev İctimai və Real Tv-yə müsahibəsi zamanı deyib.

Əliyev ötən il baş verən təxribat yönlü hadisələrə də diqqət çəkib: "Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Çünki yenə də deyirəm, biz etibarlı tərəfdaşıq və bütün məsələləri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Mən indi bu tarixi faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Amma baxın, Ermənistan özünü necə aparır? Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər.

Orada altdan-altdan təxribat xarakterli işlər görürlər, ideoloji iş aparırlar. Amma Ermənistan Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız iddialar edirlər. Ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər. Orada Gürcüstanın dövlət rəmzlərinə lazımi hörmət göstərmirlər. Eyni zamanda, Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub. Necə ola bilər? Sən bu ölkənin ərazi bütövlüyünü tanımırsan. Eyni zamanda, əminəm, gürcü xalqı unutmayıb ki, Abxaziyada gedən müharibədə erməni Baqramyan batalyonu hansı vəhşilikləri törətmişdir, kimin tərəfindən vuruşub və bu gün kimin tərəfindədir?

Abxaziyada yaşayan və hakimiyyətin artıq böyük hissəsini zəbt etmiş ermənilər. Azərbaycan isə bütün dövrlərdə Gürcüstanın yanında olub. Bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədar birmənalı mövqe göstərib və göstərəcəkdir. Fərq bundadır. Əlbəttə, bu gün Gürcüstan xalqı hesab edirəm ki, yaxşı bilir kim onun dostudur, kim onun düşmənidir", - deyə İ. Əliyev bildirib.



Fikrini bildir