SON XƏBƏRLƏR
HAKİM MİRZƏ XANKİŞİYEVİN PROSESİNDƏ ZƏRƏRÇƏKMİŞ VƏKİL TƏRƏFİNDƏN DÖYÜLDÜ

Yazının dərc olunma Tarixi: 8/8/2019

Azərbaycanın tanınmış brend modelyeri, zərərçəkmiş Leyla Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Nizami Ağayevin vəkili Bəylər Məmişov tərəfindən döyülüb. Məhkəmı zalında huşunu itirən zərərçəkmiş Leyla Əhmədova vəkilinin köməkliyi ilə təcili surətdə zaldan çıxarılıb və hadisənin baş verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinə "Təcili yardım" çağrılıb.

Bu barədə "Təzadlar"a məlumat çatdırılan kimi əməkdaşlarımız hadisə yerinə getdi. Lakin az sonra məlum oldu ki, Leyla Əhmədova Yasamal rayonundakı mənzilinə aparılıb. Sonra əməkdaşlarımız ciddi xəsarət almış Leyla Əhmədovanın mənzilində ona baş çəkiblər. "Biz Leyla xanımın mənzilinə çatanda "Təcili yardım" maşını həyətdə idi və həkimlər Leyla Əhmədovanı şokdan çıxarmaq üçün ona yardım edirdilər, dərman verərək iynə vururdular...", - deyə əməkdaşlarımız bildirdilər.
HAKİM MİRZƏ XANKİŞİYEVİN PROSESİNDƏ ZƏRƏRÇƏKMİŞ VƏKİL TƏRƏFİNDƏN DÖYÜLDÜ
Məhkəmə zalında baş verənlər barədə zərərçəkmişin vəkilinin artıq Vəkillər Kollegiyasının sədri Anar Bağırova məlumat verildiyi və akt tərtib edilərək kollegiyaya göndərdiyi məlum oldu. Eləcə də bu döyülmə faktına şərait yaratmış və heç bir prosessual hərəkət etməyən hakim Mirzə Xankişiyevin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə, eləcə də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova teleqram vurulduğu da bildirildi.

Artıq fakt üzrə Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırmalara başlanılıb.

Məhkəmə zalında hakimin laqeydliyi üzündən baş verən döyülmədə zərər çəkən Leyla Əhmədovanın dünən "Təzadlar"da hakim Mirzə Xankişiyev barədə Prezident İlham Əliyevə ünvanlı müraciəti yayımlanmışdır. L.Əhmədova hakim M.Xankişiyevin 9 aydır icraatında olan cinayət işini süni surətdə uzatmasından və təqsirləndirilənlərin xeyrinə iş apardığından şikayət etmişdi.

"Təzadlar"ı izləyin, əlavə məlumat veriləcək. Həkimlərin isə bildirdiyinə görə, modelyer Leyla Əhmədovanın vəziyyəti ciddi həkim nəzarəti altındadır, həyatı üçün ciddi təhlükə vardır.

(tezadlar.az)



Fikrini bildir