SON XƏBƏRLƏR
Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfər İİV-ə yoluxub

Yazının dərc olunma Tarixi: 2/12/2019

"2019-cu ilin 11 ayı ərzində İİV-ə yoluxma halları faktı 592 nəfərdir. Onlardan 563 (95%) nəfəri Azərbaycan vətəndaşı, 29-u (5%) isə əcnəbidir".
Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfər İİV-ə yoluxub
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı keçirdiyi dəyirmi masada Mərkəzin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib.

O bildirib ki, qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371-i kişi, 192-si qadındır: "Bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69, 4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır. Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 1045 nəfərdir".

N.Zülfüqarov bildirib ki, bu ilin 11 ayının sonuna RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1, 6 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faiz insanda isə yoluxma yolu müəyyən edilməkdədir.



Fikrini bildir