SON XƏBƏRLƏR
Şamaxıda zəlzələnin dağıtdığı evlər yenidən tikilir - REPORTAJ

Yazının dərc olunma Tarixi: 17/5/2019

Şamaxıda zəlzələnin dağıtdığı evlər yenidən tikilir - REPORTAJ
Fevral 5-də baş vermiş 5,3 ballıq zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində zərərçəkmiş rayonlarda inşaat-quruculuq işləri davam etdirilir.
Zəlzələdən sonra görülən işlərin gedişatını izləmək üçün ONA-nın çəkiliş qrupu zəlzələ zamanı daha çox dağıntılara məruz qalan Şamaxı rayonuna səfər edib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi baş məsləhətçisi Adil Hüseynov bildirib ki, Şamaxı rayonu üzrə indiyədək 286 qəzalı, dəqiq desək, söküləcək ev müəyyən edilib: “Ölkə başçısının müvafiq göstərişlərinə əsasən, Şamaxı rayonu ərazisində zəlzələdən zərərçəkən insanların yaşayış şəraitinin əvvəlki qaydada təmin olunmasının tikintisi, bərpası həyata keçirilir. Şamaxı rayonu üzrə bizə 5689 müraciət daxil olub. 5676 evə baxış keçirilib. Baxış keçirilən evlərin 2552-si şəhər üzə, digər 3124 baxış isə qəsəbə və kəndlərdə həyata keçirilib”.

Görülən işlərlə tanış olmaq üçün Şamaxı şəhərində inşa olunan yerlərə baş çəkdik. Şəhriyar küçəsində yerləşən 40 saylı evdə demək olar ki, əsas işlər görülmüşdü. İş icraçıları bildirdi ki, Xəyalə Əbdürrəhmanovaya məxsus 3 otaqlı yeni tikilmiş fərdi yaşayış evi yaxın zamanlarda təhvil veriləcək.

Yaxınlaşdığımız digər küçələrdə tikilən evlərdə də son tamamlanma işləri görülürdü. Salman Mümtaz küçəsində yaşayan Vahid Şıxıyev deyir ki, bundan əvvəlki evi 1955-ci ildə tikilmişdi və zəlzələ zamanı evin bir hissəsi uçmuşdu.

Digər evin sahibi, Vidadi Məmmədov küçəsində yaşayan Mailə Quliyeva bildirdi ki, zəlzələ zamanı evdə nəvələri ilə birgə olub. Masanın altında gizlənməsəydilər, köhnə tikilinin tavanı üstlərinə düşəcəkdi. Hazırda yeni evinin tikilib təhvil verilməsini səbirsizliklə gözləyir. Deyir, üzü yaya gedir, ev hazır olsaydı, nəvələri gəlib həyət-bacada oynayardı.

Şamaxı şəhəri dağlıq ərazidə yerləşdiyindən, zəlzələ zamanı dağıntılar şəhərin bütün hissələrində baş vermişdi. Şamaxını küçə-küçə gəzdikcə, yeni tikilən yaşayış binaları da nəzərimizdən qaçmadı. Buradakı mənzillər sürüşmə zonalarında yerləşən və bərpası daha mümkün olmayan evlərin sahibləri üçün nəzərdə tutulub.

Şamaxıda zəlzələdən zərərçəkmiş vətəndaşlar üçün təkcə fərdi yaşayış evləri deyil, eyni zamanda ölkə başçısının müvafiq göstərişi ilə 4 mərtəbəli yaşayış binası da tikilir. Yaşayış binası 44 mənzildən ibarət olacaq.

İnşaat işlərini yaxından izləmək üçün tikinti aparılan sahəyə qalxdıq. Binada 60-a yaxın tikinti heyəti çalışır. Hazırda qəlibyığma işləri həyata keçirilir.

Binanın gələcək görünüşü ilə də tanış olduq. Mühəndis dedi ki, binanın tikinti sahəsi 821 kvadratmetr ərazini əhatə edir. Burada 1, 2 və 3 otaqlı mənzillər yerləşəcək. Hal-hazırda beton işləri görülür. Dəmir-beton konstruksiyaların tikinti işləri gedir. Bir blokda 3-cü mərtəbənin, digər blokda da 2-ci mərtəbənin beton işləri gedir.

Şamaxı şəhərində Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyasının nəzarətində inşa edilən evlərdən başqa, zəlzələdən sonra aparılan işlər çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi də müəyyən tikinti işlərini həyata keçirir.

Qeyd edək ki, zəlzələdən dərhal sonra hadisə yerinə baş çəkən ölkə prezidenti İlham Əliyevin göstərişi ilə fəsadların aradan qaldırılması və tikinti işlərinin aparılması üçün Prezidentin Ehtiyat Fondundan ümumilikdə 13 milyon manat vəsait ayırıb.



Fikrini bildir