SON XƏBƏRLƏR
Britaniyalı ekspert: "TANAP Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək"

Yazının dərc olunma Tarixi: 1/12/2019

Trans-Anadolu qaz kəməri (TANAP) Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək.

Britaniyalı ekspert: "TANAP Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək" Bunu Trend-ə Böyük Britaniyanın Trans-Atlantik və Qafqaz Araşdırmaları İnstitutunun direktoru Ziba Norman deyib.

O bildirib ki, Avropanın təbii qazdan asılılığı nəzərə alınsa, bu, əlamətdar hadisədir:

"Bu infrastrukturun tikintisinin başa çatması qaz tədarükü mənbələrinin şaxələndirilməsini təmin edəcək. Bu, Azərbaycan üçün müsbət hadisədir və ölkənin Türkiyə ilə sıx əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək. Türkiyə də şaxələndirmədən səmərə görən tərəf qismində iştirak edir".

Ekspert əlavə edib ki, Avropa İttifaqı təbii qazın, o cümlədən mayeləşdirilmiş təbii qazın istifadə həcmlərini artırmağa çalışır.

Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.



Fikrini bildir