SON XƏBƏRLƏR
Zərərçəkmiş: "Bizi onunla İlhamə Quliyevanın oğlu tanış edib"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Etibar Hüseynov və Çingiz İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Zərərçəkmiş: "Bizi onunla İlhamə Quliyevanın oğlu tanış edib"
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Hər iki şəxs elan olunmuş ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyiblər.

Daha sonra iclasda zərərçəkmiş Z.Məmmədova ifadə verib. O, qızı Sevinc Məmmədovanın dələduzluq ittihamı ilə həbs edildiyini və özünü vəkil kimi təqdim edən Etibar Hüseynovla danışıq apardıqlarını deyib: "Etibar Hüseynovu qardaşım oğlunun tanışının vasitəsi ilə tanımışam. Qardaşımın oğlu mərhum İlhamə Quliyevanın oğlu Orxan Nadirovun sürücüsü idi. Etibarla bizi Orxan tanış edib. Etibar bir neçə dəfə bizə gəlib. Hətta işi həll edəcəyi üçün nəvəsinin canına da and içib. Ona birinci dəfə 5 min manat pul verdim. Sonra da əlavə olaraq hissə-hissə pulları aldı. Birgə məhkəməyə gedirdik, lakin o, içəri girmirdi. Məhkəmə binasından içəri keçib, sonra da harasa gedirdi".

Z.Məmmədova məhkəmədən dəymiş ziyanın ödənilməsini tələb edib. O daha sonra qızının ev dustaqlığına buraxıldığını, lakin bu işi E.Hüseynovun etmədiyini deyib.

Prosesdə Z.Məmmədovanın qızı Sevinc Məmmədova da şahid qismində dindirilib. O bildirib ki, E.Hüseynovu heç bir məhkəmə iclasında görməyib.

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin olunub.

İttiham aktına əsasən, təqsirləndirilən E.Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq əməli törədib.

Belə ki, o, Cinayət Məcəlləsinin (CM) 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilən Əziz Hüseynovun barəsində qərarı dəyişdirəcəyini vəd edib. E.Hüseynov həmin şəxsə istintaqı aparan vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib və bu məqsədlə də ev dustaqlığında olan Əziz Hüseynovdan 3640 manat pul alıb.
E.Hüseynov bundan başqa, təqsirləndirilən Çingiz İsmayılovla qabaqcandan əlbir olaraq Vəli Məmmədova qarşı dələduzluq ediblər. Onlar Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqına baxılan Qərib Məmmədovun atası Vəli Məmmədovdan 22 min manat pul alıblar. E.Hüseynov Q.Məmmədovun işinə baxan hakimlərlə yaxın münasibətlərinin olduğunu, onun azadlığa çıxamasını təmin edəcəyini vəd edərək, V.Məmmədovu dələduzluq yolu ilə aldadaraq, pulunu ələ keçirib.

Həmçinin E.Hüseynov Zəhra Məmmədovaya da qarşı dələduzluq əməli törədib. O, həmin qadının həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edib. E.Hüseynov ibtidai istintaqı aparan şəxslərlə yaxın əlaqəsinin olduğunu söyləyib, müstəntiq və digər vəzifəli şəxslərə rüşvət vermək adı ilə Z.Məmmədovadan 18 min 600 manat pul alıb.

Daha sonra E.Hüseynov Ağatahir Zəkiyevə özünü vəkil kimi təqdim edib. O, Sabunçu Rayon Məhkəməsində CM-nin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılan A.Zəkiyevin cəzasını cərimə cəzası ilə əvəz edəcəyini vəd edib və onun yaxınlarından 7 min manat pul alıb.

E.Hüseynov və Ç.İsmayılovun barəsində CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (rüşvət vermə, aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb.


Fikrini bildir