SON XƏBƏRLƏR
GÖZÜ-KÖNLÜ TOX AĞALAR BAYRAMOV...

Yazının dərc olunma Tarixi: 16/1/2022

GÖZÜ-KÖNLÜ TOX AĞALAR BAYRAMOV...
...Bu gün onun ad günüdür.... Mən 16 yanvar 1954-cü ildə Ucar rayonunda anadan olmuş, amma bütün mənalı və məhsuldar ömrünü Azərbaycana, Azərbaycan mədəniyyətinə həsr etmiş- anadan anası Azərbaycana doğulmuş Ağalar Xanlar oğlu Bayramovu deyirəm. O, qiraət ustası yox, həm də qiraət ustadıdır, müəllimdir, aktyordur, Respublikanın Əməkdar artistidir, "Qızıl qılınc" mükafatı laureatıdır. Ən böyük mükafatı isə xalqının ona məhəbbətidir... Bu məhəbbət onu 30 illik erməni işğalına dözmüş və və günü qara edilmiş Qarabağda-əsgərlərin, hərbçilərimizin, 44 günlük Zəfər müharibəmizdə isə döyüşən-vuruşan ordumuzun yanına çəkib aparıb. Yadımdadır, hər kənd, hər rayon işğaldan-təcavüzkardan azad ediləndə və erməniləri iti qovan kimi qovub torpaqlarımızdan rədd edəndə Ağalar müəllimin bal kimi səsi-nəfəsi ilə telefonda kövrək ruh üstündə köklənərdi: "Qağa, daha nə təzə xəbər??? Şuşaya bayraq sancılacaqmı???"
Bir-birimizə hələ də inana bilmədiyimiz Şuşa zəfərinə az qaldığı təsəllisi ilə noyabrın 8-ni həsrətlə gözləmişik Ağalar müəllimlə...
***
...İnsan nə qədər közü-könlü tox olarmış. Şuşa zəfərinə iki gün qalmış döyüşdə olan bacım uşaqlarından evə ötürülən xəlvəti mesajdan dalağım cancmışdı ki, düşmənin əsrlər boyu bəslədiyi mənfur, saxta arzusuna son veriləcək- iki-üç günə. Ağalar müəllimin isə bağrı çatlayır, gündə 3-4 dəfə zəng vururdu. Özü cəbhə xəttində, Füzulidə, sonralar isə səhv etmirəmsə, Zəngilan istiqamətində ola-ola. Yer-göy titrəyirdi... Sonuncu gün Türkiyədəki dostlarımızdan biri Salih KURT-un vatsapda üstüörtülü Şuşa mesajından artıq hər şey aydın idi. Ağalar müəllim zəng vurdu, bildim ki, təzə xəbər eşitmək istəyir. Dedim, qağa, muştuluğumu ver... "Can, sənə qurban! Şuşa..." deyib sevincindən ağladığının o anı hələ də qulağımdadır... Dayandı, "Hə, nooldu?" Dedim, indicə Mədəniyyət Nazirliyindəki dostum... Sözümü yarımçıq kəsdi: "Müdafiə Nazirliyindən?" Dedim, əşşi, bir hövsələn olsun, Mədəniyyət Nazirliyindən... "Hə??? Nə dedilər ki?" Dedilər ki, Ağalar Bayramovun Xalq artistliyinə təqdimatı Prezident Administrasiyasına göndərilib, iki günə...
Səsi dəyişdi, "...Asif, mənə Şuşadan de, Kəlbəcərdən de, Xocalıdan de, Ağdamdan de... Bağrım çatladı, Xalq artisti nədir? Mənə bir ovuc azad edilmiş Şuşa torpağı versinlər!!!".
Bu, Ağalar Bayramovun Azərbaycan boyda olan ürəyinin ahəngi idi. O, Vətən sevdalısı, Vətən daşı kimi hər zaman bu yolda-Dövlətimizin möhkəmliyi, xalqımızın birliyi yolunda əsgər kimidir!
Və iki gündən sonra Şuşa alındı, Azərbaycan bayrağı Şuşada dalğalandı... Bu dəfə özüm zəng vurdum: di bu da mükafatın, arzuna çatdınmı, Ağalar müəllim!
Duruxdu, dərindən nəfəs aldı, susdu... "Deməyə söz tapa bilmir Ağalar, məni çətinə salma, qağa, qoy özümə gəlim, zəng eliyərəm...".
***
...Bu gün onun ad günüdür. Bilmirəm, mədəniyyətimizin nazirliyindən kimsə onu rəsmi dildə necə təbrik edib, amma onu bilirəm ki, Ağalar Bayramovun- Azərbaycan sevdalı bir dəyərli ustadın ad günüdür! Əslində, belə insanların ad günü elə mədəniyyətimizin günüdür!
Gününüz mübarək, Ağalar Bayramov! Sözün Şuşa, Qarabağ, Zəngəzur... mənasında desəm, bəli, sizin üçün ən böyük mükafat 30 ildir sinəmizdə-Qarabağda at oynatmış erməni mənfurların qovulduğu o müqəddəs torpaqlardan bir ovuc torpaq, bir dəstə bənövşə... sizin üçün dünyanın ən böyük mükafatıdır!
Asif Mərzili



Fikrini bildir