SON XƏBƏRLƏR
İLHAM QASIMOV HƏBSDƏN EVƏ BURAXILIB?! - YENİLƏNİB

Yazının dərc olunma Tarixi: 19/3/2018

"İlham Qasımovu burada niyə axtarırsınız, o, artıq evə buraxılıb, gedin onu evində axtarın"
İLHAM QASIMOV HƏBSDƏN EVƏ BURAXILIB?! - YENİLƏNİB
12 il həbs cəzası alan "Sahil-D” və "Real” MTK-ların sahibi İlham Qasımov ev dustaqlığına buraxılıb.

Bu barədə Pravdainfo.org-a iş adamının əməllərindən zərərçəkən, adının çəkilməsini istəməyən sakinlərdən biri məlumat verib. Zərərçəkənin sözlərinə görə, İlham Qasımovun ev dustaqlığına buraxılması xəbərini Baş Prokurorluqda eşidib: «Bu ğun Baş Prokurorluğa getmişdim. Prokurorluğun işçilərindən biri mənə dedi ki, İlham Qasımovu burada niyə axtarırsınız, o, artıq evə buraxılıb, gedin onu evində axtarın».

Məlumatı dəqiqləşdirmək üçün Pravdainfo.org-un əməkdaşlarının iş adamının özü və yaxınları ilə əlaqə yaratmaq cəhdi hələlik alınmayıb. İ.Qasımovun evə buraxılması barədə məlumatı dəqiqləşdirməyə çalışacağıq.
***
Xəbər verdiyimiz kimi, bu il martın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan iş adamı İlham Qasımovun bacısı oğlu, dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sahil Cahangirli və 1987-ci il təvəllüdlü Anar Əşrəfovun məhkəməsi keçirilib.

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə baş tutan sözügedən baxış iclasında prokuror ittiham aktını elan edib.

Belə ki, Sahil Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib. Anar Əşrəfov da MTK-da vəzifə tutub. Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə, yəni vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, rəsmi sənədləri saxtalaşdırmaqla MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər. Lakin hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmişlər ifadə verib. Nüşabə Rüstəmova deyib ki, evini 83 min manata sataraq "Real" MTK-dan ev alıb: "Şirkətin işçisi Şahinə dedim ki, bax bu şirkət haqda belə sözlər eşitmişəm, problem olmasın sonra. Dedi ki, özün bilirsən, bizim rəhbərimiz həbsdədir, ona görə daha burda qanunsuz işlər olmur. Birlikdə Sahilin yanına getdik, 90 min verdim. İndi 50 min qaytarıblar. Makler Şahin Həsənov da tutulub, onunla üzləşmişəm".

Hakim bildirib ki, istintaq materiallarında N.Rüstəmovaya 75 min manat qaytarılması barədə sənəd var və həmin sənəddə N.Rüstəmovanın imzası var. Lakin zərərçəkən həmin imzanın ona məxsus olmadığını deyib və ekspertiza keçirilməsini istəyib.

Şahin Alıxanov deyib ki, atasından miras qalan mülkü satıb: "İnternetdə makler vasitəsilə Sahili tapdım. Ev dəyərindən ucuz idi, 112 min manata razılaşdıq. Niyə ucuz olduğunu soruşdum, dedilər, Mayıl Səmədovun dayısı bu binanın tikilməsinə beton verib. Onun əvəzində, mənzillər Mayıla verilib. Mən 110 min manatı Mayıla verdim, qalanını da maklerə. Sahildən də neçə dəfə soruşdum ki, mənzilin problemi yoxdur ki? Dedi, yox. Bir müddət sonra evi təmir etmək üçün gələndə gördüm qapının kilidi dəyişdirilib. Bu günə kimi mənə 80 min ödənilib".

Sevinc Qurbanova bildirib ki, evinin başqasına satılmasını Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən məlumat verilib: "Evi qaytarıblar, amma bilmirəm bir ay sonra yenə kimsə çıxıb deyəcək ki, ev mənimdir?"

Tağı Hüseynov deyib ki, S.Cahangirlinin göstərişi ilə 13 nömrəli notariusda MTK əməkdaşı Şahinə 30 min manat verib: "Sənədlərin düzəldilməsi üçün də 2 min manat ödədim. Heç 1 qəpik də ödənilməyib. İndi evimi versinlər".

Səbuhi Xəlilov isə 100 min manat ödədiyini bildirib: "20 min borcum qalmışdı, MTK-ya gedib borcumu ödəyib təmirə başlamaq istəyəndə işi uzatdılar. Müqaviləni Sahillə imzalamışdıq. Evə də 5 min manatlıq material alıb qoymuşdum, qapı da qoydurmuşdum. Qapının "zamok"unu sındırıb materialları da aparmışdılar. Puldan da heç nə qaytarmadılar".

***

Xatırladaq ki, "Real" MTK-nın rəhbəri İlham Qasımov milyonçu şair Gülağa Tənhanın şikayəti əsasında həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 12 ilə endirib.
Onu da qeyd edək ki, İ.Qasımov həm də "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb.

Məsələ ilə bağlı saytımıza daxil olan məlumatda vurğulanır ki, Sahil Cahangirli ilə bərabər “Real» MTK şirkətinin baş mühasibi Adilağa Hüseynov barəsində cinayət işi açılmasına baxmayaraq, məhkəmə İlham Qasımovun bacısı oğlu haqqında həbs qəti imkan tədbiri seçib. Sahil Cahangirli haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 10-a yaxın mənzilin təkrar şəxslərə satılması və üst-üstə külli miqdrada vəsaiti mənimsəməsi ilə bağlı şikayətlər edildiyi deyilir. Bildirək ki, dələduzluğa görə həbs edilən iş adamı İlham Qasımov məhkəmə prosesində dəfələrlə qeyd etmişdi ki, “Real» MTK-da həyata keçirilən mənzil alverlərindən onun xəbəri olmayıb. Bu işləri bacısı oğlu olan baş direktor Sahil Cahangirli və baş mühasib Adilağa Hüseynov həyata keçiriblər.

Məlumatda o da bildirilir ki, “Real» MTK-da eyni mənzillərin təkrar satılmasını Sahil Cahangirli yox, hazırda həbsdə olan İlham Qasımovla baş mühasibi Adilağa Hüseynov ediblər. Sahil Cahangirli şirkətin baş direktoru olduğu üçün alğı-satqı müqavilələrinə qol çəkərək, sadəcə, məsuliyyət altına girib.

Daha ilginc məsələ, 12 il həbs cəzası alan "Sahil-D” və "Real” MTK-ların sahibi İlham Qasımovun ev dustaqlığına buraxılması ilə bağlıdar. Bu barədə isə iş adamının əməllərindən zərərçəkən şəxslər məlumat verib.

Məlumata görə, vətəndaşlara külli miqdarda ziyan vurmaqda təqsirili bilinən İ.Qasımovun həbsdən ev dustaqlığına buraxılması prosesinə hazırlığa başlanılıb. Belə ki, İlham Qasımov bir müddət xəstəlik bəhanəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin hospitalında qalıb. Sonra cəzaçəkmə müəssisəsinə göndərilib. Nədən ki, guya onu yenidən xəstəliyinin şiddətlənməsi bəhanəsi ilə Penitensiar Xidmətin hospitalına qaytaracaqlar. Burada da bir müddət qaldıqdan sonra məhkəməyə vəsatət verərək, onun xəstəliyinin dözülməz olduğunu əsaslandırıb ev dustaqlığına buraxılmasına çalışacaqlar…

Onu da bildirək ki, İlham Qasımov həbs olunmamışdan əvvəl Diaspor Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovla yaranan pul davası və məhkəmə çəkişməsi ilə də gündəmə gəlmişdi.

Pravdainfo.org



Fikrini bildir