SON XƏBƏRLƏR
GENERAL CAVANŞİR MƏMMƏDOVA MƏXSUS RESTORAN «PRİTON»LUQ EDİR?

Yazının dərc olunma Tarixi: 13/4/2018

Bu iaşə obyektinin DİN generalı Cavanşir Məmmədova məxsus olduğu iddia edilir
GENERAL CAVANŞİR MƏMMƏDOVA MƏXSUS RESTORAN «PRİTON»LUQ EDİR?
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədovun təqaüdə çıxdıqdan sonra Avropaya köçməsi ötən həftə ölkə mediasının gündəmini məşğul edən mövzulardan idi.

Bu barədə mətbuatı məlumatlandıran mənbənin sözlərinə görə, hazırda Fransada yaşayan general orada özü üçün biznes strukturları yaradıb.

Məlumatda C.Məmmədovun restoran və digər sahələrlə məşğul olduğu bildirilir. DİN generalının Fransaya yatırdığı sərmayənin təxminən 20 milyon avro civarında olduğu da deyilir.

Sözügedən məlumatın dərcindən sonra redaksiyamıza DİN generalı ilə bağlı maraqlı məlumatlar daxil olub. Belə ki, redaksiyamızın poçtuna göndərilən fotoşəkillərdəki obyektlərin DİN generalı Cavanşir Məmmədova məxsus olduğu iddia edilir. Obyektlərdən biri Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Sülh küçəsi 198-212 ünvanındakı yaşayış binalarının həyətində yerləşən ikimərtəbəli tikilidir ki, birinci mərtəbə «OBA» ticarət mərkəzi, ikinci mərtəbə isə kafe kimi fəaliyyət göstərir.

Digər obyektlər də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindədir. Söhbət Nazim İsmayılov 237-241 ünvanında fəaliyyət göstərən «İsa bulağı» restoranından və «Moyka»dan gedir. Məsələ ondadır ki, Sabunçu rayon Polis İdarəsinin bir addımlığındakı bu restoranın «çirkin maraqlar» ucbatından «priton» kimi də fəaliyyət göstərdiyi bildirilir. Məlumatda o da bildirilir ki, vaxtilə «Romi» adıyla fəaliyyət göstərən bu retoran sonralar «Maestro», hazırda isə «İsa bulağı» adı ilə «müştərilərin xidmətindədir».

«Məgər «İsa bulağı» restoranının reallıqda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsindən Sabunçu rayon polisinin xəbəri yoxdur? Yoxdursa, biz ünvanı göstəririk, zəhmət çəkib tədbir görsünlər. Çünki insanları mənəviyyatsızlıq girdabına sürükləyən bu restoran ölkəmizin gələcəyini təhlükə altına alır, cəmiyyətdə isə əxlaqsızlıq toxumu səpir. Bu iaşə obyektini işlədənin belə xoşagəlməz və cinayət əməli cəmiyyətə meydan oxumaqdan başqa bir şey deyil», - deyə mənbə narahatlığını bildirir.

Biz isə şikayəti ictimailəşdirməklə əminik ki, Sabunçu polisinin gözü qarşısında fəaliyyət göstərən, DİN generalı Cavanşir Məmmədova məxsus olduğu bildirilən «İsa bulağı» restoranı ilə bağlı müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Cavanşir Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib.

Xatırladaq ki, Cavanşir Məmmədov təxminən il yarım əvvəl təqaüdə göndərilib

Faktla bağlı əməkdaşlarımız tərəfindən ərazidə araşdırma aparılır. Qarşı tərəfi də dinləməyə hazırıq. (tezadlar.az)



Fikrini bildir