SON XƏBƏRLƏR
"Bəlkə hicabsız qadınlar öldürülməlidir?" - VİDEO

Yazının dərc olunma Tarixi: 11/9/2018

"Bəlkə hicabsız qadınlar öldürülməlidir?" - VİDEO
Seyid Taleh Boradigahi: "Bu, xəvaritçi, İŞİD, vəhabi düşüncəsidir"

Bu gün Hicri təqvimi ilə Məhərrəm ayı başlayır. Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayının ilk günüdür. Bu ayın 10-cü günü - Aşura sentyabrın 20-nə təsadüf edəcək. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Hər il olduğu kimi, bu il də Azərbaycanın bir sıra Əhli-Beyt (ə) məddahları müxtəlif ölkələrdəki əzadarlıq mərasimlərinə dəvət olunublar.

Belə Əhli-Beyt (ə) məddahlarından biri də “Azərbaycan qrupu”nun rəhbəri Seyid Taleh Boradigahidir.

Onu ictimaiyyətə geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki oxuduğu mərsiyə və rövzələr, eyni zamanda İslam dininin görkəmli şəxsiyyətlərinə həsr etdiyi mahnıları ilə məşhurlaşan Seyid Taleh Boradigahi, nədənsə, sosial şəbəkələrdə davamlı olaraq tənqid hədəfinə tuş gəlir. Oxuduğu mahnılar, söylədiyi sözlər sosial şəbəkələrdə müzakirə olunur, hətta dini gözdən salmaqda günahlandırılır. Onun neçə ay öncə klarnet, nağara və digər bu kimi musiqi alətlərinin müşayiəti ilə İslam Peyğəmbərinə həsr olunmuş mahnıları, eləcə də Həzrəti Əli haqqında oxuduqları da bəzi insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Seyid Taleh Boradigahinin son mərsiyyələrindən "Dərdlərə dərman Hüseyn" klipi də qalmaqala səbəb olub. Bu barədə yalnız "Təzadlar"a geniş açıqlama verən Seyid Taleh söhbət zamanı digər sualları da cavablandırıb.

- Taleh bəy, görüşümüz Məhərrəm ayının başlanmasına təsadüf edir. Məhərrəmlik mərasimlərini İmam Hüseynin (ə) şəninə uyğun tərzdə qeyd etmək üçün nə kimi hazırlıq görmüsünüz?
- Bəli, doğrü buyurursunuz, artıq Məhərrəm ayının astanasındayıq. İki ay ölkəmizdə toy mərasimləri təxirə salınacaq. Peyğəmbərimizin əziz nəvəsi İmam Hüseynin (ə) hörmətinə, şəhidlərimizin ruhuna dualar oxunacaq. Müstəqilliyimiz uğrunda canlarını, həyatlarını fəda edən şəhidlərimiz İmam Hüseynin (ə) şəninə uyğun keçirilən mərasimlərdə yad olunacaqlar. Mən də elə bu münasibətlə Turkiyəyə gedirəm. İstanbulun ən böyük Aşura mərasimində, yüz minlərlə insanın, dövlət xadimlərinin, hətta ölkə prezidentinin iştirak etdiyi tədbirdə iştirak edəcəyəm. 10 ildən artıqdır ki, Türkiyədə YUNESKO tərəfindən örnək matəm kimi qiymətləndirilən proqrama rəsmi dəvət olunuram. Hətta adı “Ginnessin rekordlar kitabı”na düşən teatrımız var ki, həmin möhtəşəm mərasimdə 10 ildir iştirak edirəm.

- Türkiyəyə rəhbərlik etdiyiniz qrupla birlikdə gedirsiniz?
- Xeyr, tək gedirəm. Bu il kiçik qardaşım Seyid Peyman dəyərli ilahiyyatçı-alim Hacı Şahin Həsənli ilə "Məşədi Dadaş" məscidində, ortancıl qardaşım Seyid Fariq isə Almaniyanın paytaxtı Berlin şəhərindəki "İmam Cəfər Sadiq (ə) Məscidi"ndə əzadarlıq edəcəklər. Bir də ki, Məhərrəm ayı ilə əlaqədar əziz, dəyərli izləyicilərimə, İmam Hüseyn (ə) dostlarına, aşiqlərinə yeni "Dərdimə dərman Hüseyn" adlı klipimi təqdim etmişəm. Vaxtilə Təbrizdə bir xanəndə İmam Hüseynə (ə) aid bir mərsiyəni orkestrlə oxumuşdu. Mən də simfonik orkestrlə İmam Hüseyn (ə) ağa üçün musiqisi özümə məxsus olan Azərbaycansayağı, milliliyimiz hiss olunan bir gözəl bəstə, əsər ərsəyə gətirmişəm.

- Ancaq digər mahnılarınız kimi, bu klip də bəzi insanlar tərəfindən birmənalı qarşılanmayıb.
- Bilirsiniz, ümumiyyətlə, hər kəsi razı salmaq mümkün deyil. Çünki imamlarımızdan, peyğəmbərlərimizdən də hamı razı qalmayıb, nəinki mənim kimi sıradan bir adamdan hər kəs razı qalsın. Həmin klip tək gücümlə üç aya ərsəyə gəlib. Yəni kənardan heç bir dəstək olmadan bu işin öhdəsindən gəldim. Mən bir Əhli-Beyt (ə) məddahıyam. Həyatımı bu işə həsr etmişəm. Bəzi adamları razı salmayan odur ki, niyə orada başqa musiqi alətləri var, simfonik orkestr müşayiət edir? Halbuki musiqi bizim dinimizdə qətiyyətlə qadağan olunmayıb, haram hesab edilməyib. Düzdür, haram deyən müctəhidlər də olub, icazə verənlər də. Amma o musiqi ki, insanı Allaha bağlayır, imamdan, peyğəmbərdən bəhs edir, vətənpərvərlik ruhunda ifa olunur, necə haram sayıla bilər? Ona necə qadağan damğası vura bilərlər?

- Belə bir klipin çəkilməsi ideyası kimdən gəldi?
- Simfonik orkestrlə İmam Hüseyndən (ə) bəhs edən bu cür klip çəkdirmək ən böyük arzularımdan biri idi. Ona görə də bu barədə heç kimdən təklif almadım. Məsciddə mərsiyə oxuyub sinə vurmağımızı, əzadarlığımızı yalnız dindar təbəqə qəbul edir. Ancaq bu klip dünya səviyyəli bir işdir. O insanlar ki, İmam Hüseyn (ə) üçün sinə vurub ağlayırlar, deməli, onların içində bir İmam Hüseyn (ə) dərdi var. Qarabağ şəhidlərimizin cənazəsi gələndə anaları heç vaxt “oğlum” deyib ağlamayıblar, elə "Şah Hüseyn, vay Hüseyn" deyərək sinə vurub, fəryad ediblər.

- Bəzi insanlar klipdə xanımların hicabsız olmasını irad tuturlar.
- Bunu hansı ağılla irad tuturlar, başa düşə bilmirəm. Məgər o irad tutanların ailəsində hicabsız xanım yoxdur? Bəlkə hicabsız qadınlar öldürülməlidir? Bu, xəvaritçi, İŞİD, vəhabi düşüncəsidir. Əfsuslar ki, belələri bu gün bizim aramızdadırlar. Düzdür, hicab vacibdir, ancaq seçim bəndə ilə Allahın arasında olan öz işidir. Namaz vacibdir, çünki bir insan namaz vaxtı Allahla rabitədə olur, ancaq kimisə namaz qılmağa məcbur etmək olmaz. Klipdəki xanımlar hicabsız olsalar da, onların içində İmam Hüseynə (ə) bir məhəbbət var və o, məhhəbətini oradakı iştirakı, ifası ilə göstərir. Hər kəs İmam Hüseynə (ə) məhəbbətini bir cürə göstərmək istəyir. Biz klipdə kamil hicab formasını da nümayiş etdirmişik. Xanımların geyimini müzakirəyə çıxarırlar. Heç eyib deyilmi? Sənin ailəndə, nəslində o cür geyinənlər yoxdurmu? Eyib deyilmi ki, sən namuslu bir xanımın ünvanına nalayiq sözlər işlədirsən? Həmin xanımların özləri, ailələri nə qədər narahatlıq keçirirlər. Mənim ünvanıma şər-böhtan yağdıranları öz vicdanlarının öhdəsinə buraxıram. Ancaq klipdəki insanlar nahaqdan təhqir hədəfinə çevriləndə çox məyus oluram, sıxılıram. Bu, nə deməkdir, bu, nə tərbiyəsizlikdir? Sanki insanları təhqir etməkdən, sındırmaqdan zövq alırlar. Bunu dinlə, dindarlıqla bağlamaq olmaz. Amma nə edəsən ki, bəzi insanlar İslam adı altında kimlərinsə diktəsinə boyun əyirlər. Dindarlıq təkcə dini ayinləri icra etmk deyil. Mən də dindaram. Mənim kimi minlərlə dindarlar var ki, bizim baxış tərzimiz tamamilə fərqlidir. Mənim uşaqlıqdan indiyədək nə qəza namazım olub, nə də qəza orucum. Özüm din ocağında böyümüşəm, tərbiyə almışam. Hicablı da, hicabsız da mənim bacımdır. Klipdəki ürəyində İmam Hüseynə (ə) məhəbbəti olan o hicabsız bacımın ayağının tozuna qurban olsun alnı qabarlı xəvarit düşüncəlilərin milyonu. Olmaz belə, insanın şəxsiyyətinə toxunmaq haqqını onlara kim verib?

- Taleh bəy, hər bir təqdimatınız qalmaqal yaradır. Bunun səbəbi nədir?

- Uğurlu işlərimizə olan paxıllıq və gözügötürməzlikdir, başqa izahı yoxdur. İnanın, bu klipi dünyanın o biri ucunda başqası çəksəydi, bəh-bəhlə tərifləyib paylaşardılar. Klipdə o kiçik qızın qolunda zənciri görüb heç yanan olmadımı? Yaxud, oxun atılması, bir atanın öz övladının əlindən tutub şəhildik məqamını göstərməyə aparması bir işarədir. Allah hər birimizə vətənimiz, dinimiz, millətimiz uğrunda şəhidliyi qismət eləsin. Bu ucalıqdan daha ötəsi yox.

- Qarabağ şəhidlərimizə həsr olunan bir layihə həyata keçirməyi düşünürsünüzmü?
- Mən şəhid məclislərindən kənarda qalan insan deyiləm. Bütün şəhid mərasimlərində canla-başla iştirak edirəm. Allah da bilir ki, şəhidimiz olanda axtarıb ünvanı tapıb məclisinə gedirəm. Bu barədə sosial şəbəkədə də paylaşmışam ki, "Dərdlərə dərman Hüseyn" klipinə çəkilən xərci kollektiv olaraq Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz ruhuna hədiyyə etmişik. Eyni zamanda, inşallah, məhz Qarabağ müharibəsində şəhid olan qəhrəman oğullarımızın xatirəsinə uyğun iş görəcəyik. Allah bunu bizə nəsib etsin. Təsafdüfi deyil ki, musiqi kollektivimizin də adı "Azərbaycan qrupu"dur. Yeganə kollektivik ki, toy məclislərində Azərbaycanımızın üçrəngli bayrağını qaldırır, vətənpərvər ilahilər oxuyuruq. Özümüzdən kiçik nəslə vətənpərvər ruhunda böyümələrini təbliğ etməyə çalışırıq.

- Taleh bəy, söhbətimizi ənənəvi sualla yekunlaşdırmaq istəyirəm: bu Məhərrəm ayında xalqımıza arzularınız...
- Xalqımıza arzulayıram ki, Məhərrəm ayında məscidlərə getsinlər, ibadətlə məşğul olsunlar, şəhidlərimizi yad eləsinlər, İmam Huseyn (ə) üçün göz yaşı töksünlər. Həmişə olduğu kimi, Aşura günündə vəhdət halında bir yerdə cəm olsunlar. Mənim xalqım dəyərli xalqdır, ən pisinə belə qurban olum. Onun bir telini dünyaya dəyişmərəm. Nə yaxşı ki, dəyərli, qədirbilən, İmam Hüseyni (ə) sevən xalqım var. Allah xalqımı, dövlətimi, millətimi xətadan, bəladan uzaq eləsin, İnşallah!

Elbar ŞİRİNOV
(tezadlar.az)



Fikrini bildir