SON XƏBƏRLƏR
"Hafka" qalmaqallı iş adamından 23 milyon tələb edir – ŞOK İDDİALAR

Yazının dərc olunma Tarixi: 26/10/2018

“Hafka” kimi tanınan məşhur iş adamı Hafiz Məmmədov müflis duruma salınmasından səbəblərindən biri haqda bu günlədə haqqin.az saytına sensasion fakt açıqlayıb. Bildirib ki, onun şirkətinin dövlət dəstəyi hesabına ölkəyə idxal etdiyi sərnişin avtobuslarından bir hissəsini “Xaliq Faiqoğlu” MMC şirkəti (Bakıda sərnişindaşıma ilə məşğuldur) götürüb, amma pullarını verməyib. Söhbət bu şirkətin rəhbəri Faiq Xaliqoğlunun “Hafka”ya olan və bu günə qədər ödənilməmiş qalan 23 milyon dollar borcundan gedir.
"Hafka" qalmaqallı iş adamından 23 milyon tələb edir – ŞOK İDDİALAR
Hafiz Məmmədov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun mafiyası tərəfindən necə talandığı və müflis duruma salındığı barədə epizodlardan birini belə nəql edir: “Elə bu yaxınlarda bakılılar Koreydan alınan yeni “Daewoo” avtobuslarını sevinclə qarşıladılar. Amma az adam xatırlayır ki, həmin avtobusları “City Bus” və “Logistik” şirkətləri idxal etmişdi, “Baghlan Group” holdinqinə məxsus olan “Trangeyt” şirkəti isə bilavasitə sərnişindaşıma fəaliyyəti ilə məşğul olurdu. Dövlətin köməyi ilə bu markadan olan xeyli avtobus ölkəyə gətirildi, “Transgeyt” avtobuslardan bir hissəsini başqa şirkətlərə verdi ki, onlar nəqliyyat vasitələrini istismar edib əldə etdikləri vəsait hesabına bu avtobusların pullarını ödəsinlər”.

“Hafka” nəql edir ki, belə şirkətlərdən biri qalmaqallı iş adamı, adı əvvəllər də Eldar Mahmudovun qruplaşmasında hallanan Faiq Seyidova məxsus olan “Xaliq Faiqoğlu” MMC (oğlunun adını daşıyır) idi. Belə ki, H.Məmmədovun gətirdiyi avtobuslar hələ də bu şirkətə məxsus marşrutlarda işləyir.

Şirkətin rəhbəri Faiq Seyidov (Xaliqoğlu) “Transgeyt” şirkətindən təxminən 23 milyon dollar dəyərində avtobuslar götürüb. “Hafka”nın bildirdiyinə görə o, 10 milyon dollar dəyərində avtobusları öz şirkətinin adına rəsmiləşdirib. Qalanlarını isə yaxın adamlarının adlarına keçirdib. Belə ki, F.Seyidov yaxın adamı Şahnisə Məmmədovanın “Transgeyt”dən aldığı avtobuslara görə 3 milyon dollarlıq borc öhdəliyinə təminat verib, ayrıca olaraq Ş.Məmmədovanın “Kənan” MMC, “Uğurlu” MMC və “Transkontrol” MMC adlı firmalarının müvafiq olaraq 2 , 1.5 və 4 milyon dollarlıq borclarının ödənilməsi üçün təminatçı qismində çıxış edib.

Lakin Faiq Seyidov və adamlarının götürdükləri avtobusların pulları ödənilməyib-nə o vaxt, nə də illər keçəndən sonra.

“İndi isə mən öz mühasibatlıq sənədlərimi diqqətlə gözdən keçirəndə görürəm ki, bütün bu əməliyyatlar qanunsuz şəkildə, bizim həm “Transgeyt” şirkətində, həm mənə məxsus olan “Bank of Azerbaijan”da işləyən bəzi əməkdaşları da cinayətkar sövdələşməyə cəlb etməklə həyata keçirilib. Belə ki, müvafiq protokollardan heç birində bankın müşahidə şurasının rəhbərinin, yəni mənim imzam yoxdur. Və ən başlıcası “Bank of Azerbaijan”ın müşahidə şurasının Faiq Xaliqoğluna verilən kreditlər üzrə sonuncu protokolunda (2015-ci ilin sentyabrı) da bankın müşahidə şurasının sədrinin imzası yoxdur” - Hafiz Məmmədov danışır.

“Hafka” bildirir ki, müşahidə şurasının həmin protokolunda Faiq Xaliqoğlunun kredit borcunun qaytarılması müddətinin 2018-ci ilə qədər uzadılmasından bəhs edilir.

“Yeri gəlmişkən, həmin 2015-ci ildə ləğv edilmiş MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun yaxın qohumu “Transgeyt” şirkətinin qarajına açıq-aşkar hücum çəkdi. Nəticədə şirkətin bütün marşrutları Faiq Xaliqoğlunun əlinə keçdi” - “Hafka” bildirir.

Faiq Xaliqoğlu “Baghlan Group” şirkətinin ilk müştərilərindən biridir. Şirkət əvvəlcə “Daewoo” avtobusları ilə başlayıb, daha sonra ölkəyə “İsuzu” markalı daha 200 avtobus gətirib. Bu avtobusların da pullarını “Bank of Azerbaijan”ın kreditləri hesabına ödəyib. Nəticədə Faiq Xaliqoğlunun şirkətinə məxsus yüzlərlə avtobus Bakı küçələrində sabahdan axşama qədər sərnişin daşıyır. Hər avtobusdan onun gündəlik təmiz gəliri azı 150-200 manatdır. Və bu, 10 ildir davam edir.

Beləliklə, “Hafka” deyir ki, Faiq Xaliqoğlu sərnişindaşımadan sanballı gəlir götürür və bu gəlirlərin bir hissəsini ona olan kredit borcunu qaytarmağa sərf edə bilər. Amma bunu etmir.

“Bundan əlavə, bizim şirkətlərdən biri ölkənin banklarından birinə 1.7 milyon dollar borclu idi. Biz “Xaliq Faiqoğlu” MMC ilə müqavilə bağladıq ki, o bizə olan borcunun bir hissəsinin əvəzində həmin pulları banka ödəsin. İllər keçdi, amma pul ödənilmədi. Bu cür müştərilərin sayəsində həmin bank artıq bağlanıb, sahibi isə kredit alıb qaytarmayan müştəriləri axtarmağa və borc barədə xatırlatmağa məcburdur” -Hafiz Məmmədov deyir.

“Hafka”nın bildirdiyinə görə, Faiq Seyidov özü hər yerdə deyir ki, onun borcu cəmi 1,7 milyon dollar idi. Və bu pulları Hafiz Məmmədova çoxdan qaytarıb. Lakin o, 23 milyon dollar borcundan cəmi 3 milyon dollar qaytarıb. “1,7 milyon dollara gəldiksə isə xatırladıram ki, həmin pul onun bizim şirkətlərdən biri qarşısındakı borcu idi. Yəni bu adamın əsas borcu bu günə qədər ödənilməyib. Heç olmasa mənim bu çıxışımdan sonra nəqliyyat maqnatının yaddaşının oyanacağına və borcumu qaytarmaq barədə düşünəcəyinə ümid edirəm. Biz ona 23 milyon dollarlıq borc barədə sənədləri təqdim edə bilərik, amma əmin deyiləm ki, Faiq Seyidov həmin pulları bizə ödədiyi haqda qəbzlər təqdim edə bilsin” - H.Məmmədov deyir.

Xatırladaq ki, Faiq Seyidov ötən iş adamı Azadxan Xanmmədovla daşınmaz əmlak münaqişəsi ilə gündəmə gəlmişdi. Bu münaqişə Azadxan Xanməmmədovun həbsi ilə nəticələnib. Xanməmmədovun vəkilləri bildirirdi ki, Faiq Seyidov iş adamının mülkiyyətində olan daşınmaz əmlakdan 5 ildən çoxdur supermarket kimi istifadə edib, icarə haqqı da ödəməyib və üstəlik obyekti boşaltmaqdan imtina edib. A.Xanməmmədov “Riyad” mühafizə şirkəti ilə obyektinin mühafizəsinə dair müqavilə bağlayıb mülkiyyətinə sahib çıxmaq istəyəndə F.Seyidovun adamları ilə münaqişə baş vermişdi. Və Seyidovun şikayəti əsasında A.Xanməmmədov həbs edildi.

Daha sonra üzə çıxdı ki, Faiq Seyidovun oğlu 2014-cü ildə Bakıda Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabitini avtomobillə vurub. Zabit aldığı xəsarətlərdən hospitalda keçinib. Amma iş adamı ərköyün övladını cinayət məsuliyyətindən yayındırmaq üçün zabitin “xəstəliklər nəticəsində öldüyü” barədə rəy alıb. Ötən il bu məsələ ilə bağlı yeni sənədlər açıqlanandan sonra hüquq-mühafizə orqanları ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini təzədən araşdırmağa başlamışdılar.



Fikrini bildir
TƏQVİM
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31