SON XƏBƏRLƏR
Mirvari Qəhrəmanlıdan SOCAR-la bağlı sensasion açıqlama

Yazının dərc olunma Tarixi: 28/2/2019

"Baş verə biləcək hər hansı xoşagəlməz hadisələrə birbaşa ADNŞ məsuliyyət daşıyacaq"

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlının bu günlərdə özünün "facebook" səhifəsində dənizdə çalışan neftçilərin sosial şəraitinin dözülməz olması ilə bağlı status və fotoşəkillər paylaşması barədə məlumat vermişdik.

NHMT rəhbəri M.Qəhrəmanlıdan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə ünvanladığı status-müraciətinə qarşı tərəfin reaksiyasını öyrənmək istədik.

M.Qəhrəmanlı dünən dənizdə çalışan 160 nəfər neftçinin imzası ilə 15 günlük iş qrafikinə keçirilmələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət məktubu göndərdiyini bildirdi:


- İndi həmin məktuba cavab gözləyirik. Eyni zamanda, neftçilərin şikayət ərizəsi Prezident İlham Əliyevə də göndəriləcək. Ona görə ki, necə deyərlər, qaradan artıq rəng yoxdur. Qarşı tərəfin məsələyə reaksiyasına gəlincə, təəssüf ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə ünvanladığım status-müraciətlə bağlı hər hansı rəsmi reaksiya yoxdur. Əksinə, yuxarı səviyyədə işçiləri qorxudurlar ki, səslərini çıxarsalar ixtisar ediləcəklər. Hətta bütün idarələrə qəti göstəriş veriblər ki, kimisə mənim "facebook" səhifəmdə, ofisimdə, yaxud yaxınlığımda görsələr, kiminsə mənə şikayət etdiyini eşitsələr, qeyd-şərtsiz dərhal işdən azad edəcəklər.

Məsələ ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovla iki dəfə telefonda danışmışam, ətraflı məlumat vermişəm. Bildirdim ki, əgər o insanlar dənizdə 15 gün qalsalar öləcəklər. Dedi ki, baxarıq, ancaq ondan da hələ ki, cavab yoxdur.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə də müraciət etmişəm, fotoşəkilləri də göndərmişəm. Çünki Əmək Məcəlləsinin 309-cu maddəsinə görə, işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir. Eyni zamanda, həmin məddədə bildirilir ki, işəgötürən və əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar ittifaqlarının bu Məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir. Ancaq buna baxmayaraq, onlardan da heç bir reaksiya yoxdur. Belə çıxır ki, Həmkarlar İttifaqı işçilərin vəziyyətinin ağırlaşması ilə razılaşır. Sözün düzü, vəziyyət təsəvvür etdiyimizdən də ağır və dözülməzdir. Məsələ ondadır ki, bu problemi qabardan, ictimailəşdirən yalnız "Təzadlar" qəzetidir, qalanları susur. Çünki SOCAR-ın yüksək vəzifəli şəxslərindən birinin işi ancaq mətbuata nəzarət etməkdir. Ona görə də problemi yetərincə ictiamiləşdirmək mümkün deyil. Mən "facebook" səhifəmdə yalnız bir neçə fotoşəkil paylaşmışam. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə çox fotoşəkillər göndərmişəm. Artıq sabahdan, yəni martın 1-dən işçilərə 15 günlük iş qrafiki tətbiq ediləcək. Ona görə də bəri başdan bildirmək istəyirəm ki, baş verə biləcək hər hansı xoşagəlməz hadisələrə birbaşa Azərbaycan Dövlət Neft Şirkəti məsuliyyət daşıyacaq.

Bildiyiniz kimi, bir ara dövlət qurumları xidməti avtomobillərin sayını azaltmağa başladı. Ancaq SOCAR xidməti avtomobillərin sayını azaltmaq əvəzinə, gəmilərin sayını azaltmaq niyyətindədir. Çünki həmin xidməti avtomobillər dövlətdən çox, məmurların ailələrinə, qohumlarına, hətta katibələrinə xidmət edir. Əgər platforma və əlahiddə özüllərin təmirinə ayrılan vəsaitin hara və necə xərclənməsi xüsusi komissiya tərəfindən yoxlanılsa, təsəvvür edirsiniz ortaya nələr çıxar? Hətta burada baş verən ölüm hadisələri belə gizlədilir. Ona görə ki, bunun hamısının kökündə vəsait durur. Yəni, o vəsaitin düzgün xərclənməməsi. Bir məqamı da qeyd edim ki, 2017-ci ildə SOCAR-a sosial xərclər üçün 216 milyon manat vəsait ayrılıb. Hesabatda isə, 219 milyon manat göstərilir. Bəs bu qədər vəsait hara xərclənib? Bax, vəziyyət belədir.

- Mirvari xanım, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı vəziyyətlə bağlı monitorinq aparmaq, yaxud mediatur təşkil etmək planlaşdırmır ki?
- Bildiyiniz kimi, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən şiddətli yanğın 32 nəfər işçinin həyatına son qoydu. Ancaq heç kim cəzalandırılmadı. Daha sonra 2016-cı ildə N.Nərimanov adına NQÇİ-nin platformasında baş verən qəzada 10 neftçi həlak oldu. Amma bütün bunların fonunda məsuliyyətə cəlb edilən olmadı. Biz bu məsələləri qabartdıqca, cəmiyyətə açıqladıqca, ictimailəşdirdikcə SOCAR-da bəzi məmurlar ünvanıma açıq təhqirlər yazdırırlar. Jurnalistlərin dənizdəki özüllərə getməsinin isə müxtəlif bəhanələrlə qarşısını alırlar. Ona görə də dənizdəki özüllərdə baş verən ölüm hadisələri ictimaiyyətdən gizlədilir. Bu səbədən də təklif edirəm ki, SOCAR-ın bütün idarələrində ciddi yoxlamalar aparılmalıdır. Mən deyərdim ki, neftçinin bu şəraitdə 15 günlük iş qrafikinə keçirilməsi cinayətdir. Əgər bu məsələ ciddi həllini tapmasa, məhkəməyə müraciət edəcəyik.

E.ŞİRİNOV
(Tezadlar.az)



Fikrini bildir