SON XƏBƏRLƏR
Xaçmazda Rüstəmovlar dəstəsinin "açılmayan cinayətləri"

Yazının dərc olunma Tarixi: 6/4/2019

Xaçmazda Rüstəmovlar dəstəsinin "açılmayan cinayətləri"
Zərərçəkən sahibkarın ailəsi Baş Prokuror Zakir Qaralova müraciət etdi...

Bakı şəhər sakini, 160786021 №-li cinayət işində zərərçəkmiş şəxs və mülki iddiaçı Məmmədov Vüqar İlqar oğlu Baş Prokuror Zakir Qaralova 2012-2016-cı illərdə Xaçmazda silsilə qətl və oğurluqlar törətmiş dəstənin istintaqda necə müdafiə edildiyindən şikayətçidir.
Xaçmazda Rüstəmovlar dəstəsinin "açılmayan cinayətləri"
Ailənin başına gələn faciənin ictimailəşməsi üçün Azərbaycan Mətbuat Şurasında olan və sonra “Təzadlar” qəzeti redaksiyasına gəlməsi məsləhət bilinən Vüqar Məmmədovun əməkdaşımıza təqdim etdiyi sənəd və sübutlar, məhkəmə hökmləri... əsasında geniş araşdırma yazısı çapa hazırlanır.

Aşağıda zərərçəkmiş V.Məmmədovun Baş Prokuror Z.Qaralova müraciətini təqdim edirik:

Hörmətli cənab Baş Prokuror, Sizə müraciət edərək bildirirəm ki, 15.06.2016-cı il tarixində Xaçmaz şəhərində biznes fəaliyyəti ilə məşğul olan atam Məmmədov İlqar Rüstəm oğlu mütəşəkkil cinayətkar bandanın üzvləri- təqsirləndirilən şəxs Rüstəmov Vüsal Arif oğlu, Kərimov Qalib Nəcməddin oğlu və Haqverdiyev Firudin Yaqub oğlu tərəfindən qətlə yetirilərək 1.500.000-dən çox ABŞ dolları qarət olunmuşdur. Hadisə gecəsi Rüstəmov Vüsal və Kərimov Qalib qarət olunan vəsaitin bir hissəsini Firudin Haqverdiyevə verərək qalan hissəsi ilə Bakıya, Rüstəmov Vüsalın qeyri-nigah münasibətində yaşadığı Abbasova Larisa İslaməddin qızının evinə gedərək gizlənmişlər. 2018-ci ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Haqverdiyev Firudin Yaqub oğlu törətdikləri cinayəti etiraf etmək istədiyini bildirmiş, göstərdiyi xüsusatlar Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qiymətləndirilərək məhkəmə istintaqı təzələnmişdir. Məhkəmə istintaqının təzələnməsi zamanı təqsirləndirilən şəxs Haqverdiyev Firudin bildirmişdir ki, Rüstəmov Vüsal Arif oğlu 2015-ci ildə Qubada daha başqa birini qətlə yetirərək basdırmışdır. Həmin hadisədən əvvəl Qubalının Rüstəmov Vüsalın ayağına biz soxmasını, Vüsalın 3 aya qədər həyətdə şəpit ilə gəzdiyini demişdir. Vüsalın Qubalını öldürməsini Xaçmazda atam Məmmədov İlqarı qətlə yetirdikdən sonra gəlib maşında oturan kimi atamı öldürdüyünü deməsi ilə, Haqverdiyev Firudinin etirazlarından sonra Vüsalın “ Ode, Nəzakəti də, Qubalını da öldürdüm, basdırdım. Məni heç kəs görmədi. Bunu da görməyəcək. Burda sənlik bir şey yoxdu” deməsiylə öyrəndiyini bildirmişdir. Üstəlik, məlum olmuşdur ki, həqiqətən öldürülən həmin şəxsin şübhəlilərindən biri də Rüstəmov Vüsal olub. Lakin o, müstəntiq tərəfindən bizə məlum olmayan səbəbdən səthi dindirilmiş və buraxılmışdır. Haqverdiyev Firudin bildirmişdir ki, Vüsal ona “Məni dindirdilər, buraxdılar. Məndən heç kəs şübhələnmədi. İlqarın da ölümündə məndən heç kəs şübhələnməyəcək”, -demişdir. Bu barədə mötəbər sübutlarımız vardır.

Hörmətli cənab Baş Prokuror, Sizə məlumat olaraq yuxarıda göstərilənləri bildirərək xahiş edirəm ki, Rüstəmovların mütəşəkkil cinayətkar dəstəsinin törətdiyi 3 (üç) ayrı cinayət ilə əlaqədar məhkəmə istintaqının təzələnməsi zamanı Haqverdiyev Firudin Yaqub oğlunun etirafından sonra müəyyən edilən halların təkrar araşdırılaraq törədilən qətllərin açılaraq cinayətkarların məsuliyyətə cəlb olunmalarında, ailəmizdən qarət olunan xüsusilə külli miqdarda vəsaitin müəyyən edilərək qarətdən əldə olunan vəsaitin müxtəlif yollarla leqallaşdırılmasının qarşısının alınmasında yaxından köməklik göstərməyinizi bir daha xahiş edirəm...

Redaksiyadan: Xatırladırıq ki, oğurlanmış pulların Azərbaycandan çıxarılaraq Rusiyaya necə və hansı yollarla, hansı şirkətlərin hesabına yatırılmasını sübut edən sənəd və sübutlar redaksiyamıza təqdim edilib. Bəs necə olub ki, əvvəlcə Xaçmaz rayon Prokurorluğu, sonra isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Baş İstintaq İdarəsinin müstəntiqi bunları “görə” bilməyib? Və niyə bu günədək geri qaytarılmış pul vəsaiti zərərçəkmiş ailəyə ödənilməyib? Bu işə kim və nədir mane olan? Müstəntiq kimin tərəfindədir?

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu
(tezadlar.az)



Fikrini bildir