SON XƏBƏRLƏR
İŞ ADAMI PREZİDENTDƏN ACİZANƏ KÖMƏK İSTƏYİR-VİDEO

Yazının dərc olunma Tarixi: 26/9/2019

İŞ ADAMI PREZİDENTDƏN ACİZANƏ KÖMƏK İSTƏYİR-VİDEO
Füzuli Adıgözəlov: «Cənab Prezident! 12 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahin Eyyubov məni intihar həddinə çatdırıb…»
“Güllübulaq” MMC-ni tətisçisi (2017-ci ildə “Güllübulaq” MMC-nin adı dəyişdirilərək “ERBİ-H” MMC qoyulub), iş adamı Adıgözəlov Füzuli Qəşəm oğlu başına gətirilmiş müsibətlə bağlı bu gün «Təzadlar» qəzeti redaksiyasında oldu. Onun cənab Prezident İlham Əliyevə ünvanlı müraciətini və təqdim etdiyi məhkəmə və digər hüquqi sənədləri araşdıraraq barəsində şikayət etdiyi 12 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ş.Eyyubovla əlaqə saxlamağa çalışdıq. Lakin bizə verilmiş telefon nömrələri cavab vermədiyindən onun məhkəmələrdə ailə maraqlarını müdafiə edən, vəkili, 5 saylı Vəkil Bürosunun əməkdaşı Qənbərov Əziz Həbib oğluna müraciət etdik. Lakin çox maraqlıdır ki, Ş.Eyyubovun ailəsinin maraqlarını neçə ildir məhkəmələrdə müdafiə edən vəkil onu tanıdığını bildirsə də, lakin əlaqə telefonunu verə bilməyəcəyini bildirib.
Odur ki, 12 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ş.Eyyubovun da problemə dair mövqeyini təqdim etməyə hazırıq.
Beləliklə, şikayətçi F.Adıgözəlov cənab Prezident İlham Əliyenvə müraciətində yazır (eyni məzmunlu video-müraciət saytımızda yerləşdirilib):
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Çox hörmətli cənab Prezident!

Bildirirəm ki, 1995-ci ildə kommersiya hüquqi şəxsi olan “Güllübulaq” MMC-ni təsis etmişəm (2017-ci ildə “Güllübulaq” MMC-nin adı dəyişdirilərək “ERBİ-H” MMC qoyulub) qeydiyyata aldırmışam. 2006-cı ilədək təkbaşına sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam, 2006-cı ildən sonra isə türk iş adamı Nurəddin Çingizlə şərikli fəaliyyət göstərmişəm.
Beləliklə, 2017-ci ildə yeni hüquqi şəxsi təsis edildikdən sonra məcburən təsisçilərdən biri Eyyubova Dilbər Məcid qızı olmuşdur, lakin bütün dövrlərdə onun Gəncədə 12 saylı Ərazi Vergilər İdarəsinin rəisi olan oğlu Şahin Eyyubov fəaliyyətmizə kənardan müdaxilə etmişdir. Uzun illər xoş münasibətlərimiz, ailə yaxınlığımız olan qarşı tərəflə bir müddət sonra bəzi xırda məsələlər üstündə aramızdakı münasibətlər pozulmuş, Şahin Eyyubov təsis etdiyim şirkətin təsis payını ələ keçirmək üçün məni təsis payımı onlara satmağa məcbur etmişdir. Mən razı olmadıqda, bunu qanunsuz yollarla etməyə cəhd etdi, məni hədələtdirdi və s. İş o yerə çatdı ki, məni Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, eləcə də DİN-nin MCQMİ-nə çağırıb dindirdilər.
Xatırladıram ki, bu zaman mənə təsis payımı satmadığım halda, bizneslə məşğul olmağa, işləməyə imkan verməyəcəkləri, maneçilik törədiləcəyi barədə hədələr artmağa bağladı, Türkiyədən, Rusiyadan və digər ölkələrdən mənə mal gətirən yük maşınlarımın gömrük məntəqələrində qanunsuz olaraq saxlanılması adi hal aldı. Lakin mən səbrlə susub dillənmirdim. Bütün bu bezdirici hərəkətlərdən sonra Şahin Əyyubov mənə açıq formada bildirdi ki, ya məni şirkətə 25 faizlə şərik edirsən, ya da Azərbaycanda fəaliyyətinə nöqtə qoyulacaq. Təsəvvür edin ki, mənə təzyiq vasitəsi kimi o, təkcə 2015-ci ildə şirkətimə əsassız olaraq 500 min manat vergi cəriməsi yazdırdı. Çox təəssüflər olsun ki, o, bütün bu qanunsuz hərəkətlərini hələlik adını çəkmək istəmədiyim yüksək vəzifədə çalışan əmisinin adından istifadə etməklə törətmişdir.
Bundan əlavə, münasibətlərimizin yaxşı olduğu dövrdə öz pulumla Şahin Eyyubovun qohumlarının adına bir neçə daşınmaz əmlaklar almışdım ki, o, onların da geri qaytarılması üçün yenə də təsis payımın ona satılması şərtini tələb kimi qarşıma qoymuşdur. Nəticədə mən təsis payımın satılmasına məcbur edilmişəm.
Yuxarıda qeyd etdiyim kimi, aramızdakı münasibətlər soyuduqdan sonra cəmiyyətin fəaliyyətindən tamamilə kənarlaşdırıldım. Bundan sonra tərəfimdən bu cür haqsızlıqlarla qarşılaşdığım üçün Ş.Eyyubovun anası Eyyubova Dilbər Məcid qızına və “ERBİ-H” MMC-yə qarşı Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq “ERBİ-H” MMC-nin nizamnamə kapitalının 50% payçısı kimi, “ERBİ-H” MMC-nin balansında olan əmlakların (daşınar, daşınmaz, avtonəqliyyat vasitələri və s) nizamanmə kapitalındakı 50% payıma uyğun naturada bölünməklə mülkiyyətimə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişəm.
Eyni zamanda, əsassız olaraq ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Eyyubova Dilbər Məcid qızı və “ERBİ-H” MMC “MMC-də iştirakıma xitam verilməsi, dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və pulun tutulmasına” dair qarşılıqlı iddia verərək, mənim ilk iddiamın rədd edilməsi, “ERBİ-H” MMC-də iştirakıma (payçılığıma) xitam verilməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və məndən onların xeyrinə 6 184 633.23 manat pulun tutularaq “ERBİ-H” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.
Təəssüflər olsun ki, yüksək vəzifədə çalışan əmisinin adından hər yerdə istifadə edən (mən tam əminliklə bilirəm ki, əmisinin bu işlərdən xəbəri yoxdur) Nərimanov rayon Məhkəməsi tərəfimdən verilmiş ilkin iddiam rədd edildi, iş üzrə 27.11.2018-ci il tarixli, 2(005)-4443/2018 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamədən verdiyim apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 26.02.2019-cu il tarixli, 2(103)-2870/2019 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Lakin yenə də mənə qarşı ədalətsizliyə yol verilmişdir. Çünki yenə də Şahin Əyyubov əmisinin adından istifadə edərək məhkəmələrdə qanunsuz və əsassız, ədalətsiz qərarların çıxarılmasına nail olmuşdur. İndiyədək Nərimanov rayon və Ali Məhkəmədə keçirilmiş məhkəmə proseslərində hakimlər açıq şəkildə mənə deyirdilər ki, «Arada ağsaqqalın adı var, biz heç nə edə bilmərik, qorxuruq…». Göründüyü kimi, bütün bu məhkəmə mübahisələrinin əsas səbəbi “ERBİ-H” MMC-də 50 faiz payı olan təsisçi Eyyubova Dilbər Məcid qızının oğlu Ş.Eyyubovun və 25 faiz payı olan Çengiz Nurettinin qanunsuz əməlləri olmuşdur. Faktiki olaraq 50%, sənəd üzərində isə 25% qanuni paya malik olmağıma baxmayaraq təsisçilər cəmiyyətin idarə edilməsinə məni heç vaxt yaxın buraxmamış və ümumiyyətlə, cəmiyyətin binasına da daxil ola bilməmişəm, təcrid edilmişəm. Hətta mən şirkətin Abşeron rayonunun Məhəmmədli kəndindəki ofisinə işə gedərkən polis əməkdaşları məni öz qanuni iş yerimə buraxmadılar, məni bölməyə apardılar. Səbəbini və tapşırığın haradan gəldiyini deyəndə isə bildirdilər ki, bu qanunsuz tapşırığı Şahin Əyyubov vermişdir.
Bundan başqa, yuxarda adı çəkilən məhkəmə mübahisəsi üzrə birinci instansiya və apellyasiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, mənim xəbərim olmadan təsisçisi olduğum “ERBİ-H” MMC-nin fəaliyyətinin yoxlanması məqsədi ilə “ERBİ-H” MMC-nin özünün bağladığı müqavilə əsasında kənar auditor qismində “Capital Audit” MMC dəvət olunmuş, həmin Audit təşkilatı tərəfindən güya “ERBİ-H” MMC-nin maliyyə-təsərrüfat fəaliyyəti yoxlanmışdır. Aparılmış audit yoxlaması bir çox qanun pozuntusu ilə müşayət olunmaqla, heç bir hüquqi əsasa söykənməmişdir. “Capital Audit”MMC-nin auditoru Tahirov Vidadi Musa oğlu tərəfindən tərtib edilmiş 28 fevral 2018-ci il tarixli “Audit Hesabatı”nın birini səhifəsindən görünür ki, audit yoxlaması “ERBİ-H” MMC ilə 01.02.2018-ci il tarixdə və 30.03.2018-ci il taixdə bağlanmış müqavilələr əsasında aparılmışdır.
İlk olaraq qeyd etmək istəyirəm ki, Auditin keçirilməsində ilk hüquqi pozuntu kommersiya sirri hesab edilən məlumatların təsisçi olaraq mənim razılığım olmadan kənar audit şirkətinə açıqlanmasıdır. Belə ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 2-ci cümləsində audit yoxlamasının məcburi və könüllü aparılması nəzərdə tutulmuşdur. Həmin maddəyə görə öz maliyyə hesabatını dərc etməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.
Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə görə “Mühasibat uçotu sənədlərində kommersiya sirri hesab edilən məlumat olduqda, bu məlumatların açıqlanması “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsində qeyd edilir ki, kommersiya sirri dedikdə - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar başa düşülür. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə “kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs” başa düşülür.
Qeyd edilən Qanunun 4.1.2-ci maddəyə görə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar komersiya sirri hesab edilir.
Onu da qeyd edim ki, “ERBİ-H” MMC bank, sığorta və digər maliyyə qrumlarından fərqli olaraq adi kommersiya hüquqi şəxsidir və buna görə də maliyyə hesabatlarını məcburi açıqlamalı (dərc edilməli) hüquqi şəxslər qrupuna aid deyildir. Digər tərəfdən isə bu aiditin keçirilməsi üçün “Erbi-H” MMC ilə “Capital Audit” MMC arasından 01.02.2018-ci il tarixli müqavilə bağlansa da bu müqavilə qeyd edilən kommersiya sirri hesab edilən məlumatların kənar auditə verilməsi üçün əsas ola bilməzdi. Belə halda, “ERBİ-H” MMC-nin Təsisçilərinin Ümumi Yığıncağı çağırılmalı və kənar auditin keçirilməsi və hansı audit təşkilatı tərəfindən keçirilməsi məsələsi müzakirə olunaraq, bu barədə qərar qəbul edilməli idi. Lakin təkrar edirəm, Şahin Əyyubov yüksək vəzifədə çalışan əmisinin adından əsassız və qanunsuz istifadə etməklə istədiyini etmişdir. Halbuki Bakı Apellyasiya Məhkəməsində məsələyə hüquqi qiymət verilmiş və Məhkəmənin 26.02.2019-cu il tarixli, 2(103)-2870/2019 saylı qətnaməsinin 3-cü səhifəsində qeyd edilmişdir ki, “...kollegiya hesab edir ki, cavabdehlər və üçüncü şəxsin məhkəməyə təqdim etdiyi “Capital Audit” MMC-nin 08.05.2018-ci il tarixli auditor rəyi iş üzrə həmin halları təsdiq edən sübut kimi qəbul edilə bilməz”.
Cənab Prezident!
Ən ağrılı məsə budur ki, Şahin Əyyubov müxtəlif dostlarının, tanışlarının vasitəsilə indi də məni təhdid edir, ailə üzvlərimə qarşı xoşagəlməz hadisələri törədir. Bəzi detalları hələki açıqlamaq istəmirəm. Lakin Sizdən xahiş edirəm ki, yüksək vəzifədə çalışan əmisinin adından sui-istifadə edən Şahin Əyyubovun əməllərinə hüquqi qiymət verilməsi, eləcə də mənim sahibkarlıq fəaliyyətimə törətdiyi qanunsuz müdaxilələrin qarşısının alınması üçün müvafiq dövlət orqanlarına tapşırıq verəsiniz. Çünki Şahin Əyyubov yenə də əmsinin adından süi-istifadə edərək müxtəlif dövlət qurumlarındakı, xüsusən də hüquq mühafizə orqanlarındakı tanışlarının vasitəsilə məni əsassız və qanunsuz olaraq həmin dövlət orqanlarına çağırtıdır, bununla da mənə təzyiq edir. Belə hadisələrdən biri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılmağımı göstərə bilərəm.
Odur ki, bütün sahibkarların və iş adamlarının dayağı və arxası, qarantı kimi bir daha Sizdən xahiş edirəm, yaranmış süni problemin aradan qaldırılmasında ərizəmin nəzarətə götürülməsinə tapşırıq verəsiniz
Dərin hörmətlə:
Adıgözəlov Füzuli Qəşəm oğlu
Bakı şəhəri, 26 sentyabr 2019-cu il




Fikrini bildir