SON XƏBƏRLƏR
Cəlilabad rayon Məhkəməsində özbaşınalıq

Yazının dərc olunma Tarixi: 1/8/2020

Hakim Elxan Əmirəliyev rüşvət almaqda ittiham edilir

Cəlilabad rayon Məhkəməsində özbaşınalıqCəlilabad rayonunun Muğan kənd sakini Ağayev Abasqulu Məşi oğlu Pravdainfo.org-a şikayət məktubu göndərib. A.Ağayev Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyevdən şikayətçidir. O, hakimi rüşvət almaqda ittiham edir.

Şikayətçi yazır ki, Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev ondan rüşvət alaraq başına oyunlar açıb: "Cəlilabad rayonunun Muğan kəndində 62 sot həyətyanı torpağım, yanında isə 68 sot pay torpağım var. Hər birinin tam qaydasında sənədləri, yəni çıxarışı, texniki pasportu, torpaq sahəsinin plan və ölçüsü var. Ərazi bərəkətli yerdir, 5 metrdən su çıxır, qara torpaqdır, nə əkirsən yüksək səviyyədə məhsul verir. Lakin torpağım belə münbit və bərəkətli olduğuna görə əraziyə bəzi həmkəndlilərim göz dikib və oranı əlimdən almaq istəyirlər. Bu işdə isə onlara Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev kömək edir. Saxta sənədlərlə məhkəməyə müraciət edirlər, hakim Elxan Əmirəliyev də onları əsas götürərək iddianı qəbul edir. Neçə ildir ki, hakim Elxan Əmirəliyev məni bezdirib, çünki qarşı tərəfdən rüşvət alıb, çalışır işi qarşı tərəfin xeyrinə həll etsin.

İlk əvvəl Ağayev Murtuz Mirzağa oğlu adlı həmkəndlim məhkəmədə iddia qaldırdı ki, guya mənim ərazimdə onun 12 sot torpağı var. O, məhkəməyə saxta sənədlərin surətini təqdim etdi. Təsəvvür edin ki, hakim Elxan Əmirəliyev onun iddiasını saxta sənədlərin surəti əsasında qəbul etdi. Halbuki sənədlərin əsli olmalıdır, saxta sənədlərin surəti ilə işə baxılmaz. Həmin saxta səndlərin surəti məni bir ildən çox məhkəmələrə çəkdi, mübahisələr oldu, davalar düşdü, xəstələnərək infarkt vəziyyətinə gəldim. Görün, bu hakim puldan, rüşvətdən ötrü mənim başıma nə oyunlar açdı! O, təkcə mənim yox, rüşvət alaraq çox əsassız iddialara baxıb, saxta sənədlərlə məhkəmələr aparıb, qeyri-qanuni qərarlar çıxarıb.

Məni məhkəməyə verən Ağayev Murtuz Mirzağa oğlu sonra etiraf etdi ki, o, sənədi kompüterdə saxta yolla hazırlayıb hakimə vermişdi. Çünki mən çox yerə yazdım, şükayətlər etdim, Elxan Əmirəliyev də məcbur qalıb iddianı təmin etmədi. Bir il məni aparıb gətirəndən, üzücü məhkəmə proseslərinə çəkəndən, dalbadal ekspertizalar göndərəndən, mənim ömrümü-günümü çürüdəndən sonra, nəhayət, iddianı təmin etmədi və məni rahat buraxdı.

Mən yalnız Apellyasiya Məhkəməsində bilmişəm ki, Elxan Əmirəliyev 1 il imiş saxta, «kopya» sənədlə mənim işimə baxırmış. Bir il imiş mən əbəs yerə gedib gəlirmişəm. Elxan Əmirəliyev sadəcə tamaşa qurub məni ələ salırmış. Bundan sonra əsəbdən infarkt keçirtdim.Bundan bir neçə ay keçmiş hakim Elxan Əmirəliyev həmin Ağayev Murtuzla əlbir olan Bayramova Qaraqız Tvox qızını yanına çağırdı, onu öyrətdi ki, iddia qaldır, təmin edəcəm. 4-5 aydır ki, indi də Bayramova Qaraqız ilə məhkəmədə çəkişirəm, hakim Elxan Əmirəliyev isə mənə yox, qarşı tərəfə kömək edir. Təsəvvür edin ki, 65-66 yaşlı qadın iddia qaldırıb ki, mənim 68 pay torpağıma verilmiş çıxarış, planı və ölçüsü ləğv edilsin. Onun burada nə marağı var? Cəlilabadda hamı bilir ki, hakim Elxan Əmirəliyev "kupça" ləğv etmək üzrə mütəxəssisdir. O, hamıya deyir ki, vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olan Kərəm Həsənovun, Əmlak Məsələləri Dövlət Komitəsinin Cəlilabadda verdiyi «kupça»lar saxtadır. Neçə-neçə «kupça»nı ləğv edir, insanlarda dövlət sənədinə şübhələr yaradır, ailələr arasında dava-qırğınlar salır. Budur Elxan Əmirəliyevin hakimlik fəaliyyətinin nəticəsi! Aidiyyəti qurumlar hakimin bu fəaliyyətinə hüquqi qiymət verməlidir.

Mənim kupçam var, amma Bayramova Qaraqız da Ağayev Murtuz kimi məhkəməyə saxta sənəd verib və hakim Elxan Əmirəliyev həmin sənədi əsas götürərək məni ittiham edir. Bayramova Qaraqız məhkəməyə qeyri-qanuni yollarla alınmış sənəd verib və həmin sənəddə göstərilir ki, guya Muğan kənd Bələdiyyəsi Şurası onlara pay torpağı verib, hətta alqı-satqı da edib. Bu harda görünüb? Azərbaycan qanunlarına görə Bələdiyyə pay torpağını alqı-satqı edə bilməz, sata bilməz, təkcə icarəyə verə bilər! Məgər hakim Elxan Əmirəliyev bunu bilmir? Bilir, sadəcə, rüşvət aldığına görə həmin sənədə əsasən "qaldırılmış" iddianı qəbul edib.

Məqsəd nədir? Hakim Elxan Əmirəliyev bayaq dediyim kimi, Ağayev Murtuzdan rüşvət alıb saxta «kopya» sənədlərlə onun düz 1 il məhkəmə işini apardı, amma işi aşıra bilmədi, pul batdı. İndi Bayramova Qaraqızı Ağayev Murtuzun yanına qoşub ki, onun vasitəsilə mənə qarşı olan işi həll etsin, "borcdan" çıxsın. Mənim çıxarışım ləğv olunanda torpağım havada qalacaq, onda Ağayev Murtuz 12 sot yox, daha çox torpağa sahiblənə biləcək. Məqsəd budur. Və hakim Elxan Əmirəliyev borcunu qaytarsın!

Bayramova Qaraqız o qədər arxayınlaşıb ki, həmin ərazidə ev də tikib, yəni pay torpağında. Azərbaycanda harda görünüb ki, pay torpağında ev tikilsin?! Bu, qanunla qadağandır, çünki dövlət pay torpaqlarını vacib olan kənd təsərrüfatı məhsullarının əkilməsi üçün ayırır. Ev tikmək üçün isə ayrıca həyətyanı torpaq sahəsi verilir. Lakin hakim Elxan Əmirəliyev bunlara göz yumur, çünki qarşı tərəfdən rüşvət alıb. Dövlət orqanları bilməlidir ki, hakim Elxan Əmirəliyev Cəlilabadda Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarışları ləğv edir, pay torpaqlarına camaatı buraxıb evlər tikdirir.

Təkcə mən deyiləm, hakim Elxan Əmirəliyev çox adamın «kupça»sını ləğv edib. Tanışım, Abışabad kənd sakini Həsənov Rəhimin ailəsinin "kupça"sını da ləğv etdi. Qadının qaynı idda qaldırdı ki, o vaxt mən miras ərizəsinə qol çəkməmişəm, imzam saxtadır. Elxan Əmirəliyev imzanı ekspertizaya göndərmək əvəzinə, çıxarışı ləğv etdi, nəticədə, qaynı qadını 4 uşaqla evdən çıxartdı, çölə tulladı. Niyə? Çünki Elxan Əmirəliyev katibi və dəllalı Şahin Sultanzadə vasitəsilə həmin adamdan 500 manat rüşvət almışdı. Hal-hazırda iş Şirvan Apellyasiya Məhkəməsindədir.

Onu da deyim ki, Elxan Əmirəliyev əvvəl Şirvan Apellyasiya Məhkəməsində hakim işləyib, ona görə də qorxmur, arxayındır, bilir ki, oradakı dost-tanışlarına deyəcək, onlar da qətnamənin qüvvədə qalmasına "dəstək" verəcəklər. Odur ki, o, rahatlıqla pul alaraq "kupça"ların ləğv edilməsi ilə məşğul olur. Halbuki Əmlak Məsələləri Dövlət Komitəsində əsassız "kupça" verilmir, sənədlər çox instansiyada yoxlanılır və tam dəqiqləşəndən sonra "kupça" verilir.

Elxan Əmirəliyev artıq saxta işlərlə məşğul olmaqda peşəkardır. Təkcə mənə qarşı saxta sənədlərlə iki iş aparıb. Həmin sənədləri hüquq-mühafizə orqanlarına göndərmişəm ki, faktlar araşdırılsın, hüquqi qiymət verilsin".

Pravdainfo.org



Fikrini bildir