SON XƏBƏRLƏR
"Şəmkirlə Gədəbəyin icra başçılarının bu hərəkəti heç bir qanuna sığmır"

Yazının dərc olunma Tarixi: 10/3/2018

"Belə çıxır ki, bizim öz ölkəmizdə, öz torpaqlarımızda istirahət etməyə ixtiyarımız yoxdur, o tərəfə gedirsən, Gədəbəyin, bu tərəfə gedirsən, Şəmkirin icra başçısı şəhərə girişimizi qadağan edir"
"Şəmkirlə Gədəbəyin icra başçılarının bu hərəkəti heç bir qanuna sığmır"
Xəbər verdiyimiz kimi, 2018-ci il martın 6-da Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) bir qrup üzvü istirahət məqsədilə Şəmkir və Gədəbəy rayonlarına səfər etmişdi.

DAMM üzvlərinin Şəmkir və Gədəbəyə səfəri qurumun bölgələrimizə planlaşdırdığı növbəti tədbirlərdən biri idi. Lakin sözügedən rayonların rəhbərləri və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən səfərin qarşısı alınıb.

Belə ki, DAAM üzvlərinin Şəmkirə girişinə qadağa qoyan RİH başçısı Alimpaşa Məmmədov hətta nümayəndə heyətinin ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməsinə belə icazə verməyib.

Belə olan halda, Gədəbəyə yollanmaq qərarına gələn nümayəndə heyəti orada da eyni vəziyyətlə üzləşib. Gecənin qaranlığında Gədəbəyin qatı dumana-çənə bürünmüş dağ yollarını çətinliklə də olsa, qət edərək rayon mərkəzinə çatan nümayəndə heyəti yolu kəsən 50-yə yaxın polis əməkdaşı ilə üzləşib. Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovun qəti göstərişi ilə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin nümayəndə heyətinə rayonun mərkəzindəki ümummilli liderin abidəsini ziyarət etməyə icazə verməyən polis əməkdaşları təcili olaraq qonaqlardan rayonu tərk etməyi tələb edib. Belə olan halda, Gədəbəydən geri – Bakıya qayıdan DAAM üzvlərinin Maarif kəndinin yolu üstündə Od çərşənbəsinin kimsəsiz alovlanan tonqalının ətrafına toplaşıblar. Sonra da tonqalın üstündən tullanaraq azar-bezarını və gərilən əsəblərini odun üstünə töküblər.

Əməkdaşımız elə çərşənbə tonqalının başında İctimai Nəzarət Koalisiyası və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü, ehtiyatda olan polkovnik Zahid Teymurovun baş verən olaylara münasibətini öyrənib.

Z.Teymurov bildirib ki, Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı üçün hər cür şərait yaradıldığı bir vaxtda, Şəmkir və Gədəbəy rayonlarının icra başçıları vətəndaşların öz vətənində sərbəst gəzmək hüququnu pozur: "Bu, tamamilə mənasız, absurd və qanunazidd bir hərəkətdir. Çünki Azərbaycan hüquqi dövlətdir. Hər bir hüquqi dövlətdə və vətəndaş cəmiyyətində insanlar istirahət hüququna malikdirlər. Vətəndaşların firavan yaşamaları üçün dövlət real imkanlar yaradır, lakin Şəmkirlə Gədəbəyin icra başçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları istirahət hüququmuzu məhdudlaşdıraraq, bizim rayona girişimizi qadağan etdi. Onların bu hərəkəti heç bir qanuna sığmır.

Halbuki biz Azərbaycan Respublikasının vətəndaşıyıq. Ancaq bu gün faktiki olaraq adi insan hüquqlarından məhrum edildik. Bizi öz doğma torpaqlarımıza getməyə qoymadılar. İcazə vermədilər ki, vətənimizin səfalı guşələrini gəzib istirahət edək. Belə çıxır ki, bizim öz ölkəmizdə, öz torpaqlarımızda istirahət etməyə ixtiyarımız yoxdur, o tərəfə gedirsən, Gədəbəyin, bu tərəfə gedirsən, Şəmkirin icra başçısı şəhərə girişimizi qadağan edir. Belə hərc-mərclik, özbaşınalıq olar?! Həttə ümummili liderin abidəsini ziyarət etməyə belə icazə vermədilər. Səbəbini isə izah edən yoxdur.

Nə üçün sərbəst gəzməyə ixtiyarımız yoxdur? Niyə bizim elementar insan hüquqlarımız pozulur? Axı bu ixtiyarı onlara kim verib? Buna görə də inanıram ki, bizə qarşı edilən bu qanunsuzluğa aidiyyəti orqanlar tərəfindən hüquqi qiymət veriləcək".

E.ŞİRİNOV
(tezadlar.az)


SƏFƏRLƏ BAĞLI GENİŞ YAZINI BU LİNKDƏN OXUYA BİLƏRSİNİZ:
My Webpage



Fikrini bildir