SON XƏBƏRLƏR
Hasarlar arxasında həbs edilmiş Xəzər: əhali çimərlikdən məhrum edilib

Yazının dərc olunma Tarixi: 27/5/2018

Hər il olduğu kimi bu dəfə də çimərlik mövsümünün başlanması ərəfəsində dəniz kənarlarının hasarlanması məsələsi gündəmə gəlir. Bakıda elə bir ərazi adı çəkmək olmaz ki, orada dənizin kənarı özəl istirahət mərkəzləri tərəfindən tutulmasın və ya kimliyi naməlum şəxslər tərəfindən hasarlanmasın.
Hasarlar arxasında həbs edilmiş Xəzər: əhali çimərlikdən məhrum edilib
İstər “Şıxov”, Novxanı, istərsə də Qaradağ, və Sahil çimərliklərində bütün yararlı ərazilər tutulub, özəlləşdirilib və giriş haqları sadə vətəndaşların büdcəsinə uyğun olmadığından əhali dənizin ən gözəl yerlərindən məhrum olub. Bəzi ərazilər isə sadəcə hasarlanıb, yolboyu insanlar dənizin 4-5 metrliyindən keçsələr də, hündür hasarlar onları bu mənzərədən məhrum edir. Bəzi Bakıətrafı qəsəbələrdə dənizin yüksək vəzifəli şəxslər tərəfindən “özəlləşdirilməsi” və hasara alınması dəfələrlə Milli Məclisdə də qaldırılıb. Bir çox millət vəkilləri dənizin xalqa məxsus olduğunu bildirərək, hasarlanmaya etiraz ediblər. Buna baxamayaraq, problem həllini tapmayıb.

Müxbirimiz bu dəfə Novxanı çimərliklərinə baş çəkib, oradakı vəziyyətlə maraqlanıb. Novxanı sahilləri demək olar ki, başdan-başa restoranlarla əhatələnib. Dənizə gedən magistral yolun hər iki istiqamətində çoxmərətbəli villalar, restoran və istirahət mərkəzləri yerləşir. “Gəmi”, “Relax”, “Amore “Novxanı Beach”, “Amore” və bir neçə tikilməkdə olan digər özəl çimərliklər sahilboyunu bütünlüklə əhatə edib.

Dənizin boş qalan sahillərinə hündür daş hasarlar hörülüb. Sahilə yaxınlaşmaq belə mümkün deyil. Çimərliyə getmək və yaxud dəniz havası almaq üçün mütləq hansısa restoranın və yaxud özəl çimərliyin qapısından içəri daxil olmalısan.

Qeyd edək ki, ötən il Novxanı qəsəbəsində dənizin hasarlardan xilas olması və yolun genişləndirilməsi məqsədi ilə özəl obyektlərin və hasarların bir qismi söküldü. Bu il isə onların yenidən bərpa olunmasının şahidi olduq.

Çinarlı küçəsində bir neçə 3-4 mərtəbəli obyektlərin tikilir. Ərazidə qızğın iş gedirdi. Tikintidə çalışan ustalar bizə inşa edilən obyektin otel kimi fəaliyyət göstərəcəyini bildirdilər.

Üçmərtəbəli binası olan və dənizin bir addımlığında inşa edilən bu obyektlərin hər biri 10-15 sot ərazini əhatə edir, ümumilikdə təqribən 50 sota yaxın ərazi zəbt edilib. Ustalar obyektin vəzifəli bir şəxsə aid olduğunu bildirdilər: “Dənizin sahilində hər adam obyekt tikə bilməz. Bunların əksəriyyəti vəzifəli şəxslərə və ya onların yaxınlarına . Mən Novxanı sakiniyəm və bu vəziyyətdən narazıyam. Əvvəllər həyətə çıxıb, dəniz havasını, gözəl mənzərəsini görürdüm. İndi buna həsrət qalmışıq. Bir neçə ilin içərisində dənizin ətrafını hasarladılar. Əvvəlcə dəniz kənarını abadlaşdırma adı ilə başladılar. Sonra özəl çimərliklərə çevirdilər. Daha sonra isə restoranlar tikdilər. Beləcə xalqın sərvətini özəlləşdirdilər. Dəniz evimizin bir addımlığındadır, lakin gedib sərbəst şəkildə çimə bilmirik. Bir söz demək olmur, o dəqiqə adamı hədələyirlər ki, bu filankəsin obyektidir”.

Novxanıda cəmi 2 yerdə xalq çimərliyinə rast gəldik. Buraya giriş tam sərbəstdir, heç bir ödəniş etmədən rahatlıqa çimərlikdən istifadə etmək mümkündür. Lakin bu çimərliklərdə anti-sanitariya o qədər bərbad vəziyyətdədir ki, orada çimmək artıq xəstəliyə tutulmağa bərabərdir. Təmizliyə nəzarət olunmamaqla yanaşı,ətrafdakı özəl çimərliklərin tullantıları da buraya atılır. Bu səbəbdən sağlamlığının qeydinə qalan heç bir vətəndaş oraya üz tutmur.

Girişin ödənişsiz olduğu yeganə özəl çimərlik isə “Kristal” çimərliyidir. Burada giriş üçün heç bir ödəniş tələb olunmur. Lakin bu zaman vətəndaşlar dəniz qumundan savayı heç bir xidmətdən yararlana bilmirlər. Digər bütün xidmətlər pulludur. Digər tərəfdən bu çimərliyi yolkənarı ilə sadəcə qamışdan hörülmüş hasarlar ayırır. Çöl şəraitində, qamış və taxta parçalarından hazırlanmış masalar var. Bu masalardan istifadə üçün 10 manat tələb olunur. 10 manata ən yaxşı halda bir ədəd “lejanka” verilə bilər. Çay və digər xidmətlər əlavə hesablanır. Sadə çay 3 manat, şokolodla 5 manata təklif olunur.

Çimərlikdə xidmət göstərənlərlə həmsöhbət olub, maraqlı məqamlardan xəbərdar olduq. Bildirdilər ki, bu çimərliklərdə yaxşı şərait qurub, xalqa yaxşı xidmət göstərmək olar. Lakin bunun üçün xüsusi icazələr və xeyli vəsait lazımdır: “Dənizin ətrafında obyekt tikmək çətin məsələdir. Bunun üçün ya adamın olmalıdır, ya da pulun... Novxanı çimərliyinin suyu göz yaşı kimidir. Ona görə də, yay ayları adam əlindən tərpənmək olmur. Nə qədər pul xərcləsən bir o qədər qazanc əldə edirsən. Normal çimərliklər az olduğundan, burada sıxlıq yaşanır. Ona görə də, qoyulan investisiyanı ən geci iki mövüsmə çıxara bilirsən. Bizim gücümüz yalnız açıq şəraitdə fəaliyyət göstərməyə çatır”.

Diqqətimizi çəkən məqamlardan biri də dəniz kənarındakı restoranlardan bir neçəsinin girişinə yerli icra hakimiyyəti tərəfindən “pulsuz çimərlik” yazılan lövhənin asılması oldu. Çimərliyə girişin həqiqətən də pulsuz olub-olmamasını dəqiqələşdirmək üçün müştəri qismində bir neçəsinə baş çəkdik. Lakin qapıdan keçməyimizə icazə verməyib buranın özəl müəssisə olduğunu bildirdilər. Girişdə “pulsuz” yazılsa da, içəri daxil olan zaman hər şey dəyişir. Şərait elə qurulub ki, içəri ödənişsiz daxil olsan da, məcburən müəssisənin qoyduğu masalardan, “lejanka”lardan istifadə etməlisən. Əks halda ayaq altında qalmalı olacaqsan. Dənizin bir addımlığında masalar o qədər sıx yerləşdirilib ki, yalnız çimərlikdən istifadə etmək istəyənlər oturmağa belə yer tapmır.

Qəsəbədə öyrəndiyimiz başqa bir məqam da o oldu ki, iş adamları və imkanlı şəxslər dənizə yaxın olan evləri Novxanı sakinlərindən yüksək məbləğə alaraq özləri üçün istirahət məkanı yaradırlar. Novxanı qəsəbəsinin ümumi mənzərəsinə nəzər saldıqda görünür ki, qəsəbənin girişində kasıbvari tikilmiş evlər yerləşdiyi halda, dənizə doğru yaxınlaşdıqca sahilboyu ərazi dəbdəbəli villalar, gözəl bağ evləri ilə əhatələnib. Bu qəsəbədə təbəqələşmə dənizə doğru yüksələn xətlə gedir. (musavat.com)



Fikrini bildir
TƏQVİM
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31