SON XƏBƏRLƏR
Sahibkar Baş prokurora və Daxili işlər nazirinə şikayət etdi - VİDEO

Yazının dərc olunma Tarixi: 18/6/2018

"Cəlilabad rayon Polis Bölməsi mağazamı yandıran şəxslərin tapılaması istiqamətində heç bir araşdırma aparmır"
Sahibkar Baş prokurora və Daxili işlər nazirinə şikayət etdi - VİDEO
Cəlilabad rayonunun Maşlıq kənd sakini Musayev Bəxtiyar Soltan oğlu redaksiyamıza ünvanladığı şikayət məktubunda Baş prokuror cənab Zakir Qaralova və Daxili işlər naziri cənab Ramil Usubova müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli cənab Baş prokuror!

Hörmətli cənab nazir!


Bildirmək istəyirəm ki, mən - Musayev Bəxtiyar Soltan oğlu 1958-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşam. 2000-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam və yaşadığım Maşlıq kəndində 1 sotun içində ərzaq mağazası tikərək, o vaxtdan işlədirəm. Bununla öz ailəmi dolandırıram. Yeri gələndə kənddə imkanı olmayan ailələrə də təmənnasız ərzaq yardımı edirəm.

Bu il martın 29-da, gecə saat 01:30-da naməlum şəxslər mağazamı yandırdılar. Gecə saatlarında əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəlib alovu söndürsələr də, mağazam tamamilə yanaraq kül oldu. Nə bir ərzaq, nə də əşya çıxara bildim. Yanğın nəticəsində, mağazamda olan soyuducular, televizor və bütün ərzaq malları yanaraq külə döndü. Ümumilikdə, mənə 42 min manat dəyərində maddi ziyan dəydi. Hadisə ilə bağlı əraziyə Cəlilabad rayon Göytəpə qəsəbəsi Polis Bölməsinin əməkdaşları da gələrək hadisənin şahidi oldular. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi əməkdaşlarının verdiyi rəydə də təsdiq olundu ki, mağazam yandırılıb.

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənab nazir!


Hadisədən bu qədər vaxt keçməsinə baxmayaraq, Cəlilabad rayon Polis İdarəsindən məni bir dəfə də olsun çağırıb hadisə ilə bağlı heç nə soruşmayıblar. Bir sözlə, Cəlilabad rayon Polis Bölməsi mağazamı yandıran şəxslərin tapılaması istiqamətində heç bir araşdırma aparmır. Əgər aparsaydı, heç olmaya mənə bu haqda məlumat verilərdi.

İndi hadisə yerində yenidən tikinti işi apararaq, mağaza tikmək istəyirəm. Bununla bağlı Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun da qəbulunda olmuşam. İcra başçısı cavabında bildirdi ki, sərəncam verilməsi üçün lazım olan sənədləri toplayıb baş memara təqdim edim. Mən də lazım olan bütün sənədləri toplayaraq baş memara təqdim etmişəm. Amma tikintinin aparılması üçün, çox təəsüflər olsun ki, sərəncam verilmir. Təsəvvür edin, bir tərəfdən mağazamı yandıran şəsləri polis axtarmır, digər tərəfdən isə tikinti aparmaq üçün sərəncam verilmir.

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənab nazir!


Sizdən xahiş edirəm, mağazamı yandıran şəsxlərin tapılması üçün Cəlilabad rayon Polis Bölməsinə və yenidən mağazamın tikilməsinə icazə verməli olan Cəlilabad rayon İcra Hakimiyyətinə öz müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm".

(Tezadlar.az)




Fikrini bildir