SON XƏBƏRLƏR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimə kəsir, amma...

Yazının dərc olunma Tarixi: 16/10/2018

Azərbaycanın “Qırmızı kitabı”na daxil edilən heyvan və ya quşların ovlanması, ağacların doğranıb məhv edilməsi faktları müntəzəm olaraq qurum tərəfindən açıqlansa da, problem bitmir ki, bitmir...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimə kəsir, amma...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ağac kəsənlərə, heyvan və ya quş ovlayanlara cərimə kəsdiyi barədə məlumatlara rast gələndə həmişə bu lətifə yadıma düşür. Meşədə dovşanın təlaş içərisində qaçdığını görən digər hevanlar onu saxlayıb qaçmasının səbəbini soruşurlar. Dovşan deyir ki, bəs meşəyə komissiya gəlib, üçqulaqlı heyvanların bir qulağını kəsirlər. Hevanlar soruşurlar ki, axı sənin qulağın ikidir, sən nədən qorxursan? Dovşan da cavab verir ki, niyə qorxmayım, məsələ ondadır ki, bu komissiya əvvəl qulaqları kəsir, sonra sayır.

Yəqin indi siz də deyəcəksiniz ki, axı bu lətifənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə nə aidiyyəti var? İlk baxışda, bəlkə də heç bir aidiyyəti olmasa da, amma toxunacaq bir havası var. Nədən ki, ETSN qulaq kəsməsə də, kəsilən ağaclara cərimə kəsir. Hətta deyərdim ki, fəaliyyətinin əsas hissəsini məhz bu istiqamətinə yönəldib. Yəni cərimə tətbiq etməklə təbiətin məhvinin qarşısını almağa çalışır. Əsasən də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni rəhbər təyinatından sonra. Cənab Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin ediləndən ETSN-in mətbuat xidməti hiss olunacaq dərəcədə mətbuat konfransları keçirməkdə fəallığını artırıb. Çünki müəyyən bir məsələ ilə bağlı mətbuat xidmətinin əməkdaşlarını arayıb-axtaranda qurumdan zəngdərimizə cavab verənlər onların ya mətbuat konfransında, ya da iclasda olduğunu bildirirlər. Mətbuat konfransları keçirisinlər, buna bir etirazımız yox. Amma, təəssüflər olsun ki, mətbuat konfransında yalnız televiziya və bir neçə informasiya agentliyinin nümayəndələri iştirak edir. Yəni, ETSN yalnız özünə sərf edən media nümayəndələrini başına yığıb ağac kəsənlərə kəsdikləri cərimələrdən danışırlar.

Nazirliyin təbiətə vurulan hər hansı zərər faktı ilə bağlı cərimə tətbiq etməsinə də sözümüz yox. Məsələ ondadır ki, bu cür problemlər mətbuat konfransları keçirməklə həll olunası deyil. Çünki Azərbaycanın “Qırmızı kitabı”na daxil edilən heyvan və ya quşların ovlanması, ağacların doğranıb məhv edilməsi faktları müntəzəm olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən açıqlansa da, problem bitmir ki, bitmir. Bundan da belə nəticəyə gəlmək olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları qabaqlayıcı tədbirlər görmür, meşələri, qoruq zonalarını nəzarətsiz qoyurlar. O zaman sual yaranır, kifayət qədər potensial qüvvə olduğuna baxmayaraq, nədən bu cür hallar baş verir? Bəs niyə bu kimi neqativ halların qarşısını almaq üçün ETSN qabaqlayıcı tədbirlər görmür?

Ancaq qurumun rəhbərliyinin ötən həftəki mətbuata açıqlamasını nəzərə alsaq, artıq bu istiqamətdə müəyyən addımlar atıldığı bildirilir. Belə ki, ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb. Lakin görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ağac kəsintisi tamamilə aradan qaldırılmayıb. Bu səbəbdən də nazirlik tərəfindən bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcək, ağac kəsintisi hallarının tam aradan qaldırılması üçün qəti addımlar atılacaq.

Nə deyirik, təki elə olsun. O zaman ETSN-in bir çox problemlərin aradan qaldırılması istiqamətində mətbuat olaraq ictimailəşdirdiyimiz məsələlərə görməzdən gəlməsini necə başa düşək?! Fikrimi əsaslandırmaq üçün bir neçə fakta toxunacağam, bir neçə həftə əvvəl Abşeron rayonunun Masazır qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış “Zəngilan şəhərciyi”ndə ağacların kütləvi şəkildə quruyaraq məhv olması barədə yazmışdıq. Xəbər vermişdik ki, şəhərçikdə onlarla şam ağacı tamamilə quruyub, qalanları da tədricən qurumaqdadır. Lakin sakinlər əksəriyyəti şam olan ağacların qurumasının əsas səbəbini bilmirlər. Məsələ ondadır ki, ağaclar vaxtında suvarılır, onlara qulluq edilir. Amma buna baxmayaraq, şam ağacları bəlkə də iqliminə uyğunlaşa bilmədikləri üçün quruyur.

Sakinlər yaranmış problemlə bağlı şəhərciyin aidiyyəti qurumlarına müraciət etsələr də, quruma səbəbi bilinmədiyindən artıq ağacların bir qismini xilas etmək mümkün olmayıb. Onu da xüsusi olaraq vurğulamışdıq ki, sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimə olunmaqdan qorxduqları üçün məsələyə müdaxilə edə bilmirlər: “Qorxuruq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlib ağac kəsintisi, yaxud zədələnmə faktı ilə bizi cərimələsinlər. Ona görə də gözümüzün qabağında məhv olan ağacları xilas edə bilmirik. Bəlkə Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözləyir ki, kimsə bu qurumuş ağacları kəssin, yaxud çıxartsın, gəlib cərimələsinlər? Olmaz ki, bu ağacların quruma səbəbini müəyyənləşdirib onları məhv olmaqdan xilas etsinlər? Ümid edirik ki, şikayətimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılacaq və ağacları məhv olmaqdan xilas edəcəklər”.

Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi susqunluq nümayiş etdirərək, heç bir reaksiya vermədi. Məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəxli olan daha bir problemə toxunaq. Nə vaxtdır ki, fəryadına, harayına səs verilməyən Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən Masazır gölünün (“Duzlu göl”) üzləşdiyi problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətini onun üzərinə yönəltmək istəmişik.

Belə ki, bu yaxınlarda kanalizasiya sularının Masazır gölünə axıdılması barədə Abşeron rayonunun Masazır qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış “Zəngilan şəhərciyi”nin sakinlərinin şikayətini dərc etmişdik. Şikayətçilər yazırdı ki, şəhərciyin yaxınlığındakı Masazır gölündən gələn üfunət iyindən nəfəs ala bilmirlər. Sakinlər üzləşdikləri faktın araşdırılması və məsələyə aydınlıq gətirilməsi üçün əməkdaşımızı qəsəbəyə dəvət edərək, problemin həllində köməklik göstərməyimizi xahiş etmişdilər. Şikayətçilərin xahişi ilə ərazidə olarkən üzləşdiyimiz mənzərə bizi şoka salmışdı. Nədən ki, Masazır qəsəbəsinin ətrafındakı bütün yaşayış məntəqələrinin kanalizasiya suları açıq arx vasitəsilə birbaşa Masazır gölünə axıdılır. Bu, hər şeydən öncə ətraf mühitin və ərazidə yaşayan insanların həyatını ciddi təhlükə ilə üz-üzə qoymaqdır. Bir də fikirləşəndə ki, Masazır gölünün digər tərəfində xörək duzu istehsal edilir, adamı dəhşət bürüyür.

Rəsmi vikipediyada da qeyd edilir ki, Masazır gölünə əsasən Masazır və Novxanı kəndlərinin məişət-kommunal suları axıdılır. Daha sonra bildirilir ki, Masazır gölündə suyun ion tərkibində xloridlər və sulfatlar üstünlük təşkil edir. Kalsium və maqneziumun konsentrasiyaları nisbətən az olsa da, onların göstəriciləri sanitar normadan yüksək qeydə alınıb. Çirkləndirici maddələrdən misin və kadmiumun konsentrasiyaları YVQH-dən dəfələrlə coxdur. Detergentlərin və neft məhsullarının nisbətən az olmasına baxmayaraq, onların da konsentrasiyaları YVQH-dən bir necə dəfə yüksək qeydə alınıb. Masazır gölünün suları kifayət qədər yüksək çirklənməyə məruz qalmışdır.

Belə olan halda, 10 milyona yaxın olan Azərbaycan xalqı Masazır gölündə istehsal olunan duzdan hər gün istifadə edirsə, o zaman buna qarşı çıxmaq bizim nə həddimizə?! Nuşcanlıqla istifadə eləsin. Sadəcə, bizdən demək ki, Masazır və Novxanı kəndlərinin məişət-kommunal sularından əlavə, “Qurtuluş-93”, “Yeni Bakı”, “Bağçalı Evlər” Yaşayış Komplekslərinin də kanalizasiya suları açıq və ya gizli yolla Masazır gölünə axıdılır. O zaman ortaya belə bir sual çıxır: dövlət qurumları ərazinin ətraf mühitinə dəyən ziyana niyə səssiz qalır, bu istiqamətdə hər hansı tədbir görmürlər? Ona görə də Azərbaycanın müvafiq dövlət qurumları bu biabırçılığı araşdırmalı, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Masazır gölünün fəryadına, harayına səs verməli, dərdinə çarə axtarmalıdır.

Qeyd edək ki, söhbət heç də Masazır gölünün qurumaq təhlükəsi ilə üz-üzə qalmasından getmir. Çünki belə bir təhlükə görünmür. Nə qədər ki, kanalizasiya suları bu gölə axıdılacaq, suyu da bol olacaq, duzu da...

***

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb qurumun mövqeyini öyrənmək istədik. ETSN-in sözçüsü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masazır gölünə yalnız nəzarət etdiyini (?!) bildirdi və problemlə əlaqədar rəhbərliyi xəbərdar edəcəyini, nəticə barədə redaksiyamıza məlumat verəcəyini söylədi. “Azərsu” ASC-dən isə zəngimizə cavab verən olmadı.

Problemlərə dair araşdırmamızı davam etdirərək, bu haqda tərəflərin mövqeyini dərc edəcəyik. Mənim fikrimcə, qarşı tərəflərdən çox maraqlı təkliflər irəli sürüləcək. (tezadlar.az)



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30