SON XƏBƏRLƏR
Ayna Sultanova parkının sonuncu kiçik parçası da hasarlandı

Yazının dərc olunma Tarixi: 1/3/2019

İllərdir ki, hasarla mühasirəyə alınmış məşhur Ayna Sultanova parkının hasarlanmadan kənarda qalan kiçik hissəsi də bu yaxınlarda bağlanıb. İri gövdəli ağacların bir neçəsi tamamilə budanıb, hasarlanmış ərazidə hansısa obyekt üçün bünövrə qazılıb.
Ayna Sultanova parkının sonuncu kiçik parçası da hasarlandı
Yaxınlıqda yaşayan sakinlərin virtualaz.org-a bildirdiyinə görə, parkın bağlanmasına etiraz etsələr də, onlara məhəl qoyan oymayıb. Fevral ayının əvvəlindən bu yana bu yaşlıların, pensiyaçıların toplaşaraq istirahət etdiyi yeganə kiçik ərazidən də əlləri üzülüb.

Restoran tikəcəklər?

Sakinlər deyirlər ki, parkı əslində təmir adı ilə bağlayıblar, amma heç kim zəmanət vermir ki, burada ağacları kəsib ticarət obyekti tikməyəcəklər: “Bir aya yaxındır ki, gəlib hasara aldılar, ad da qoydular ki, təmir olunacaq. Amma biz bu təmir yalanlarına daha inanmırıq, çünki 5-6 il əvvəl parkın əsas hissəsini də guya təmir məqsədilə bağlamışdılar. Amma məlum oldu ki, hansısa sahibkara satıblar, o da ağacları kəsib obyekt tikdirir. Ara yerdə neçə dənə iri ağac susuzluqdan məhv oldu”, - deyə Atatürk prospektində yerləşən obyekt sahiblərindən birinin işçisi deyir.

Sakinlər deyirlər ki, parkın bu yaxınlarda hasarlanan hissəsində böyük obyekt tikintisi ağlabatan deyil. Ehtimal olunur ki, orada restoran və ya digər iaşə obyekti inşa olunacaq.

“Qızım, bizə zülm edirlər…”

Park bağlandığından sonra artıq bura dincəlmək üçün gələn yaşlı sakinlərin də ayağı kəsilib. Yaxınlıqdakı binada yaşayan Saleh dayını da təsadüfən mağazadan çörək alıb evinə gedərkən gördük. Pensiyaçı deyir ki, parkın hasarlanması ilə onun kimi çox yaşlıların ömrü qısalacaq: “Qızım, bizə zülm edirlər. İllərdir bu cür gözəl parkımızı satdılar, hasarladılar. Gözümüz görə-görə yayda ağaclarımız susuzluqdan quruyur, heç nə edə bilmirik. Şikayət eləmədiyimiz yer qalmayıb, Mənzil-İstismar Sahəsinə, İcra Hakimiyyətinə, sahə müvəkkilinə şikayət etmişik, baxan yoxdur. Hasarlanmayan bir balaca yer qalmışdı, o da dörd tərəfdən maşın yolunun əhatəsində qalan künc idi, indi onu da bizə çox gördülər. 4-cü mərtəbədə qalıram, həyətdə dincəlməyə yer yoxdur, elə bilirəm həbsxanadayam, oturub ölən günümü gözləyirəm...”

Parkda gününü keçirənlər müharibə veteranları idi, qalıblar çarəsiz…

Sakinlər bildirirlər ki, burada dincələnlərin əksəriyyəti sağlamlığında problem olan yaşlı insanlar, müharibə veteranları idi, indi çarəsiz qalıblar. Nə başqa yerə gedə bilirlər, nə də getməyə yer var. Əgər parkın heç olmasa, bu kiçik küncü tezliklə açılmasa, onların yaşaması müşkül olacaq.

“Nəzərə alın ki, qarşıdan yaz, yay gəlir, təsəvvür eləyin, buradakı yaşlı, xəstə insanların aqibəti necə olacaq. Bizə axı dincəlmək lazımdır, harada dincələk, necə nəfəs alaq? Bu parkın təmiri nə qədər xərc aparır ki, illərdir bağlıdır? Dərdimizi kimə deyək, bizi saya salan yoxdur. Vallah biz indiyə kimi onu öz cibimizin puluyla təmir edərdik...”, - deyə digər bir sakin bildirir.

Parkın əvvəldən bağlanan hissəsində isə artıq bir neçə mərtəbəli obyektin tikintisinə başlanılıb, taxta konstruksiya qurulub. Nə tikildiyini isə heç kim bilmir.

Xatırladaq ki, virtualaz.org daha əvvəl də bu parkın illərdir ki, təmirə bağlanması problemini işıqlandırıb. Sonuncu dəfə hazırda bağlanmış bu hissədə dincələn sakinlər virtualaz.org-a şikayət edərək parkın bağlanması səbəbindən bir neçə yaşlı insanın ayaqlarının tutulduğunu, bəzilərinin parkın kənarındakı yolda avtomobil tərəfindən vurulduğunu bildirmişdilər.

Onların sözlərinə görə, park hasarlanan zaman sakinlərə Avropa Oyunlarına qədər təmir olunacağı söz verilsə də, sonradan ərazinin iş adamlarından birinə restoran tikilməsi üçün satıldığı məlum olub.

Yaya qədər hazır olacaq – icra hakimiyyəti vəd edir

Sakinlərin irad və şikayətlərini araşdırmaq üçün Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənar Kərimov virtualaz.org-a Ayna Sultanova parkının yay aylarına qədər təmir olunaraq istifadəyə veriləcəyini dedi.

Onun sözlərinə görə, parkın ərazisində hər hansı ağac kəsilməsindən, obyekt tikintisidən söhbət gedə bilməz: “Prezident İlham Əliyev Ayna Sultanova parkının təmirinə 1,5 milyon manat vəsait ayırıb. Artıq ərazidə işlərə başlanılıb və yay aylarına qədər həmin parkın istifadəyə verilməsi gözlənilir. Orada heç bir ağac kəsilməyib, ancaq bəzi ağaclar Yaşıllaşdırma Təsərrüfatı Birliyi və ETSN ilə razılaşdırılaraq budanıb. Park hazır olana kimi orada başqa dekorativ ağaclar da əkiləcək”.

“Obyekt yox, asudə vaxtın təşkili üçün yer tikilir…”

Obyekt tikintisinə gəlincə isə, icra rəsmisi sakinlərin şikayəti ilə razılaşmadı: “Orada hər hansı obyekt tikilmir, sadəcə, sakinlərin asudə vaxtının təşkili üçün (?!) yer tikilir”.

Lakin sakinlərin “asudə vaxtının təşkili”inə xidmət edəcək bu tikilinin məhz nədən ibarət olacağı haqda danışılmır. “Asudə vaxtın təşkili” isə belə yerlərdə adətən restoranlar, çayxanalar və ya kaferlər ola bilər.

Xatırladaq ki, Atatürk prospekti ilə Ziya Bünyadov küçəsinin kəsişməsində yerləşən Ayna Sultanova parkı 1980-cı ildə salınıb, həmin vaxt ərazisi 1,6 hektar sahəni əhatə edib. Binəqədi rayon İcra hakimiyyəti 2014-cü ildə təmirə bağlanan parkda Ayna Sultanovanın heykəlinin götürülməyəcəyi ilə bağlı məlumat yaymışdı.

Prezident İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. İndi ona ümid etmək qalır ki, parkın abadlaşdırılması və yenidən qurulması üçün prezidentin göstərişini icra edən məmurlar fürsətdən istifadə edib orada özlərinə hansısa kommersiya obyekti açmayacaqlar, park doğrudan da sakinlərin istirahətinə xidmət edəcək.



Fikrini bildir