SON XƏBƏRLƏR
Xırdalan sakini polisdən və prokurorluqdan Prezidentə şikayət etdi

Yazının dərc olunma Tarixi: 5/3/2019

“Məni məcbur etmək istəyirdilər ki, Abşeron RPİ-də ifadə (izahat) verim, istintaq aparılmadan cinayət işinə xitam versinlər və cinayət işini bağlasınlar”
Xırdalan sakini polisdən və prokurorluqdan Prezidentə şikayət etdi
“Təzadlar”a Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 1, mənzil 32 ünvanında yaşayan Muradov Elçin Dadaş oğlunun Azərbaycan Respublikasının Prezidentinə ünvanlı müraciəti daxil olub.

Vətəndaş E.Muradov yazır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda qaldırılmış 160270372 №-li cinayət işinə obyektiv baxılmaması barədə dövlət başçısına dəfələrlə müraciət etsə də, heç bir nəticə olmayıb. Bu səbəbdən ölkə Prezidentinə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qalıb.

Hörmətli cənab Prezident!

Mənim şikayətim ölkənin hüquq-mühafizə orqanlarındandır. Çünki bu sahədə çalışan işçilərin əksəriyyəti dövlət məmurlarının sifarişlərini yerinə yetirir. Nəticədə isə, vətəndaşların hüquqları pozulur.
Bildirirəm ki, nəzarətçi vəzifəsində çalışdığım Abşeron rayon Mədəniyyət Mərkəzində 03.01.2015-ci il tarixdə yeni il şənliyi keçirildiyi zaman - saat 14:00 radələrində 4 nəfər tərəfindən mənə qarşı müqavimət göstərilmişdi və nəticədə, bədən xəsarəti almışdım. 03.01.2015-ci il tarixdə hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdim. Lakin şikayətimə obyektiv baxılmadı.

Abşeron rayon Polis İdarəsinə etdiyim şikayətin istintaqı tam və obyektiv aparılmadığından müstəntiqin qanunsuz, haqsız və əsassız qərarından Daxili İşlər Nazirliyinə, rayon Prokurorluğuna, Baş Prokurorluğa dəfələrlə etdiyim şikayətlərimə də qanun çərçivəsində baxılmadı.

Müraciətlərim hər dəfə tədbir görülməsi üçün şikayət etdiyim ünvanlara göndərildi. Nəticədə, şikayətlərim baxılmamış qaldı.

Mən Rusiya vətəndaşı kimi Rusiya Federativ Respublikasının Prezidenti Vladimr Vladimiroviç Putinə etdiyim bir müraciətimdən sonra Respublika Prokurorluğunda ləğv etmək istəmədikləri əsassız qərar 05 avqust 2016-cı ildə ləğv olunaraq 160270372 №-li cinayət işi qaldırıldı. Ancaq yenə də hüquq-mühafizə orqanlarında (DİN-də və Baş Prokurorluqda) şikayətim qərəzli araşdırıldı. Ona görə də şikayətimə Abşeron rayon Prokurorluğunda və Abşeron RPİ-də r baxılmasına etiraz etdim.

Azərbaycan Respublikası Baş Prokurorunun 06 fevral 2017-ci il tarixli qərarı ilə 160270372 №-li cinayət işi üzrə istintaqın davam etdirilməsi Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinə göndərildi.
Nəzərinizə çatdırıram ki, cinayət işi üzrə istintaqın aparılacağı barədə Sumqayıt şəhər Polis İdarəsindən və Şəhər Prokurorluğundan bu günə qədər mənə heç bir məlumat verilməyib.

Sonradan məlum oldu ki, Sumqayıt ŞPİ-də 160270372 №-li cinayət işi üzrə istintaq hərəkətləri aparılmadan cinayət işinə xitam verilib. Sumqayıt ŞPİ-nin müstəntiqi Hüseynov Elgün Sabir oğlu qanunsuz və əsassız qərarında cinayət işinə xitam verməsinin səbəbini “iş üzrə istintaq müddətinin qısa olması nəzərə alınaraq, Elçin Muradovun istifadəsində olan mobil telefona zəng edərək Polis İdarəsinin İŞ-nə dəvət edilsə də, çağırışa gəlməmişdir” kimi göstərib.

Halbuki müstəntiq və prokuror bilməli idilər ki, istintaq prosesinin aparıldığı müddət az olduqda istintaq müddətini Az.Res.CPM-nin 84-cü maddəsinin tələblərinə görə prokuror artırır. Baş Prokuror Z.Qaralovun qərarı ilə istintaq müddəti 5 ay uzadıldığına baxmayaraq, müstəntiq Hüseynov Elgün heç bir istintaq hərəkətləri aparmayıb.

Müstəntiq Elgün Hüseynovun qanunsuz və əsassız qərarının ləğv olunması üçün Sumqayıt şəhər Məhkəməsinə etdiyim müraciət əsasında qərar 21 noyabr 2017-ci ildə ləğv olundu. Savadsız müstəntiq Hüseynov Elgün təqsirkarların günahsız olduğunu və münaqişəni mən (zərərçəkən) başladığımı, günahkar olduğumu hakimə inandırmağa çalışırdı.

Abşeron RPİ-nin müstəntiqi Emil Hacıyev də qanunsuz və əsassız qərarının 06 aprel 2015-ci il tarixdə Abşeron rayon Məhkəməsində ləğv olunanda təqsirkarları müdafiə edir və məni günahlandırmağa çalışırdı.

06 aprel 2015-ci ildə ləğv olunmuş qərar əsasında istintaq aparılmayıb və müstəntiqin qanunsuz və əsassız qərarı mənə bu günə qədər göndərilməyib. Abşeron RPİ-nin müstəntiqi Firdovsi Əsədov da DİN-də eyni üsulla təqsirkarları müdafiə etmək məqsədi ilə məni (zərərçəkəni) günahlandırmaq istəyirdi. Məni məcbur etmək istəyirdilər ki, Abşeron RPİ-də ifadə (izahat) verim, istintaq aparılmadan cinayət işinə xitam versinlər və cinayət işini bağlasınlar.

Respublika Prokurorluğundan mənə göndərilmiş Müşfiq Səfərovun imzası ilə yazılı cavabda (11 iyul 2017-ci il 05/5107-02) “28 fevral 2017-ci il tarixdə Az.Res. CPM-nin 391.1.2.-ci maddəsinin tələblərinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir” - göstərilir.

Müşfiq Səfərovun imzası ilə mənə göndərilən (10 mart 2017-ci il 05/5107-02 və 14.04.2017-ci il 05/5107-02) cavablarında “Sumqayıt şəhər Polis İdarəsində hal-hazırda cinayət işi üzrə istintaq davam etdirilir” - göstərilir. Mart və aprel aylarında necə istintaq aparılıb ki, istintaqı aparılan cinayət işinə fevral ayının 28-də xitam verilib?!

Abşeron rayon Prokurorluğunda şikayət ərizələrim cavabsız qalıb. Sumqayıt şəhər prokurorunun mənə göndərdiyi yazılı cavabında da polisin haqsız, qanunsuz və əsassız qərarının əsaslı olduğunu göstərir.
05 avqust 2016-cı ildə qaldırılmış 160270372 nömrəli cinayət işinə görə savadsız və məmur göstərişlərinə xidmət edən müstəniqlərin 5 qanunsuz və əsassız qərarları ləğv olunmuşdur. 05 avqust 2015-ci ildə qaldırılmış cinayət işinin istintaqı da bu günə qədər aparılmayıb.

27 mart 2018-ci ildə Sumqayıt ŞP-da ləğv olunan qərar əsasında heç bir istintaq hərəkətləri aparılmayıb, tərəflər istintaqa dəvət olunmayıb, şahidlər dindirilməyib və üzləşdirmə keçirilməyib. Şikayətlərimlə əlaqədar olaraq cinayət işinin istintaqının aparılması barədə Sumqayıt ŞP-dan və Sumqayıt ŞPİ-dən mənə bu günə qədər heç bir məlumat verilməyib.

Sumqayıt şəhər prokuroruna göndərilən 17 noyabr 2017-ci il və 30 aprel 2018-ci il tarixli ərizələrimə bu günə qədər cavab verilməyib. 11.06.2018-ci ildə mənə göndərilən Sumqayıt ŞPİ-dən birinci dəfə yazılı cavab olan müstəntiqin 27 mart 2018-ci ildə ləğv olunan qərarının əsasında istintaqı aparılmayan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 20 may 2018-ci il tarixlə müstəntiq Şahbazov Elşad Şahab oğlunun imzası ilə göndərilən qərarı almışam.

Müstəntiq Elşad Şahbazov heç bir istintaq hərəkətləri aparmadan cinayət işinə xitam verib. Məmur göstərişlərinə xidmət edənlər cinayət işi üzrə heç bir istintaq hərəkətləri aparmadan cinayət işinə xitam verirlər. Hadisə iştirakçılarını şahid kimi göstərmək istəyirlər. Amma hadisə şahidlərindən izahat almayıblar.

Sumqayıt şəhər prokurorunun mənə 26 noyabr 2018-ci il tarixli № Ş 162/çıx -2338 nömrəli 1 dekabr 2018-ci ildə göndərdiyi savadsız yazılı cavabında göstərmişdir ki, Sumqayıt ŞM-də 27 sentyabr 2018-ci ildə ləğv edilən qərar əsasında əlavə istintaq aparılması 12 noyabr 2018-ci ildə müstəntiq Elşad Şahbazova tapşırılmışdır və 14 noyabr 2018-ci ildə cinayət işi üzrə icraata xitam verilmişdir.

Müstəntiq Elgün Hüseynov heç bir istintaq hərəkətləri aparmadan bir gün ərzində 05.12.2017-ci ildə cinayət işi üzrə icraata xitam vermişdir. Müstəntiq Elşad Şahbazov da heç bir istintaq hərəkətləri aparmadan iki gün ərzində 14.11.2018-ci ildə cinayət işinə xitam vermişdir.

Hörmətli cənab Prezident!

Yuxarıda göstərilənlər istintaqın qərəzli aparılmasını sübut edən faktlardır. Belə olduğu halda, mənim şikayətim qanun çərçivəsində obyektiv (araşdırıla) baxıla bilməz. Belə qanunsuz hərəkətlərdən görünür ki, Azərbaycan Respublikası dövlət qanunlarına əməl olunmadan hansısa məmurun (məmurların) şəxsi göstərişinə əməl olunur və onlara xidmət edirlər. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 451.3.1-ci maddəsinə əsasən “şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür”.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 451.3.1-ci maddəsinə Az.Res. Baş Prokurorluğunda çox təəssüf ki, əməl olunmur.

Hörmətli redaksiya!
Xahiş edirəm, dövlət başçısına ünvanladığım bu müraciəti qəzetinizdə olduğu kimi dərc edəsiniz”. (Tezadlar.az)



Fikrini bildir