SON XƏBƏRLƏR
Bakıda sahibsiz itlər problemi təhlükəli miqyas alır

Yazının dərc olunma Tarixi: 22/4/2019

Bakıda, xüsusilə də şəhərətrafı qəsəbə və kəndlərdə sahibsiz itlər real təhlükəyə çevrilib. Vəziyyət o həddə çatıb ki, itlər artıq küçədə deyil, öz evinin həyətində oynayan uşaqlara da hücum edir. Ötən həftənin sonunda Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 4 yaşlı Hüseyn Məmişovu həyətdə oynayarkən it tutub, heyvan azyaşlının üzünü parçalayıb, gözünə xəsarət yetirib. Hazırda Klinik Tibbi Mərkəzdə müalicə alan Hüseynin vəziyyəti orta-ağır qiymətləndirilir.
Bakıda sahibsiz itlər problemi təhlükəli miqyas alır
Səhiyyə Nazirliyi də it təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirlikdən virtualaz.org-a daxil olan məlumatda deyilir ki, bu ilin birinci rübündə ölkədə təxminən 5 min nəfəri it dişləyib. Bu isə orta hesabla hər gün 54 nəfər edir. Ötən il heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. “Bu ilin ilk 3 ayında 5 minə yaxın müraciət daxil olub. Heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçir”,-nazirliyin rəsmi müraciətində deyilir. Nazirlik vətəndaşları ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin illik məlumatında isə heyvan, xüsusilə də it dişləməsi ilə bağlı faktların ildən-ilə artdığı təsdiqlənir. Heyvan dişləməsinin 90 faizi it dişləmələrinin payına düşür.

Bir başqa məlumatda isə itlərin güllələnməsinin qarşısı alınandan sonra heyvanların sayının sürətlə çoxaldığı, hazırda təkcə paytaxt küçələrində minlərlə sahibsiz itin dolaşdığı bildirilir.

Qeyd edək ki, quduzluq kimi qorxunc və müalicəsi olmayan xəstəliyin qarşısının alınması, digər tərəfdən itlərin qorunması məqsədilə Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi ilə Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə sahibsiz heyvanların müalicəsi, vaksin edilməsi məqsədilə müasir avadanlıqlarla təmin olunmuş klinika da daxil olmaqla sığınacaq yaradılıb. Həmçinin itlərin daşınması üçün xüsusi maşınlar alınıb. Amma itlərin çox olması səbəbindən sahibsiz heyvan problemini kökündən həll etmək mümkün olmur. Beləliklə, hələ də Suraxanı rayonunun Bülbülə, Zığ, Türkan, Hövsan qəsəbələrində, Binəqədi rayonunun Sulutəpə, Biləcəri qəsəbələrində, Masazırda, Müşfiqdə, Yasamalda, Xəzər rayonunun Buzovna, Mərdəkan qəsəbələrində, adlarını sadalamadığımız onlarla Bakıətrafı kənd və qəsəbələrdə küçə itlər sakinlərin qorxulu röyasına çevrilib.

Sakinlərdən ayrı-ayrılıqda daxil olan şikayətlərdən də görünür ki, itlər əvvəllər qaranlıqda, xəlvət yerlərdə insanlara hücum edirdilərsə, indi günün günorta çağı hücum çəkirlər. “Uşağı gözdən qoymaq mümkün deyil. Məhəllədə itlər dəstə ilə gəzir. Gecələr səs-küydən yata bilmirik, gündüzlər qorxudan gəzə”, - şikayətlərdə deyilir. Və belə görünür ki, heç kim sahibsiz itlərin hücumundan sığortalanmayıb.

Amma hər gün baş verən hadisələrə baxmayaraq, itlərin küçələrdən yığışdırılmasına etiraz edənlər də var, onlar hətta iti müayinə və vaksin etmək istəyənlərə də mane olurlar. Heyvansevərlər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdikləri aksiyada bunu etiraf ediblər. Onlar sahibsiz itlərə qarşı tədbir görənləri heyvan haqlarını qoruyan beynəlxalq təşkilatlara şikayət etməklə təhdid ediblər. Baxmayaraq ki, heç bir ölkədə küçələrdə sahibsiz dolaşan heyvanlara rast gəlinmir, üstəlik heyvan dişləməsi ilə bağlı bu qədər fakt var. Görünür, bəziləri üçün heyvan haqları azyaşlıların həyatından daha dəyərlidir. Binəqədidə baş verən faciə hələ çox təkrarlanmalıdır. İt dişləmiş 4 yaşlı Hüseynin üz nahiyəsinin bərpası üçün isə hələ bir neçə əməliyyata ehtiyac var.



Fikrini bildir