SON XƏBƏRLƏR
Ucar sakini ürək-damar cərrahı Anar Əmrahın necə qurbanı oldu?

Yazının dərc olunma Tarixi: 28/5/2019

Tahirə Abışova: “Hörmətli Prezident, hörmətli Mehriban xanım, sizdən çox-çox xahiş edirəm şikayət ərizəmdə göstərdiyim faktları yerində, bizim iştirakımızla araşdırb 16000 (on altı min) manat pulumuzu alıb, bizi aldatmış Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim həkimləri, cərrah Anar Əmrah və İlqar İsmayılov barəsində qanuna müvafiq tədbirlər görəsiniz”
Ucar sakini ürək-damar cərrahı Anar Əmrahın necə qurbanı oldu?
Qəzetimizin ötən sayında Respublika Müalicəvi Diaqnostika Mərkəzinin bir qolu olan Bakı Ürək Mərkəzinin şöbə müdiri Anar Əmrahın açıq ürək əməliyyatı etdiyi Ağsu sakini Babək Kərimovun 6 gündən sonra vəfat etməsi barədə qardaşı Zahid Kərimovun müraciəti əsasında yazı dərc olunmuşdu. Yazıda əks tərəf kimi həkim Anar Əmrahın da mövqeyi əksini tapmışdı. Z.Kərimov iddia edirdi ki, qardaşının ölümünə həkim A.Əmrahın naşılığı səbəb olub. Həkim isə bizimlə söhbətdə bildirmişdi ki, xəstə ürək əməliyyatından yox, beyin insultu keçirməsindən dünyasını dəyişib.

Zahid Kərimov isə hadisənin düzgün araşdırılması üçün qəzetimiz vasitəsi ilə Prezident cənab İlham Əliyevə, birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Baş prokuror cənab Zakir Qaralova, Baş Prokuror yanında Korrupsiyayaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə və səhiyyə naziri cənab Oktay Şirəliyevə müraciət etmişdi. Biz də bu yöndə araşdırmalarımızı və mütəxəssis rəylərini öyrənməyimizi davam etdiririk.

Belə bir məqamda Ucar rayonunun Lək kənd sakini Abışova Tahirə Yusif qızı tərəfindən KİV-lərdə dərc olunmuş şikayəti həm də “Təzadlar”a göndərilib.

Tahirə xanım şikayət məktubunda dünyasını dəyişən həyat yoldaşı Zakir Cabbarovun üzərində ürək əməliyyatı keçirən Anar Əmrahı, iki gün ərzində bağırsaq və qan sızmadan əməliyyat edən İlqar İsmayılovu günahlandırır və s. Nə qədər qəribə də olsa, 15 gün ərzində 3 dəfə, ürəkdən, bağırsaq və qan sızmadan xəstəni əməliyyat ediblər. Biz mütəxəssislərin mövqeyini öyrənəcəyik ki, 15 gün ərzində ürəyi xəstə olan və əməliyyata məruz qalan xəstəyə 3 dəfə narkoz vermək olardımı? Şikayətçi Tahirə Abışova məktubunda ərinin ölümünə səbəb oduğu bildirilən, Bakı Ürək Mərkəzinin, eyni zamanda Respublika Müalicə Diaqnostika Mərkəzinin həkimi Anar Əmrahın və İlqar İsmayılovun cəzalandırılmasını və əməliyyatlar üçün borca girib ödədikləri 16 min manat pulu geri tələb edir. Tahirə xanımın ittiham dolu və Prezident cənab İlham Əliyevə, birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Baş prokuror cənab Zakir Qaralova və səhiyyə naziri cənab Oktay Şirəliyevə ünvanlı müraciətini olduğu kimi təqdim edirik:

Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!


Bu şikayət ərizəmizdə yazıb Sizə bildirirəm ki, mənim həyat yoldaşım Cabbarov Zakir Hüseynqulu oğlu həkim qəddarlığının qurbanı olub. Bunu isə səriştəsiz həkimlər bizim pulumuzu talamaq üçün ediblər. Bu əməli Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri ediblər. Belə ki, 29 mart 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarovun ürəyindən cərrahiyyə əməliyyatını Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Anar Əmrah etdi. Həmin cərrahiyyə əmıliyyatı üçün 8500 manat pul ödədik. Sonra həyat yoldaşım Zakir Cabbarovun vəziyyəti pisləşdi deyə onu müayinə etdilər və məlum edildi ki, guya onun bağırsağında problem var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri bildirdilər ki, təcili əməliyyat olunmalıdır. Bunun üçün həyat yoldaşımı 10 aprel 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov tərəfindən bağırsağından cərrahiyyə əməliyyatı edildi. Buna görə 6340 manat pul ödədik. Bağırsaq cərrahiyyəsindən sonra həyat yoldaşımın vəziyyəti daha da pisləşdi. Həkim müayinə edib dedi ki, qan sızma var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov onu 12 aprel 2019-cu il tarixdə təkrar cərrahiyyə əmliyyatı etdi. Bundan sonra həyat yoldaşımın vəziyyəti günü-gündən pisləşdi. Həkimlər bizə bildirdilər ki, Zakir yaşamayacaq, aparın öz evində qalsın. Biz həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ambulans maşınına 350 manat verib Ucar rayonu Lək kəndinə gətirdik. 25 aprel 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarov Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı və savadsızlığı ucbatından dünyasını dəyişdi. Bəlkə də həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinə aparmayıb, başqa xəstəxanaya aparsaydıq indi o sağalıb həyatda yaşayardı.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin səriştəsiz həkimlərinin talançılıqlarının nəticəsində həm həyat yoldaşım dünyasını dəyişdi həm də borca düşdük. Evimizin bütün əşyalarını, həyətimizin mal-qarasını satıb həyat yoldaşımın müayinə və müalicəsinə xərcləmişik. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri üst-üstə bizdən 16.000 manat pul alsalar da, bununla kifayətlənməyib, bizdən əlavə qalmış 5400 manat pulu ödəməyi tələb edirdilər. Şikayət edəcəyimizi bilib sonra həmin pulu istəmədilər. Ancaq biz talançı həkimlərin aldıqları 16000 manat pulumuzu tələb edirik. Onlar bizim 16000 manat pulumuzu qaytarmasalar Səhiyyə Nazirliyinin qarşısında intihar edəcəm. Mən sənədlə, faktlarla sübut edirəm ki, həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı məhv etdi. Çünki bir adamı 15 gün ərzində 3 müxtəlif nahiyələrdən ağır cərrahiyyə əmaliyyatına məruz qoymaq, onu qəsdən öldürmək deməkdir. Dünyanın heç bir yerində belə hal baş verə bilməz. Bunu heç bir savadlı həkim etməzdi ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri etdilər. Bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir.

Həyat yoldaşım Zakir ürəyindən cərrahiyyə əməliyyatı edilməmişdən əvvəl bütün orqanlarından ətraflı müayinə edilmişdi. Həmin zaman onun bağırsağında hər hansı xəstəliyi və ya yarası olmadı. Bundan 9 gün sonra onun bağırsağında yara olmasını aşkar etmək yalandır. Bunu isə ona görə ediblər ki, bizdən pul alsınlar. 15 gün ərzində həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin talançı həkimləri 3 dəfə cərrahiyyə əməliyyatı etdilər. Sanki onun üzərində təcrübə keçirdilər.

Mənim həyat yoldaşım Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığının qurbanı oldu. Bilirəm, olan oldu, daha o qayıdan deyil. Ancaq bu talançılardan bizdən aldıqları 16000 manat pulumuzu tələb edirik ki, ona qara mərmərdən abidə qoyaq ki, həkimlərin qara əməllərinin yadigarı kimi tarixdə qalsın. Mən bu talançı həkimlər barədə cənab prezident, Sizə və Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət edirəm.

Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!


Sizdən çox-çox xahiş edirəm, şikayət ərizəmdə göstərdiyim faktları yerində, bizim iştirakımızla araşdırıb 16000 (on altı min) manat pulumuzu alıb, bizi aldatmış Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim həkimləri- Anar Əmrah və İlqar İsmayılov barəsində qanuna müvafiq tədbirlər görəsiniz, bizdən aldıqları 16000 manat pulumuzu özümüzə qaytarılmasına köməklik göstərəsiniz. Bir daha qeyd edirəm ki, bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir.

“Təzadlar”dan: Doktor Anar Əmrahın mövqeyini öyrənmək üçün dünən 27.05.2019-cu il tarixdə, saat 16:45-də onun mobil telefonuna etdiyim zəngə cavab verilmədi. Doktor İlqar İsmayılovla isə əlaqə yarada bilmədik. Bununla belə hər ikisinin mövqeyini dinləyib, dərc eləməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

(tezadlar.az)



Fikrini bildir