SON XƏBƏRLƏR
"OVÇULAR"IN SAHİBİ AĞACLARI BELƏ MƏHV ETDİ

Yazının dərc olunma Tarixi: 31/5/2019

Paytaxtın Yasamal rayonunda, "Azərbaycan" nəşriyyatının qarşısında ağaclar məhv edilir və bunu heç kim "görmür".

Bu barədə "Təzadlar" qəzetinə Mətbuat prospekti, bina 30-36 ünvanında yaşayan sakinlər məlumat verib.
"OVÇULAR"IN SAHİBİ AĞACLARI BELƏ MƏHV ETDİ
Tezadlar.az xəbər verir ki, sakinlərin sözlərinə görə, bu günlərdə binanın zirzəmisində fəaliyyətə başlayan "Ovçular" mağazasının sahibi ərazidəki ağacların qol-budağını kəsərək, əməlli-başlı soyqırıma məruz qoyub.

"Mağazanın binamızın divarına yapışdırılan reklam şiti görünsün deyə hündür ağacların iri və xırda qol-budaqları gecə saatlarında xəlvətcə kəsilib. Bu, nə biabırçılıqdır? Gündüz vaxtı gözümüzün qabağında baş verən bu hadisədən yəqin ki, bizdən 500 metrlik məsafədə yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbəri yoxdur. Obyektivliyinizə inanaraq, sizə müraciət etmək məcburiyyətində qaldıq. Xahiş edirik, əməkdaşınızı göndərin, vəziyyəti öz gözləri ilə görsün və nə baş verdiyini saytınızda işıqlandırın. Onu da deyək ki, həmin ağaclar ictimai nəqliyyat dayanacağının yanındadır. Günəşli havada avtobus gözləyən insanlar həmin ağacların kölgəsində dayanırdılar. İnsanlar indi ondan da məhrum oldular. İkincisi və ən vacibi odur ki, 9 mərtəbəli "Azərbaycan" nəşriyyatı bizim 5 mərtəbəli bina ilə üzbəüzdədir. Xüsusən də, gecələr həmin ağaclar mənzilimizin içərisini görünməz edirdi. İndi bu çılpaqlıqda özümüzü çox narahat hiss edirik", - deyə sakinlər bildirib.
Əməkdaşımız sözügedən ünvanda olaraq son vəziyyətlə yaxından maraqlanıb. Araşdırma zamanı məlum olub ki, ərazidə onlarla ağacın qol-budağı kəsilərək lüt hala salınıb. O da məlum oldu ki, «Ovçular» mağazasının sahibi şəxsi -kommersiya maraqları üçün ağacları məhv edib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq.

(tezadlar.az)



Fikrini bildir