SON XƏBƏRLƏR
Bir qrup keçmiş müstəntiq 2014-cü ildə təyin edilmiş maaş artımını niyə ala bilmir?!

Yazının dərc olunma Tarixi: 3/6/2019

Daxili İşlər Nazirliyinin əmək pensiyasına çıxmış bir qrup zabiti vəzifə maaşlarına 2014-cü ildən təyin edilmiş əlavə artımı ala bilmir.
Bir qrup keçmiş müstəntiq 2014-cü ildə təyin edilmiş maaş artımını niyə ala bilmir?!
Nazirlər Kabinetinin “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” 73 nömrəli qərara 2014-cü ildə etdiyi dəyişikliyə görə, müstəntiqlərə, kriminalistlərə, təhqiqatçılara onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə artım təyin edilsə də, bu qərar heç bir əsas göstərilmədən 2014-cü ildən əvvəl pensiyaya çıxmış zabitlərə şamil edilmir.

Bu şikayətlə virtualaz.org saytının redaksiyasına pensiyaya çıxmış bir qrup DİN zabiti-keçmiş müstəntiqlər müraciət edib. Onlar bildirirlər ki, əlavənin bir qrup pensiyaçı zabitə şamil edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndi, Normativ hüquqi aktlar haqqında qanunun 87.2-ci maddəsi və “Əmək pensiyası haqqında” qanunun 29.3-cü maddəsinin tələbləri ilə daban-dabana ziddir.

Şikayətçilər deyirlər ki, əslində dəyişiklik daxili işlər orqanlarında çalışan və qərar təsdiqlənənə qədər pensiyaya çıxmış bütün əməkdaşlara şamil edilməlidir. Qanuna görə, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyalarına əlavələr yenidən hesablanır.

“Daxili İşlər Nazirliyindən israrla bildirirlər ki, guya Nazirlər Kabineti həmin qərarla DİN rəhbərliyinə müstəsna (diskresion) səlahiyyət verib, o da həmin səlahiyyətdən istifadə edərək həmin qərarda nəzərdə tutulmuş əlavə artımı istədiyi əməkdaşlara şamil edir. İnzibati İcraat haqqında qanunun 2.0.7-ci maddəsinə görə, “Diskresion səlahiyyət - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanuna uyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir”. Ona görə də, Nazirlər Kabinetinin diskresion səlahiyyət vermək hüququ yoxdur”, -İsmayıl Bağırov bildirir.

Şikayətçi deyir ki, bu qanun pozuntusu ilə bağlı əmək pensiyasında olan və sosial durumları daha da ağırlaşmış polis zabitləri dəfələrlə səlahiyyətli şəxslərə, məhkəməyə müraciət ediblər. Lakin məhkəmə iddianı təmin edilməyib, dövlət orqanları ya heç cavab verməyib, ya da formal rədd cavabı verməklə kifayətləniblər. Rədd cavabları hər hansı bir qanuna, normativ hüquqi aktlara əsaslandırılmayıb. Elə bu fakt onların haqsız olduğunu göstərir.

“DSMF-nin Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş Departamentinə müraciətimizə baxmayaraq bizə aylarla gecikdirilmiş formal cavab verməklə kifayətləniblər. Həmin qərar qəbul edilən tarixə qədər əmək pensiyasına çıxmış 100-150 nəfərə yaxın polis əməkdaşına bunu şamil etməməklə guya dövlətə iqtisadi cəhətdən xeyir gətirmək istəyirlər. Əslində isə həmin məmurlar belə bir əməllə dövlətə qarşı etibarsızlıq yaradırlar. Bu bütün ömrünü, sağlamlığını dövlətə qurban vermiş Qarabağ müharibəsi veteranları, ən azı 30-40 təqvim ili müddətində daxili işlər orqanlarında çalışmış və hazırda pensiyaya çıxmış şəxslərə qarşı haqsızlıqdır”, - Tahir Şahbazov deyir.

Şikayətçilər qeyd edirlər ki, analoji hal sabiq hakimlər, prokurorluq əməkdaşları və dövlət qulluqçuları ilə də baş verib. Lakin həmin xüsusat onların xeyrinə öz həllini tapıb.

Keçmiş müstəntiqlər deyirlər ki, əlavədən məhrum edilənlərin sayı təxminən 100-ə yaxındır. Və müxtəlif instansiyalara şikayətlər edə-edə onların sıraları seyrəlir, sayları azalır. Çünki bir çoxları müxtəlif xəstəliklər səbəbindən vəfat ediblər…



Fikrini bildir