SON XƏBƏRLƏR
AzTV-də nə baş verir?

Yazının dərc olunma Tarixi: 15/8/2019

Sədr əvəzi Rövşən Məmmədovun «6 aylıq işə götürmə müqaviləsi» hansı əmək qanunvericiliyi ilə tənzimlənir?
AzTV-də nə baş verir?
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişiklikləri bir müddətdir davam edir.

Ölkənin elektron KİV-lərinin yazdığına görə, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov şirkətin Maliyyə və iqtisadiyyat şöbəsinin rəisi Natiq Kərimovu və onun kürəkəni Emin Yasinovu tutduğu vəzifədən azad edib, yerinə Elmar Əliyev təyin olunub. Maraqlıdır ki, işdən çıxarılan şöbə rəisi Natiq Kərimovu əz əvvəl elə həmin vəzifəyə elə Rövşən Məmmədov təyin etmişdi. Üstəlik, məlum olur ki, onun qaynı Emin Yasinov isə eyni vaxtda reklam Departamentinə müdir təyin olunmuşdur. Lakin bu əmrin, necə deyərlər, mürəkkəbi qurumamış, daha dəqiq desək, üstündən 5 ay ötəndən sonra hər ikisi ciddi maliyyə nöqsanlarına görə tutduğu vəzifəsindən çıxarılır. Problem isə ondadır ki, işə götürələnlər digər iş yeri ilə də vidalaşıblar və artıq hər ikisi Rövşən Məmmədovun çiy əmri ilə havada qalıblar. Əmək kitabçaçında isə 5 aylıq əmrin izi qalıb.

Teleşirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov isə “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, Natiq Kərimov AzTV-yə gələn zaman onunla 6 aylıq müqavilə bağlanıb: “Bu müddət ərzində o maliyyə məsələlərində AzTV-yə kömək etməli idi(?). Müddət başa çatıb və öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Bu müddət ərzində Natiq müəllim maliyyə məsələsində şəffaf sistemin təmin olunmasında bizə yaxından kömək etdi”.

Sədr əvəzinin «müvəqqəti işə götürmə» təcrübəsinin ziyanlı tərəfi…

Sual yaranır: dünyanın hansı ölkəsində və hansı daimi iş yeri olan rəsmi vəzifəsində işə götürməyin 6 aylıq praktikası var? İkincisi, AzTV-nin sözçüləri deyirlər ki, N.Kərimov AzTV-yə maliyyə məsələlərində kömək etməli idi.

Axı AzTV Qapalı Səhmdar Cəmiyyətidir və Nizamnaməsinə görə, əsasən, dövlət büdcəsindən maliyyələşir.

Üstəlik, sözçülər həm də deyirlər ki, o, bizə yaxşı kömək etdi, sonra öz ərizəsi ilə işdən çıxdı… Təbii ki, «Öz ərizəsi ilə işdən çıxdı…» praktikasından Azərbaycanda əksər idarələrdə necə istifadə olunur, bunu hamı bilir. Öz xahişi ilə işdən getməyənlərin isə yolu məhkəmələrdən keçir və sonda çərləməkdən başqa bir qazanc olmur.

Nə dərəcədə inandırıcıdır ki, o boyda vəzifəyə təyin olunan təcrübəli şəxs qabaqcadan 6 aylıq müqaviləyə razı olub? Azərbaycan Əmək Məcəlləsində isə 6 aylıq müqavilə ilə işə götürülənlərin kimliyinə tam aydınlıq gətirilir.

Bəzi mənbələrdən daxil olan məlumatlarda isə bildirilir ki, Natiq Kərimov və Emin Yasinov AzTV-də qeyri-rəsmi sədr müavinliyini icra edən Sərvər Bayramovla Zenfira xanım arasında baş verən münaqişənin qurbanları olub.

Elə Neftçilərin Hüquqlarını Müdafiə İB-nin hüquqşünası Azər Quliyev də «Təzadlar»ın bu məzmunlu suallarına tam aydınlıq gətirdi. Əmək qanunvericiliyi sahəsində böyük təcrübəyə malik olan həmsöhbətimiz bunları dedi:
- Əvvəla, əgər qeyd olunan şəxs 6 aylıq müqavilə tamam olmamış işdən çıxarılıbsa, məhkəməyə müraciət edə bilər. Amma bəribaşdan bilirəm ki, onu məcbur ediblər ki, ya ərizə yazıb öz xahişinlə işdən çıx, ya da səni maddə ilə işdən çıxararıq. O da məcbur olub ərizə yazıb. Deməli, məhkəmədə hüquqlarını müdafiə etməkdən də məhrum edilib… Azərbaycan Əmək Məcəlləsində 45-ci maddəsində isə yazılır:

«Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir».


Bax bütün məhkəmə mübahisələrində də ƏM-nin 47-ci maddəsindəki «f» bəndi hakimlərə əməllicə bəhanə, müdiriyyətə isə məhkəmələrdə qalib gəlmək şansı verir. Belə ki, məcəllənin həmin bəndində yazılır:

«Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar:

Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda».

Biz Əmək və Sosial Müdafiə Nazirliynə bir sıra təkliflər verərək bu maddənin qeyd olunan bəndinin dəyişdirilməsini təklifini vermişik, cavab verilib ki, təklifiniz nəzərə alınıb, qanunda dəyişiklik ediləcək. Amma… Həm də təklif vermişik ki, əgər iş yeri müvəqqəti deyilsə, niyə müddətli əmək müqavilə bağlanmalıdır? Konkret olaraq söylədiyiniz AzTV-də həmin vəzifə daimi iş yeridir, deməli, əmək müqaviləsi də müddətsiz bağlanmalı idi. İşçi də gərək işə qəbul ediləndə tələb etsin ki, əmək müqaviləsi müvəqqəti bağlanmasın. Amma reallıqda, təəssüflər olsun ki, bu mümkün olmur. Çünki işçi əvvəlki iş yerini də itirir, sonradan isə bu biri iş yerini, nəhayət, qalır ortada işsiz… Qanundakı həmin bəndlər də işçilər üçün «zəif bənd»ə çevrilir və müdiriyyətin kefi istəyəndə, xoşu gəlməyəndə onu işdən azad etmək arzusuna xidmət edir. (tezadlar.az)



Fikrini bildir