SON XƏBƏRLƏR
341 SAYLI BAĞÇANIN MÜDİRİ PROFESSORDAN 400 MANAT RÜŞVƏT İSTƏDİ

Yazının dərc olunma Tarixi: 18/9/2019

"Xahiş edirəm, mənim adımdan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi hörmətli Kamran Əliyevdən soruşun ki, mən o rüşvəti verim, ya yox?!"
341 SAYLI BAĞÇANIN MÜDİRİ PROFESSORDAN 400 MANAT RÜŞVƏT İSTƏDİ
Redaksiyamıza zəng vuran Azərbaycanın ədəbi-ictimai və siyasi tarixi barədə 40-dan çox elmi-publisistik, tarixi kitabların müəllifi, Dövlət Mükafatı laureatı, professor, 1-ci qrup əlil (iki ayağı kəsilib) Nizaməddin Şəmsizadə hər kəsi şoka salan faktı bizimlə bölüşdü:

- Həyatda çox mürəkkəb hadisələrin və insanların şahidiyəm. Həyatımı isə dövlətimə və xalqıma, Azərbaycanımın xoşbəxtliyinə həsr etmişəm. 40-dan çox kitabın müəllifiyəm, Dövlət Mükafatı laureatıyam, professoram, 1-ci qrup əliləm. Mən Banqladeşdə yaşamıram. Bu gün rastlaşdığım bir hadisə isə məni dəhşətə gətirdi, dünya başıma fırlandı, çox təəssüfləndim. Belə ki, bu gün nəvəmi Yeni Yasamaldakı 341 saylı bağçaya qoymaq üçün çox hörmətli bir şəxsə zəng vurub xahiş etdim, bağçanın müdirinə tapşırıblar. Bu gün isə gəlinim bağçanın müdiri Bağırova Natəvan Kamal qızı ilə görüşüb. Bağçanın müdiri deyib ki, hamı 500 manat rüşvət verir, siz isə 400 manat verərsiniz, çünki uşağın babası professordur. Mən başqa söz tapa və danışa bilmirəm. Həyatımı dövlətimə və dövlətçliyimizə həsr etmişəm, indi 286 manat pensiya ilə dolanıram və bununla yaşayıram, yataq xəstəsiyəm. Xahiş edirəm mənim adımdan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi hörmətli Kamran Əliyevdən soruşun, mən bağçanın müdiri Natəvan xanıma 400 manat rüşvəti verim, ya yox?! Çünki mən özüm həmişə rüşvətə, harama qarşı mübarizə aparmışam. İndi bu çağımda və belə bir vəziyyətimdə borc tapıb rüşvət verimmi? Deyirəm, sonra arxamca deyərlər ki, professor rüşvət verdi, o, cinayət məsuliyyəti daşıyır. Sizdən xahiş edirəm, bu məsələni mənim adımdan yazın: belə olmaz! Günah o Natəvan xanımda deyil, onu başa çəkən, rüşvət almağa vadar edənlərdədir! Bu Natəvanlar bizi məhv edir, mənəviyyatımızı təhqir edirlər. Sizdən cavab gözləyirəm...

Redaksiyadan: Məsələnin ciddiliyini nəzərə alıb 341 saylı bağça ilə əlaqə saxladıq. Təəssüflər olsun ki, hələlik zəngimizə cavab verilmir... Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradovanın köməkçisi ilə əlaqə saxladıq. T.Muradovanın iclasda olduğunu deyən köməkçi baş verən hadisədən təəssüfləndiyini bildirdi. O, bu haqda Təravət xanımı məlumatlandıracağını və məsələ ilə bağlı araşdırmanın nəticəsi barədə redaksiyamıza məlumat veriləcəyini söylədi.

Bizi izləyin. Əlavə məlumat veriləcək.

tezadlar.az



Fikrini bildir