SON XƏBƏRLƏR
ÖLÜMLƏ TƏHDİD EDİLƏN AĞDAM SAKİNİ AĞCABƏDİ POLİSİNDƏN ŞİKAYƏTÇİDİR

Yazının dərc olunma Tarixi: 12/11/2019

"Ağcabədi polisi məni ölümlə hədələyən Siyavuş Purinin, onu himayə edən qayını Ağcabədi rayon Məşğulluq Mərkəzinin direktoru Rüfət Hüseynovun və qayınatası "Azərişıq" ASC-nin Ağcabədi Elektrik Şəbəkəsinin rəis müavini Tofiq Hüseynovun qarşısında aciz qalıb"
ÖLÜMLƏ TƏHDİD EDİLƏN AĞDAM SAKİNİ AĞCABƏDİ POLİSİNDƏN ŞİKAYƏTÇİDİR
"Təzadlar"da məhkəmə və məmur özbaşınalığı ilə üzləşən, haqqı tapdanan insanların çoxsayılı şikayətləri dərc olunub. Bu şikayətlər müxtəlif dairələrdə həmişə böyük rezonans yaradıb. Jurnalist araşdırmalarımız zamanı konkret sənədlərə istinad edilən faktlar nəticəsində haqq-ədalət öz yerini tapıb.

Ağdam rayonunun Mərzili kənd sakini Səfərov Cəlil Hayqan oğlu da üzləşdiyi məhkəmə və məmur özbaşınalığı ilə bağlı "Təzadlar"a müraciət edib.

Bu günlərdə redaksiyamıza gələn C.Səfərov onu təhdid edən şəxs barədə məlumat verdi. O, açıqlamasında bildirdi ki, hal-hazırda onu öldürməklə təhdid edən Ağcabədi rayonunun Hüsülü kənd sakini Puri Siyavuş Həsən oğlu ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər dövlət orqanlarına məlumat versə də, Ağcabədi polisi heç bir tədbir görmür, araşdırma aparmır: "Nəticədə, Siyavuş Puri rayonda rahat həyatını yaşayır, pis əməllərini davam etdirir. Ona görə də mətbuat vasitəsilə aidiyyəti dövlət orqanlarına müraciət etmək qərarına gəldim ki, görək, gedişat nə göstərəcək?".

C.Səfərov həmçinin üzləşdiyi məhkəmə və məmur özbaşınalığı ilə bağlı dövlət başçısına videomüraciət etdi (videomüraciət saytımızda yerləşdiriləcək).
Beləliklə, C.Səfərov bildirdi ki, 1993-cü ildə Ağdam rayonu və doğulduğu Mərzili kəndi ermənilər tərəfindən işğal edildikdən sonra ailəsi ilə birlikdə Ergi qəsəbəsində məskunlaşıblar.

C.Səfərov həmin vaxtdan 2013-cü ilə qədər Ağdam Rayon İcra Hakimiyyətindən 15 illik icarəyə götürdüyü 40 hektar topaq sahəsində kənd təsərrüfatı işləri ilə məşğul olub: "Təsərrüfat işləri ilə bağlı fəaliyyətimi genişləndirmək üçün yaxın tostum, ailəvi get-gəlimiz olan Ağcabədi rayonunun Hüsülü kənd sakini Puri Siyavuş Həsən oğlundan 10 faizlə 41 min manat pul götürdüm. Soğan əkdim. Ancaq həmin il kənd təsərrüfatı məhsullarının xaricə ixracında məhdudiyyət yarandığına görə əldə etdiyim tonlarla məhsul zay oldu. Külli məbləğdə ziyana düşdüm. Ona görə də 2 il Puri Siyavuş Həsən oğlundan götürdüyüm pulun yalnız faizini ödədim. Növbəti illərdə də təsərrüfatdan qazanc əldə edə bilmədim. Bu səbəbdən də Ağcabədidəki evini banka girov qoyaraq kredit götürüb Siyavuş Purinin pulunun faizini vermək məcburiyyətində qaldım. İki ildən sonra Siyavuş Puridən xahiş etdim ki, maddi imkanım artıq tükənib, faizi dayandırsın, götürdüyüm pulun özünü hissə-hissə qaytarım. Siyavuş əvvəlcə razı oldu. Mən də "CİP", Jiquli "06" markalı avtomobillərimi, mal-qaramı satıb hissə-hissə əsas bocdan 26 min manat Siyavuşa qaytardım. Ona ödədiyim borclar barədə əlyazma şəklində qeydlər də var. Ancaq sonradan Siyavuşun özünün də başqasına borc ödədiyini deyərək faizin dayandırılmasına razı olmadı. Lakin mən də həmin dövrdə baş vermiş pul devolvasiyalarından sonra maddi imkanım çətinləşdi, qalan 15 min manat borcumu qaytara bilmədim. Ona görə də Siyavuşla aramızda narazılıq yarandı".

Görüş yeri Rəncbərlər qəbiristanlığı…

C.Səfərovun sözlərinə görə, 2017-ci ilin aprel ayında Siyavuş Puri zəng edərək onunla görüşmək istədiyini bildirib: "Görüş yerimiz Ağcabədi rayonunun Rəncbərlər kəndinin qəbiristanlığı oldu. Dəfələrlə telefonda Siyavuşa demişdim ki, məni intihar həddinə gətirmə, imkan ver, pulunu hissə-hissə qaytarım. Siyavuş qəbiristanlıqda bir məzarın yanında dayanıb dedi ki, telefonda tez-tez özünü öldürəcəyini deyirsən, bax bu adamın da mənə borcu vardı, intihar edərək canını qurtarmaq istədi, özünü öldüdü, amma mən onun ailəsindən əl cəkmədim, pulumu aldım, sən də özünü öldürsən, borcunu ailəndən alacam. Sonra da cibindən tapança çıxarıb mənə doğru tuşladı və hədə-qoxu ilə onun maşınına oturmağımı tələb etdi. O, məni öz maşınına oturtdu və Ağcabədi rayon notariat kontorunun arxa tərəfindəki uçuq bir evin yanına gətirdi. Maşından düşüb həmin evin yaxınlığında dayanan tanımadığım bir adama yaxanlaşdıq. Sonra uçuq evin içərisinə daxil olduq.

Siyavuş mənə dedi ki, qalan borcu rəsmiləşdirmək üçün bu adamın adına yazılan müqaviləni imzalamalıyam. Həmin adamın kim olduğunu soruşdum. Siyavuş dedi ki, həmin adam onun bacısı qızının həyat yoldaşıdır, adı Həsənov Arzu Zeynal oğludur. Dedim, axı mən bu adamı tanımıram, ondan pul götürməmişəm. Siyavuş isə dedi ki, sən müqaviləni imzala, sonra tanış olarsınız. Mən də Siyavuşun təzyiq və təhdidləri altında Arzu deyilən adamın əlindəki kağızı imzaladım. Siyavuşun dediyi borc müqaviləsini imzalayarkən kağızda gözümə 18 rəqəmi sataşdı. Ancaq 18-dən sonrakı sıfırları dəqiq saya bilmədim. Öz aləmimdə fikirləşdim ki, yəqin qalan borcumun faizini də üstünə gəlib, ona görə də 18 min manat yazılıb, halbuki Siyavuşa qalan borcum 15 min manat idi. Hesab etdim ki, əsas borca 3 min manat faiz əlavə edib. Müqaviləni imzalayandan sonra Siyavuş binadan bayıra çıxdı. Bu zaman Arzu adlı şəxs məndən mobil telefon nömrəmi aldı. Bundan sonra Siyavuş məni öz şəxsi avtomobili ilə qəbiristanlıqda qalan maşınımın yanına gətirdi. Siyavuş dedi, narahat olmayım, müqavilə imzalatmaqda məqsədi onu özünün də borclu olduğu adamlara göstərməkdir ki, onun da başqalarından alacaqları var. Sonra da o, bu barədə hüquq-mühafizə oqanlarına şikayət etməməyimi söylədi".

"Siyavuş rayonda faizə pul verərək, sonradan borcunu qaytara bilməyənlərin çoxunu ağlar günə qoyub"

Aradan bir neçə gün keçəndən sonra Arzu Həsənov Cəlil Səfərova zəng edərək onunla görüşmək istədiyini bildirib: "Mən onunla Ağcabədi şəhərindəki Heydər parkının qarşısında görüşdüm. Arzu məndən imzaladığım müqavilədəki yazılanlardan xəbərim olub-olmadığını soruşdu. Mən "yox" cavabı verdim. O da qayıtdı ki, sən öz əlinlə evini yıxdın, imzanla mənə 180 min manat borclu olduğunu təsdiqlədin, bunun altından necə çıxasaqsan? Dedim, ola bilməz. O, imzaladığım kağızı mənə göstərdi. Həqiqətəndə müqavilə deyilən borc kağızında 180 min manat yazılmışdı. Soruşdum ki, o, bu saxtakarlığı niyə razılıq verib? Dedi ki, onun da Siyavuşdan alacağı var, ona görə bu işə qarışıb. Həm də əlavə etdi ki, haqqında çoxsaylı şikayətlər olan Siyavuşun adı hüquq-mühafizə oqanlarının "qara siyahısında" olduğu üçün bu işdə də adının hallanmasını istəmir. Həqiqətən də elədir, Siyavuş rayonda faizə pul verərək, sonradan borcunu qaytara bilməyənlərin çoxunu ağlar günə qoyub. Elə hazırda Siyavuşun idarə etdiyi maşının 04 BB 111 dövlət nömrə nişanı əslində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan Əsgər adlı şəxsə məxsusdur, borcunu qaytara bilmədiyinə görə maşınının nömrəsini tutub əlindən alıb".

Hədə-qorxu, ödümlə təhdid…

C.Səfərov deyir ki, bir müddətdən sonra Siyavuş ona hədə-qorxu gəlməyə, hətta ölümlə təhdid etməyə başlayıb: "Mən bu barədə Arzu Həsənovla söhbət etdim. O, mənə hüquq-mühafizə orqanlarına şikayət etməyimi söylədi. Bundan sonra Siyavuş Purinin başıma gətirdiyi oyunlar, məni ölümlə təhdid etməsi barədə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təzlükəsizlik Xidmətinə şikayət ərizəsi ilə müraciət etdim. Həmin şikayət ərizələri baxılması üçün Ağcabədi rayonunun aidiyyəti qurumlarına göndərildi. Onlar da məni dəvət edib şikayətlə bağlı izahatımı aldılar. Amma heç bir tədbir görülmədi. Çünki Siyavuş Purinin yaxın qohumları Ağcadədi rayonunda yüksək vəzifələrdə çalışırlar. Qayını Rüfət Hüseynov Ağcabədi rayon Məşğulluq Mərkəzinin direktoru, qayınatası Tofiq Hüseynov “Azərişıq” ASC-nin Ağcabədi Elektrik Şəbəkəsinin rəis müavinidir. Siyavuş Puri yüksək vəzifə tutan qohumlarına arxalanaraq rayonda "at oynadır", hüquq-mühafizə orqanlarının isə onunla heç bir işi olmur. Ona görə də Siyavuş Puri məni hədələyirdi ki, səni öldürəcəm. Mən də qorxumdan evdən çölə çıxa bilmirdim".

Məhkəmə, əsassız və qanunsuz qərardadlar…


C.Səfərov bir gün xəbər tutur ki, Siyavuş Purinin göstərişi ilə Həsənov Arzu Zeynal oğlu ondan 159.000 manat məbləğində pul tələbi iddiası, həmçinin iddianın təmin tədbiri olaraq ona məxsus Ağcabədi şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 0,10 ha torpaq sahəsinə, habelə guya Ağdam rayonu, Ergi qəsəbəsində yerləşən şəxsi fermasında saxladığı 400-500 baş qoyun-quzu və mal-qaranın üzərinə həbs qoyulması xahişi ilə Ağdam Rayon Məhkəməsinə ərizə verib: "Ağdam Rayon Məhkəməsi də 1 fevral 2018-ci il və 14 avqust 2018-ci il tarixli qərardadları ilə iddia tələbini təmin etdi. Mən isə Ağdam Rayon Məhkəməsinin 1 fevral 2018-ci il tarixli əsassız və qanunsuz qərardadından Gəncə Apellyasiya Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etdim. Çünki məhkəmə hər hansı sübuta istinad etmədən mülahizələr əsasında qərardad qəbul etmiş və Ağdam icra şöbəsi də mənim deyil, qardaşım Səfərov Xudaverdi Hayqan oğluna məxsus 180 qoyun-quzuya həbs qoymuşdur. Ağdam Rayon Məhkəməsi isə 9 aprel 2018-ci il tarixli, 2(013)-672/2018 saylı qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 1 fevral 2018-ci il tarixli, 2(013)-672/2018 saylı qərardadından verdiyim şikayətin müddətinin ötürülməsi əsası ilə geri qaytardı. Ağdam Rayon Məhkəməsinin 9 aprel 2018-ci il tarixli, 2(013)-672/2018 saylı qərardadından verdiyim şikayətə baxan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadı ilə şikayətim təmin edilərək, iş üzrə Ağdam Rayon Məhkəməsinin 9 aprel 2018-ci il tarixli, 2(013)-672/2018 saylı qərardadı ləğv edildi və Ağdam Rayon Məhkəməsinin 1 fevral 2018-ci il tarixli, 2(013)-672/2018 saylı qərardadından verdiyim şikayətə baxılması barədə qərardad qəbul edildi.

Məhkəmə kollegiyasının iclasında mən və vəkilim şikayətimi müdafiə edərək, Ağdam Rayon Məhkəməsinin 1 fevral 2018-ci il tarixli, 2(013)-672/2018 saylı qərardadının ləğv edilməsini və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdik. Ancaq məhkəmə kollegiyası şikayətimin təmin edilməməsi və Ağdam Rayon Məhkəməsinin 1 fevral 2018-ci il tarixli, 2(013)-672/2018 saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul etdi.

Mən bu əsassız və qanunsuz məhkəmə qərardadlarından şikayət etdikdən sonra iş Ağcabədi Rayon Məhkəməsinə göndərildi. İşlə bağlı iki dəfə məhkəmə prosesi keçirildi. Sonra iş Ağcabədi rayon Polis Şöbəsinə göndərildi.

Onu da deyim ki, 12 yanvar 2019-cu il tarixdə teleqramla Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək Puri Siyavuş Həsən oğlunun məni və ailə üzvlərimi dəfələrlə hədələməsi barədə məlumat verdim.

Ağcabədi rayon prokuroru Salman Səmədovun mənə göndərdiyi məktubdan məlum oldu ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərdiyim müraciət 16 fevral 2019-cu il tarixdə İctimai Təhlükəsizlik Bölməsində (İTB) işə alınaraq mənə Siyavuş Puri ilə aramda olan pul mübahisəsinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməyim tövsiyə olunub.

Belə olan halda, mən 2 aprel 2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və müxtəlif dövlət orqanlarına müraciət edərək Siyavuş Puridən aldığım pulu qaytarmağıma baxmayaraq, onun məndən artıq pul tələb etdiyini, həmin artıq pulu verməkdən imtina etdiyim üçün ailə üzvlərimi və özümü ölümlə hədələdiyini, məni Rəncbərlər kənd qəbiristanlığına aparıb üstümə silah çəkərək ölümlə hədələdiyini, 2016-cı ilin mart ayında məni Ağcabədi rayon notariat kontoruna apararaq otaqlardan birində əslində pul borcum olmadığı və tanımadığım Həsənov Arzu Zeynal oğlu adından saxta borc müqaviləsi bağladığını, sonradan Arzu Həsənovun mənim barəmdə məhkəməyə müraciət edərək pul tələbi irəli sürdüyünü, əsassız və qanunsuz məhkəmə qərardadları çıxarıldığını bildirdim.

Müraciətimdə göstərilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və hüquqi qiymət verilməsi üçün Ağcabədi rayon Polis Şöbəsinin İTB-də toplanmış material və sözügedən müraciətim RPŞ-nin İstintaq bölməsində baxılması üçün aidiyyəti üzrə Ağcabədi rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənova göndərilib. Hal-hazırda iş müstəntiq Elvin Əlizadədir. Ancaq müstəntiq işi obyektiv aparmır və qarşı tərəfi müdafiə edir.

Bir tərəfdən də Siyavuş Puri tanımadığım adamları öyrədərək üstümə salır, məni şərləyib barəmdə polis şöbəsinə şikayətlər etdirir ki, guya mən həmin adamların pulunu alıb qaytarmıram. Mən dəfələrlə bu barədə rayon prokurorluğuna və polis şöbəsinə məlumat vermişəm, lakin heç bir reaksiya verilmir. Hesab edirəm ki, Ağcabədi polisi məni ölümlə hədələyən Siyavuş Purinin, onu himayə edən qayını Ağcabədi rayon Məşğulluq Mərkəzinin direktoru Rüfət Hüseynovun və qayınatası "Azərişıq" ASC-nin Ağcabədi Elektrik Şəbəkəsinin rəis müavini Tofiq Hüseynovun qarşısında aciz qalıb. Nəticədə, Siyavuş Puri rayonda rahat həyatını yaşayır, pis əməllərini davam etdirir. Ona görə də mətbuat vasitəsilə aidiyyəti dövlət orqanlarına müraciət etmək qərarına gəldim ki, görək, gedişat nə göstərəcək? Sizdən artıq dərəcədə xahiş edirəm, məni ölümlə təhdid edən şəxs və işi qeyri-obyektiv aparan müstəntiq haqqında ciddi tədbir görülməsi üçün şikayətimi ictimailəşdirəsiniz".

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. (tezadlar.az)



Fikrini bildir