SON XƏBƏRLƏR
"ŞƏRURLU İSFƏNDİYAR"IN DAHA BİR MƏNZİL MÜSİBƏTİ

Yazının dərc olunma Tarixi: 15/11/2019

Şikayətçi Rafıl Həsənov: «Cənab Prezident, MTK sədri məni və vergi orqanlarını aldadaraq satdığı mənzilin sahəsini müqavilədə əvvəlcə 229.73 kv.m göstərmiş, sonradan mən mənzili satanda isə onun sahəsinin 255 kv.m olduğunu deyərək əlavə 25 min 240 manat tələb etdilər…»
"ŞƏRURLU İSFƏNDİYAR"IN DAHA BİR MƏNZİL MÜSİBƏTİ
«Nərimanov rayon Məhkəməsinin hakimi Ramin Quliyev isə əsl özbaşınalıq edərək «Şərurlu İsfəndiyar»ın müdafiəsinə qalxaraq qanunsuz qərar qəbul etdi…»

Bakı şəhər sakini Həsənov Rafıl Abasət oğlu başına gətirilmiş mənzil müsibəti ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Şikayətçinin başına müsibətlər gətirən isə «Şərurlu İsfəndiyar» kimi tanınan, uzun illərdir mənzil tikintisi ilə ad çıxarmış, elə uzun illərdir də adı mənzil fırıldağı kimi çirkli işlərdə hallanan iş adamıdır.

Surəti «Təzadlar» qəzetinə təqdim edilən müraciətdə hər kəsi şoka salacaq faktlar yer alıb. Söhbət vətəndaşın pulunu tam şəkildə ödədiyi mənzilinin aradan neçə illər keçəndən sonra başqasına satmaq istəyərkən qarşısına iri bir qara daşın diyirləndirilməsindən gedir.

«Şərurlu İsfəndiyar»a məxsus «Qız Qalası» MTK-dan alınan mənzili sonradan necə 25,240 kv.m sahəni «balalayır»

Konkret desək, Bakı şəhər sakini Həsənov Rafıl Abasət oğlunun «Şərurlu İsfəndiyar»a məxsus «Qız Qalası» MTK-dan aldığı mənzilə 230 min manat nəğd pul ödəyib… Lakin sonradan məlum olub ki, həmin mənzil təmirdən sonra 25,240 kv.m. «balalayıb».

Şikayətçi Həsənov Rafıl Abasət oğlunu redaksiyamıza dəvət etdik. Onunla ətraflı söhbət etdik. Sonra təqdim etdiyi sənədlərə birgə baxış keçirdik. Suallar çox idi. Onun bizə verdiyi telefon nömrələri ilə barəsində şikayət edilən «Şərurlu İsfəndiyar»a, MTK-nın məsul şəxslərinə dəfələrlə zəng etsək də, telefon zənglərimizə cavab verilmədi. Düşündük ki, bu qədər rəsmi sənədlər ortada olduğu halda, MTK-ya rəsmi sorğu göndərib hələ bir bir ay da alınacaq (onu da veersələr) cavaba vaxt itirincə, qarşı tərəfin cavab haqqını tanımaq şərti ilə vətəndaşın Prezident İlham Əliyevə ünvanlı müraciətini təqdim edək.

Beləliklə, «Şərurlu İsfəndiyar»ın vətəndaş Həsənov Rafıl Abasət oğlunun başına gətirilən mənzil müsibətindən bəzi detallar.

Müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident!

Siz bu günlərdə İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən çıxışınızda bir daha məmurları, məsul şəxsləri xalqa, vətəndaşlara can-başla xidmət etməyə səsləyərək dediniz: «…Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur… Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir… Bir daha vətəndaşlara müraciət etmək istəyirəm: əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.

Cənab Prezident!

Mən vətəndaş olaraq Sizin bu çağırışınızdan qürur duyaraq Nərimanov rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın və «Şərurlu İsfəndiyar»ın başıma gətirdikləri müsibət barədə məlumat vermək istəyirəm. İnanıram ki, haq-ədalət tezliklə öz yerini tapacaq, fırıldaqçılar, məsuliyyətsizlər cəzalarını alacaqlar.

Bildirirəm ki, mən «Şərurlu İsfəndiyar» adlı iş adamı olan İsfəndiyar Axundova məxsus «Qız Qalası» MTK-dan mənzil almışam. Həmin mənzilin sahəsi mənə verilmiş ilkin müqavilə və eskiz sənədlərində 229.73 kv.metr olub və mən də razılaşdırılmış müqavilə əsasında 230 min manat pul ödəyərək qəbul etmişəm. Ödəniş qəbzlərimi və mənzilin alqısına dair borcumun olmaması barədə bütün sənədlərimi təqdim edirəm.

Bir müddət sonra mən həmin mənzilimi satmaq istəyərkən dedilər ki, əvvəlki müqaviləni verin, yeni dizaynlı müqavilə tərtib edilib. Mən də həmin müqavilənin əslini onlara təhvil verdim. Sonradan məlum oldu ki, onlar məni aldadaraq əlımdən əvvəlki müqavilələri alandan sonra mənzilimin 229.73 kv.metr deyil, guya 255 kv.metr olmasını və mənim onlara əlavə 25.240 manat borcumun olduğunu bildirdilər. Beləliklə, mənə MTK-ya bu qədər borcumun olmasına dair yeni müqavilə verdilər. Başa düşdüm ki, məni, yəqin digər vətəndaşları da beləcə aldadıblar. Öyrəndim ki, sən demə, MTK rəhbərliyi vergidən gizlətmək üçün rəsmi sənədlərdə həm mənzilin sahəsini az göstərir, həm də ödənilən məbləği.

Bundan sonra ədalət mühakiməsinə inanaraq Nərimanov rayon Məhkəməsinə üz tutdum. İddia ərizəmdə mənə verilmiş müqavilənin dəyişdirilməsini və evə dair borcumun olmamasına dair maliyyə arayışının verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdim. Məhkəmə prosesi başladı. Danışığından, üz-gözündən mələklik yağan, ədalətlilik nümayiş etdirən hakim Ramin Quliyev işi uzatdı… Həmin dövrdə maddi vəziyyətimlə əlaqədar həmin mənzili məcburən satmalı oldum. Evə müştəri gəlməsinə baxmayaraq və bunlarla razılaşıb evin əsl sahəsinə uyğun, yəni 229.73 kv.metrdən ibarət olmaqla yeni müqavilə verilməsini və məndən pul tələb etməmələrini xahiş etdim. Lakin buna baxmayaraq, MTK mənə «25240 manat ödənilməsə, sənin evinin sənədləşməsi aparılmayacaq və evin satışını edə bilməyəcəksən» deyərək tələb qoydular. Mən məcbur olub 07.06.2019-cu il tarixdə olmayan 25 kv.metr sahəyə görə hesablanmış 25240 manatı MTK-ya ödəyərək borcun olmaması barədə arayış alıb evi başqa şəxsə satdım. Göründüyü kimi, mən məcburiyyət qarşısında MTK-ya bu məbləği ödəmişəm. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti mənzilə baxış keçirmişdir və məlum olmuşdur ki, mənim evim heç 230 kv.metr də deyil. Bu səbəbdən də mən MTK-ya əlavə ödənilmiş və məndən qanunsuz, əsassız alınmış 25240 manatın mənə geri qaytarılmasını məhkəmədən xahiş etdim. 14.12.2013-cü il tarixli 111 saylı müqavilədən də göründüyü kimi, mən 230.000 manatı ödəməyimə baxmayaraq, mənim guya MTK-ya 25240 manat borcum olub. Həmin borcun məcburiyyət qarşısında ödənilməsi isə 07.06.2019-cu il tarixli maliyyə arayışı ilə təsdiq edilmişdir.

Cənab Prezident! Yuxarıda qeyd edilənləri nəzərə alaraq «Qız Qalası» MTK-ya ödənilmiş 25240 manat pul vəsaitinin cavabdehdən alınaraq mən Həsənov Rafıl Abasət oğluna ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etsəm də, hakim Ramin Quliyev haqqı-ədaləti, Sizin hakimlərə və məhkəmələrə olan inamınızı nəzərə almadan, hakim vicdanının səsini «Şərurlu İsfəndiyar»ın «ala gözünə və qara qaşına» heyran olaraq iddiamı təmin etmədi, MTK-nı haqlı çıxartdı. Belə olan surətdə biz vətəndaşlar məhkəmə hakimiyyətinə və belə hakimlərin ədalətinə necə inanaq? Siz tamamilə doğru olaraq vətəndaşlara müraciət edərək özbaşınalıq edən məmurlar barədə Sizə məlumat verilməsini tövsiyə edirsiniz. Mən də ailəlikcə Sizi dəstəkləyən bir vətəndaş kimi dərdimi açıb söyləməyi və məmurların olmazın zülmünün mövcudluğunu bildirməyi özümün vətəndaşlıq borcum bildim…".

(Davamı var)

(tezadlar.az)



Fikrini bildir