SON XƏBƏRLƏR
12 saylı Bakı peşə liseyində görünməmiş qalmaqal

Yazının dərc olunma Tarixi: 5/8/2020

Liseyin direktoru Mətləb Hüseynovun peşə təhsilində bacarıqlı kadrları yetişdirmək haqqında Prezident İlham Əliyevin göstərişlərinin əleyhinə getməkdə məqsədi nədir?

12 saylı Bakı peşə liseyində görünməmiş qalmaqal...Keçmiş SSRİ dövründə Bakıxanov qəsəbəsindəki (keçmiş Razin) Ümumittifaq əhəmiyyətli ÜLKGİ-nin 50 illiyi adına 74 saylı peşə məktəbi xarici vətəndaşların təhsil aldığı yeganə təhsil ocağı idi. Burada Vyetnamdan, Laosdan, Monqolustandan, Çindən, Əfqanıstandan, Kubadan, Əlcəzairdən gələn gənclər bu məktəbdə neft və xalçaçılıq üzrə təhsil alırdılar. Keçmiş SSRİ-də ən böyük peşə məktəblərindən biri olan bu peşə məktəbi, hətta protokola salınmışdı və siyasi büro üzvləri, xarici qonaqlar mütləq bu məktəbə gələrdilər. Ulu Öndər Heydər Əliyev iki dəfə bu təhsil ocağının qonağı olub və burada görülən işləri, peşə təhsilini yüksək qiymətləndirib.

Mən özüm də vaxtilə bu məktəbdə 1980-1995-ci illərdə istehsalat təlimi ustası, müəllim və təlim-tərbiyə işlər üzrə direktor müavini vəzifəsində işləmişəm. Elə burada işləyə-işləyə həm ali məktəbin axşam şöbəsində təhsil almışam, həm də 1983-cü ildən, o vaxtkı “Azərbaycan Gəncləri” qəzetində, məktəbin direktoru, ötən il rəhmətə getmiş Mirzəağa Quliyevin sayəsində ştatdankənar müxbir kimi fəaliyyətə başlamışam. Bu səbəbdən həm peşə təhsili haqqında tam məlumatlıyam, həm də bu məktəbdə baş verənləri həmişə izləmişəm.

azırda keçmiş 74 nömrəli peşə məktəbi 12 saylı Bakı peşə liseyi (Emal Sənayəsi Üzrə Bakı Peşə Təhsil Mərkəzi) adlanır. Mirzəağa Quliyevdən sonra həmin peşə məktəbində bir neçə il işləyib gedən direktorların hamısı, demək olar məktəbin keçmiş ənənəsini müəyyən qədər qoruyub saxlamağa çalışıblar. Çünki peşə təhsili üzrə uzun müddən bu məktəbdə işləyən bacarıqlı kadrlardan səmərəli istifadə olunub...

Təzə direktordan köhnə dağıdıcılıq cəhdi...

Lakin bu məktəbə 03.06.2019-cu ildən direktor təyin olunan Mətləb Hüseynov, sanki qarşısına məqsəd qoyub ki, bu peşə təhsil ocağını darmadağın etsin. İlkin olaraq liseyin 40 ilə yaxın peşə təhsili üzrə ixtaslı kadrını çox ucuz bir bəhanə ilə işdən çıxartdı. Adının çəkilməsini istəməyən həmin şəxs nəinki peşə təhsili üzrə nəzəri və təcrübi biliklərə malik respublikada tək-tük kadrlardandır, hətta əvvəlki təhsil nazirləri və Peşə Təhsili Üzrə Dövlət Agentliyinin rəhbərliyi peşə təhsili sahəsində bu kadrın hazırladığı proqram-layihələri qəbul edir və onunla hesablaşırdılar. Lakin yeni gələn direktor Mətləb Hüseynova respublika əhəmiyyətli belə bacarıqlı kadr gərək olmadı. Mətləb Hüseynov bununla da Prezident İlham Əliyevin peşə təhsili siyasətinin ziddinə getdi.

Yeri gəlmişkən, bu günlərdə, yəni iyulun 27-də cənab İlham Əliyevin təyin etdiyi yeni təhsil naziri Emin Əmrullayevi videoformat şəklində qəbul edərkən peşə təhsili haqqında təzə nazirə ciddi göstərişlər verdi: “Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri, əlbəttə ki, Sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə, peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye iqtisadi inkişafına uyğun inkişaf edə bilmir...”

Əlbəttə, inkişaf edə bilməz. Çünki Mətləb Hüseynov kimi təhsildən uzaq, təsadüfi direktor 40 ilin peşəkar kadrını işdən kənarlaşdıranda təbii ki, hörmətli Prezidentin dediyi kimi, “kadr hazırlığı ölkəmizin sənaye iqtisadi inkişafına uyğun...” inkişaf edə bilməyəcək! Özü də bu məsələdə M.Hüseynov «ilanı Seyidəhməd əli ilə” tutmaq qərarına gəlib. Bunun üçün direktor işlədiyi 9 saylı peşə liseyindən gətirdiyi kadrları irəli buraxaraq yerli kadrlara qarşı gözdənsalma kampaniyası aparır və bir çox dövlət qurumlarına şikayətlər yazdırır. M.Hüseynovun və onun Peşə Təhsili Üzrə Dövlət Agentliyindəki havadarları ilə birlikdə təşkil etdikləri qərəzli yoxlama və onların işə qeyri obyektiv yanaşmaları sayəsində, qeyd etdiyimiz həmin kadrı, özü də bu ilin fevral ayında keçirilməsi planlaşdırılan Parlament seçkiləri ərəfəsində işdən kənarlaşdırdı. Onu da nəzərə alaq ki, bu peşəkar kadr 1994-cü ildən dövlətinə və Prezidentinə sadiq insan kimi, seçki məntəqəsinin sədri olub (Yəqin ki növbəti yazıda geniş açıqlaması veriləcək).

Qeyd olunan həmin bacarıqlı işçi ona göstərilən haqsızlığa qarşı məhkəməyə müraciət etdiyindən, bu barədə daha ətraflı yazı növbəti saylarımızda işıq üzü görəcək. Qollu-budaqlı çinarı yıxmamışdan əvvəl Mətləb müəllim işə, onun qol-budaqlarını budamaqla başladı. Bu məqsədlə liseyin baş mühasibi Ceyhun Dadıyev ilkin olaraq hədəf seçildi. Bəhanəsiz, filansız C. Dadıyev işdən kənarlaşdırıldı. C.Dadıyev də hazırda öz haqqını məhkəmədə qorumaqla məşğuldur.

***

...İki bacarıqlı kadrdan üzülüşəndən sonra Mətləb Hüseynovun daha bir peşəkar kadra qarşı mübarizəyə başlamasından söhbət açacağıq. Hazırda o, 38 ildir bu məktəbdə işləyən, onun 24 ilini dərs-hissə müdiri olan Şəlalə Əsədovanı işdən çıxartmaq üçün çox böyük “qəhrmanlıqlar” göstərir. Bir xanıma qarşı ehtiyatında olan bütün arsenalı işə salıb. Burada yenə öz komandasını işə qoşub. Bu insanlar, yəni müəllim və istehsalat təlimi ustaları şagirdlərin yanında xoşları gəlmədiyi kadrları gözdən salmaqla məşğul olurlar. Bu isə, müəllim etikasına zidd addımdır.

Təhsildən uzaq olduğu üçün Mətləb Hüseynov belə şeyləri bilmir. Direktor M.Hüseynov da yaxşı şikayət yazmaq qabiliyyəti olan komandasının bacarığından məharətlə istifadə edərək, bu peşəkar kadrı işdən uzaqlaşdırıb, 9 nömrəli peşə liseyində tətbiq etdiklərini bu liseydə də həyata keçirmək istəyir.

Biz Mətləb Hüseynovun 9 saylı peşə liseyindəki fəaliyyətini araşdırmaq niyyətində deyilik. Qoy bu işlə hüquq-mühafizə orqanları məşğul olsun. Hüquq-mühafizə orqanlarının diqqətinə bircə onu çatdırmaq istəyirik ki, M.Hüseynovun direktor olduğu 9 saylı peşə liseyinin 2018-19-cu tədris ilinin tarifləşmə cədvəlinə baxsalar, bütün yeyinti “maxinasiyaları” adama gəl-gəl deyəcək (sənədlər təqdim ediləcək). Maraqlıdır ki, 9 saylı peşə liseyində bu qanunsuzluqların həyata keçirilməsində M.Hüseynova yaxından kömək edən baş mühasib Aynaxanım Babayeva hazırda Ceyhun Dadıyevin yerinə bu liseyin baş müahisibidir. 9 saylı peşə liseyinin dərs hissə müdiri olmuş Xalid Səfərov isə hazırda növbədədir, liseyin dərs-hissə müdiri Şəlalə Əsədovanın M.Hüseynov vasitəsi ilə “vurulmasını” gözləyir. Bəli, Şəlalə Əsədovanı da işdən kənarlaşdırmaqda M.Hüseynovun əsas məqsədi Xalid Səfərovu onun yerinə təyin etməkdir.

Bütün bu haqsızlığa qarşı haqq səsini qaldıran ixtisasca kimya müəllimi olan Şəlalə Əsədova Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə, təhsil naziri Emin Əmrullayevə, maliyyə naziri Samir Şərifova və surəti “Təzadlar” qəzetinə ünvanlanmış müraciətini bizə göndərib. Onun Baş Prokurorluğa yazdığı ərizə Sabunçu Rayon Prokurorluğuna göndərilib. Şəlalə xanım Sabunçu Prokurorluğuna dəvət edilərək, burada çox səmimi qəbul edilib və şikayətlə bağlı tədbir görüləcəyi bildirilib.

İndi isə, Şəlalə xanımın ölkə Prezidentinə və yuxarıda adını çəkdiyimiz qurumların rəhbərlərinə ünvanladığı müraciətini olduğu kimi təqdim edirik:

Hörmətli cənab Prezident, hörmətli cənablar!

Mən, Bakıxanov qəsəbəsindəki 12 saylı Bakı peşə liseyinin dərs hissə müdiri Şəlalə Əsədova Sizə müraciətlə kömək istəyirəm.

Cənab Prezident!

38 ilə yaxındır 12 saylı Bakı peşə liseyində işləyirəm. 17 yaşımdan əvvəlcə laborant, ali təhsil alandan sonra isə kimya müəllimi kimi fəaliyyət göstərmişəm. Son 24 ildir liseyin tədris hissə müdiri işləyirəm. İşlədiyim müddətdə ən unudulmaz günlərimdən biri də Ulu öndər Heydər Əliyevin iki dəfə o vaxtkı 74 saylı peşə məktəbi sayılan bu təhsil ocağına gəlişidir. Çünki bu təhsil ocağının o vaxtlar böyük adı, sanı, nüfuzu var idi. Bura çoxsaylı qonaqlar gəlirdi. Son illərə qədər bu təhsil ocağının adət-ənənələri qorunub saxlanırdı. Çünki burada həm müəllimlərin, həm də istehsalat təlimi ustalarının əsas məqsədi şagirdlərə biliklə yanaşı, müxtəlif müasir peşələrin öyrədilməsidir. Bunun üçün məktəbimizin çox geniş maddi-texniki bazası və müxtəlif fənn kabinetləri vardır.

Hörmətli cənab Prezident!

2019-cu ilin 3 iyun tarixindən, yəni Mətləb Hüseynov bu məktəbə direktor təyin olunandan sonra şagirdlərə təhsil və peşə öyrədilməsi arxa plana keçib. Çünki M.Hüseynov məktəbdəki peşəkar kadrları uzaqlaşdırıb, digər qeyri-peşəkar kadrları məktəbə cəlb etməklə peşə təhsilinə böyük zərbə vurub. Peşə təhsilini incəliklərinə qədər bilən və 24 ildir dərs hissə müdiri işləyən mənə qarşı hücumlar başlayıb. Bəs bunun səbəbi nədir? Səbəbi odur ki, dərs hissə müdiri kimi mən Mətləb Hüseynovun qanunsuz əməllərinə "yox" demişəm. Çünki mənim üçün, cənab Prezident, Sizin peşə təhsilinin inkişafı yolunda verdiyiniz tövsiyyələr və qəbul etdiyiniz qərarlar hər şeydən uca olub. Amma direktor Mətləb Hüseynovun məramı, məqsədi Sizin siyasətinizin əleyhinə olaraq, peşə təhsilini inkişaf etdirmək yox, öz şəxsi maraqlarına xidmət etmək olub.

Hörmətli cənab Prezident!

Bütün bu dediklərimi konkret faktlarla göstərmək istəyirəm.

1. Mətləb Hüseynov 2019-2020-ci illərdə keçirilmiş seçkilər müddətində 10 №-li Bakı Peşə Məktəbində direktor vəzifəsini icra etdiyi zaman (bu təhsil müəssisəsində bir gün belə işə getmədiyi halda) Peşə Təhsili üzrə Dövlət Agentliyinin əmək haqqının ödənilməsi barədə əmri olmadan, yalnız özünün imzaladığı əmr əsasında ona əməkhaqqı ödənilmişdir. Bununla da Mətləb Hüseynov 3 müəssisədən-12 №-li Bakı Peşə Liseyi, 17 №-li Bakı Peşə Liseyi, 10 №-li Bakı Peşə Məktəbindən məvacib almışdır.

2. 17 №-li Bakı Peşə Liseyində "İnformatika" fənni yarımqrupa bölünür. Yarımqruplar üzrə Mətləb Hüseynov və Tərbiyə işləri üzrə direktor müavini Əliyar Musayevin dərs yükləri vardır. Seçki prosesləri ilə əlaqədar Əliyar Musayev müvəqqəti olaraq işdən azad edildiyi müddətdə, Mətləb Hüseynov onun yarımqruplardakı dərs saatlarını əvəz etmək üçün Aygün Musayevaya (istehsalat təlimi ustası, ixtisası "İqtisadi nəzəriyyə") verərək maliyyə pozuntusuna və artıq ödəməyə yol vermişdir. Halbuki, qanuna əsasən hər iki yarımqrupu birləşdirməklə Mətləb Hüseynov dərs keçməli idi. Ümumiyyətlə, Mətləb Hüseynov dərs yükünə daxil olan qruplarda dərs keçməmiş, lakin əməkhaqqı almışdır.

1. Oxşar hallar 12 №-li Bakı Peşə Liseyində də baş vermişdir. 2019-cu ilin oktyabr ayında “Riyaziyyat” fənn müəllimi Fatma Əzizova bülletendə olarkən, Mətləb Hüseynov onun dərs saatlarını əvəzetmə kimi öz adına qeyd etdirmişdir. Bu saatlar üzrə jurnallarda qeydiyyatları kənar şəxs aparsa da, Mətləb Hüseynov imzalamışdır. Hər iki təhsil müəssisəsindəki qeyd olunan dərs saatlarının cədvəllə yoxlanılması lazımdır. Çünki dərs saatları üst-üstə düşür. Bu da Mətləb Hüseynovun əvəzetmə olaraq öz adına qeyd olunmuş dərsləri keçmədiyini sübut edir.

2. 15.11.2019-cu il tarixindən 17 №-li Bakı Peşə Liseyində “Ocaqçı” ştatına 2 nəfər qəbul edilmiş, qazanxanaya nəzarət isə fəhlə olan Eldar Qasımov tərəfindən həyata keçirilmişdir. Bu isə əlavə vəsaitin mənimsənilməsi deməkdir.

3. Mətləb Hüseynovun yaxın qohumu olan Xalid Səfərov (əvvəl 9 №-li Bakı Peşə Liseyində fəaliyyət göstərmişdir, həmin dövrü əhatə edən müddət üçün Xalid Səfərovun yol verdiyi qanun pozuntularına dair faktlar mövcuddur). 17 №-li Bakı Peşə Liseyinə dərs hissə müdiri vəzifəsinə keçirilmişdir. Sonradan 2019-cu ilin oktyabr ayında ştatların ixtisara düşməsi ilə əlaqədar olaraq Xalid Səfərov Mətləb Hüseynov tərəfindən hec bir hüquqi əsas olmadan psixoloq vəzifəsinə keçirilmişdir. Hal-hazırda Xalid Səfərov Emal Sənayesi üzrə BDPT Mərkəzində də başqa vəzifəyə keçirilərək işlə təmin edilmişdir.

4. Maaşların ödənilməsi zamanı baş ve rən gecikmələr və səhvlərlə əlaqədar olaraq 17 №-li Bakı Peşə Liseyində fəaliyyət göstərən 2 nəfər istehsalat təlimi ustasının Prezidentə müraciətindən sonra Mətləb Hüseynov tərəfindən həmin istehsalat təlimi ustalarına əməkhaqqı ödənilmişdir. (Baş mühasiblərin əməkhaqqı kartları hesabından).

5. 12 №-li Bakı Peşə Liseyində aparılan yoxlama zamanı dərsə davamiyyəti yüksək olmayan şagirdlərə təqaüdlərin ödənilməsi haqqında irad bildirilmiş, bu barədə Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 38 N-li qərarı əsas göstərilmişdir. 17 №-li Bakı Peşə Liseyində təqaüdlərin ödənilməsi qaydaları barədə əmr isə Mətləb Hüseynov tərəfindən, direktor səlahiyyətlərini yerinə yetirdiyi müddətdə 2020-ci ilin may ayının 15-dən sonra imzalanmışdır.

6. 17 №-li Bakı Peşə Liseyindən 1№-li Bakı Peşə Liseyində köçürülən tələbə- Mustafayev Elmir Müşfiq oğlu 2 ay müddətində hər iki təhsil müəssisəsindən təqaüd almışdır. Bu hal da tələbənin qeyd olunan 2 təhsil müəssisəsinin hansı birindəsə olmamasını sübut edir.

7. Mətləb Hüseynov vəzifə səlahiyyətlərindən istifadə edərək 12№-li Bakı Peşə Liseyinə məxsus tədris emalatxanasının qapısını sökərək qardaşı üçün tikdirdiyi evə hədiyyə etmişdir.

10. Mətləb Hüseynov 9№-li Bakı Peşə Liseyində direktor kimi fəaliyyət göstərdiyi müddətdə peşə təhsili haqqında diplomları doldurulmamış halda möhürləmiş və özündə saxlamışdır.

11. 9№-li Bakı Peşə Liseyində direktor kimi fəaliyyət göstərdiyi müddətdə Mətləb Hüseynov Təhsil Nazirliyinin və ya Peşə Təhsili üzrə Dövlət Agentliyinin icazəsi olmadan qeyri-ixtisaslar üzrə tələbələrin köçürülməsini həyata keçirmişdir. Belə ki:

“İsmayılov Ceyhun Ağasəlim oğlu və Abıyev Mejdun Niyaməddin oğlu Bakı Kompüter Peşə Liseyində “Kompüter ustası”ixtisası üzrə təhsil aldığı halda 9№-li Bakı Peşə Liseyinə “Avtomobillərin təmiri çilingəri, sürücü” ixtisasına köçürülmüşlər.( Bakı Kompüter Peşə Liseyinin direktoru Mahir müəllim Mətləb Hüseynovun yaxın qohumudur.)

“Soltanlı Nəzrin Rövşən qızı- Bakı Kompüter Peşə Liseyində “Veb dizayner”ixtisası üzrə təhsil aldığı halda 9№-li Bakı Peşə Liseyinə “Planer və mühərrik üzrə operator” ixtisasına köçürülmüşdür.

“Muradov Cavanşir İmanqulu oğlu 7№-li Bakı Peşə Liseyindən “Kompüter üzrə operator” ixtisasından 9№-li Bakı Peşə Liseyinə “Avtomobillərin təmiri çilingəri, sürücü” ixtisasına köçürülmüşdür.

“Ağayev Rəşad Rövşən oğlu 7 №-li Bakı Peşə Liseyindən “Kompüter üzrə operator” ixtisasından 9№-li Bakı Peşə Liseyinə “Planer və mühərrik üzrə operator” ixtisasına köçürülmüşdür.

“Məmmədov Şahin Nemət oğlu 7 №-li Bakı Peşə Liseyindən “Kompüter üzrə operator” ixtisasından 9№-li Bakı Peşə Liseyinə “Planer və mühərrik üzrə operator” ixtisasına köçürülmüşdür.

“Məmmədov Nəsimi Nəsib oğlu 7 №-li Bakı Peşə Liseyindən “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator” ixtisasından 9№-li Bakı Peşə Liseyinə “Planer və mühərrik üzrə operator” ixtisasına köçürülmüşdür.

Qeyri-ixtisas fənləri üzrə verilmiş dərs saatları

1. İxtisasca “İqtisadçı- mühəndis” olan Almaz Məmmədovaya əvəz etməsi üçün 21.10.2019-11.02.2020-ci il tarixlərində “Coğrafiya” fənnindən dərs saatları verilmişdir.

2. İxtisasca “Mühəndis-mexanik” olan Südabə Yunusovaya əvəz etməsi üçün 03.02.2020-09.03.2020-ci il tarixlərində “Riyaziyyat” fənnindən dərs saatları verilmişdir.

3. Fərqanə Mahmudovaya ixtisasına uyğun olmayan “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə “Təmir çilingər işləri” fənnindən 103 saat dərs saatı verilmişdir. (Diaqnostik qiymətləndirmədən keçmiş kimi ödənilib-ödənilməməsi araşdırılmalıdır).

4. Seçki müddətində “Peşə etikası” modulundan dərs saatlarının əvəz edilməsi, ikinci müəllim (Nailə Zeynalova) olmasına baxmayaraq, qeyri-ixtisas “Azərbaycan dili və ədəbiyyat” fənn müəllimləri Nahibə Orucovaya və Gülşən Mustafayevaya verilmişdir.

5. Böyük ustaya (9№-li Bakı Peşə Liseyində fəaliyyət göstərmişdir) sentyabr ayında “Əməliyyatçı mühasib” ixtisası üzrə istehsalat təlimi ustası vəzifəsini əvəz etməsi, seçki prosesləri zamanı 21.10.2019-11.02.2020-ci il tarixlərində isə Gənclərin Cağırışaqədərki Hazırlığı dərslərinin əvəz edilməsi verilmiş, həmçinin “Ağacdan bədii məmulatlar hazırlayan usta” ixtisası üzrə nəzəri təlim jurnalında (Forma N4) tələbələrin birinci yarımil üzrə biliklərini qiymətləndirmiş və saatların keçirilməsi haqqında imza etmişdir.

6. “Yeyinti məhsulları istehsalı avadanlıqlarının sazlayıcısı” ixtisası üzrə III kurs qrupun istehsalat təlimi ustası vəzifəsi qeyri-ixtisas fənn müəlliminə(Gülbəs Kürəbəyovaya) həvalə edilmiş, həmin müəllimə 0,5 ştatla istehsalat təlimi ustası əməkhaqqı,həmçinin başqa qrupda sinif rəhbərliyi fevral ayınadək ödənilmişdir.

7. Musayeva Solmaz (306 №-li qrup )və Xəlilova Sehranəyə (311 №-li qrup) dərs keçmədikləri qruplar üzrə sinif rəhbərliyi verilmişdir. Təlimata əsasən sinif rəhbərliyi qrupda dərs saatı olan müəllimlərdən birinə verilməlidir.

8. “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə istehsalat təlimi ustası (Fikrət Ələkbərovun) seçki prosesləri müddətində (21.10.2019-11. 02.2020-ci il tarixləri) hərbi dərsləri əvəz etməsi faktı (dərs cədvəli və istehsalat təlimi gunlərinin qrafiki üst-üstə düşmüşdür), digər istehsalat təlimi ustası (Əminova Samirə, 17 №-li Bakı Peşə Liseyində məntəqə üzvüdür) seçki müddətində 12 №-li Bakı Peşə Liseyindəki 2 qrupun istehsalat təlimi ustası vəzifəsini icra etmiş, ödəmələr isə digər istehsalat təlimi ustalarına yazılmışdır. Əvəz etmiş istehsalat təlimi ustalarının və qeyd olunan qrupların istehsalat təlimi günlərinin qrafiki yoxlanmalıdır. Bu istehsalat təlimi ustasına ödənilən əməkhaqqı dərəcəsi araşdırılmalıdır. Digər 2 qrupun (310və 307 №-li qruplar) istehsalat təlimi ustası olan N.Mustafayevə, digər işçinin F.Hacıyevin seçki müddətində (21.10.2019-11.02.2020-ci il tarixləri) dərs saatlarının əvəz edilməsi də verilmişdir. (Jurnallar, istehsalat təlimi günlərinin qrafiki üst-üstə düşür).

9. 2019-2020-ci il üçün Tarifləşmə cədvəlində artıq ödəmələrə, iş stajı müddətlərində şişirdilmələrə yol verilmişdir. Belə ki, 3 müəllim diaqnostik qiymətləndirmədən “Bazar iqtisadiyyatının əsasları” fənni üzrə keçmələrinə baxmayaraq, onlardan birinə “Şəxsi inkişaf və karyera planlaşdırılması”modulundan dərs saatları, digər iki nəfərə isə “Ərzaq mallarının kalkulyasiyası” modulundan dərs saatları diaqnostik qiymətləndirmədən keçmiş kimi ödənilir (1saat dəyəri 8 man 26 qəp, bu da artıq ödəmə deməkdir). 2019-/2020-ci tədris ilində verilmiş bütün əvəzetmələr, əmrlər və əmr kitabları tutuşdurularaq yoxlanmalıdır.

10. Yeganə Abbasovaya (orta ixtisas təhsilli)- İngilis dili fənni üzrə 3 təhsil müəssisəsində-Dəmiryol Liseyi, 12 №-li Bakı Peşə Liseyi və 17 №-li Bakı Peşə Liseyində dərs saatları verilmişdir. (Dərs cədvəlləri yoxlanılmalıdır).

11. 17 №-li Bakı Peşə Liseyinin fiziki tərbiyə rəhbəri Həşim Ağalarovun maaşında artıq ödəməyə yol verilmişdir. Belə ki, 240 saat onun vəzifə maaşına daxil olduğu halda (ödənilməməlidir) tam olaraq ödənilmişdir.(Həşim Ağalarov 9 №-li Bakı Peşə Liseyindən ehtiyac olmadığı halda 17 №-li Bakı Peşə Liseyinə gətirilmişdir).

12. 17 №-li Bakı Peşə Liseyinin istehsalat təlimi ustasına (öz ixtisası-”Rabitə qovşaqları və kommunikasiya”) öz ixtisasına uyğun olmayan “Proqramla idarəolunan dəzgahların operatoru” ixtisası üzrə qrupda istehsalat təlimi ustası vəzifəsi və ixtisas fənlərindən dərs saatları ayrılmışdır. Belə ki, müəllim diaqnostik qiymətləndirmədən “İKT, dizayner, komputer operatoru” ixtisası üzrə keçdiyi halda, ona təhkim olunmuş qeyri-ixtisas qrup “Proqramla idarəolunan dəzgahların operatoru” ixtisası üzrə qrupda istehsalat təlimi ustası vəzifəsinin əməkhaqqı diaqnostik qiymətləndirmədən keçmiş kimi ödənilir.

13. 17 №-li Bakı Peşə Liseyində Mətləb Hüseynovun təkidi ilə liseyin müəllimi Nəsib Hüseynovun dərs saatları alınaraq, istehsalat təlimi ustaları-Yeganə Rəhimova və Humay Quliyevaya verilmiş, onun özünə isə 302 saat nəzərdə tutulmuşdur. Nəsib Hüseynovun narazılığından sonra dərs saatları seçki müddətində qeyd olunan istehsalat təlimi ustalarından geri alınaraq özünə əmrləşdirilmiş, lakin ödənişlər həm Nəsib Hüseynova, həm də Humay Quliyevaya və Yeganə Rəhimovaya ödənilmişdir. Beləliklə, də artıq ödəmələrə yol verilmişdir.

14. 2020-ci ilin yanvar-fevral ayları ərzində 17 №-li Bakı Peşə Liseyinin istehsalat təlimi ustası Yeganə Rəhimovaya qeyri-ixtisas qruplar olan “Proqramla idarəolunan dəzgahların operatoru” və “Rəqəmlə idarəolunan dəzgahların kompüter operatoru” ixtisasları üzrə qruplarda istehsalat təlimi ustası vəzifəsi və ixtisas fənlərinin tədrisi verilmişdir. Həmçinin, bu istehsalat təlimi ustasına seçki müddətində əvəz etməsi üçün əlavə saatlar da ayrılmışdır. Belə ki, Yeganə Rəhimova həftənin 2 günü özünün istehsalat təlimi dərslərini tədris etmiş, 2 gün Cahid Əliyevin saatlarını əvəz etmiş, qalan 1 gün isə öz ixtisas fənn saatlarını və əvəzetməsi üçün verilmiş digər saatları tədris etmişdir. Bu vəziyətdə də istehsalat təlimi dərslərinin və ixtisas fənn saatlarının eyni vaxtda təsadüf etməsi qaçılmazdır.(Yeganə Rəhimova 9N-li Bakı Peşə Liseyidən 17 №-li Bakı Peşə Liseyinə gətirilmişdir.)

Şagirdlər haqqında

1. 12 №-li Bakı Peşə Liseyinin dövlət hesabına təhsil müddəti 1 il olan “Aşpaz” ixtisası üzrə qrupunda təhsil alan Babayev Nurlan (Mətləb Hüseynovun qohumu və kadrlar üzrə mütəxəssis Əfsanə Babayevanın qardaşı) işlədiyi üçün dərslərə gəlməmiş, böyük usta Naib Ağayevin göstərişi və xahişi ilə müəllimlər tərəfindən qiymətləndirilmişdir. Dərslərdə iştirak etməməsinə baxmayaraq Nurlan Babayev təqaüd almışdır.

2. 17 №-li Bakı Peşə Liseyinin “Yağ sənayesi işçisi-usta” ixtisası üzrə 154 N-li qrupun tələbəsi Abbasov Zaur Eldəniz oğlu tədris ilində mütəmadi olaraq dərslərdə iştirak etməməsinə baxmayaraq təqaüd almışdır və s.

Hörmətli cənab Prezident!

Mənim bu yazdıqlarım Mətləb Hüseynovun etdiyi qanunsuzluqların hələ yarısı deyil. İnanıram ki, adiyyəti qurumların yoxlamaları daha böyük qanunsuzluqları üzə çıxaracaq. İstərdim ki, gələn yoxlamalarla birlikdə dediklərimi sübut etmək üçün, dərs hissə müdiri kimi mənim də iştirakım təmin edilsin.
Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm.

***

Bu müraciət və şikayətlə bağlı əks tərəfin mövqeyini öyrənmək üçün əvvəlcə Peşə Təhsili Üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini, Mətləb Hüseynovu ən çox müdafiə edənlərin sırasında adı hallanan Eldəniz Rüstəmovla əlaqə saxladıq. E.Rüstəmovun dedikləri: “Mən başa düşə bnilmirəm, niyə mənim adım Mətləb Hüseynovun müdafiəçisi kimi hallanır? Biz Mətləb Hüseynovla bir rayondan, Gədəbəydənik. Bu, o demək deyil ki, mən onun qanunsuz əməllərini müdafiə etməliyəm. Hələ onun qanunsuzluq edib, etmədiyini adiyyəti qurumlar araşdıracaq. Dərs hissə müdiri Şəlalə Əsədova mənim yanımda da olub və onun şikayət etmək hüququnun olduğunu bildirmişəm. Onun şikayətində Mətləb Hüseynovun haqqında göstərdiyi faktların olub-olmadığını mən deyə bilmərəm. İndi xanım şikayət yazıb, qoy gəlib araşdırsınlar. Burada mənlik heç nə yoxdur”.

Eldəniz Rüstəmovdan sonra Mətləb Hüseynovun özüylə əlaqə saxladıq. Mobil telefonda Mətləb müəllim bizi əsl gədəbəyli qonaqpərvəriyi ilə qarşıladı və faktları yerində araşdırmaq üçün bizi məktəbə dəvət edərək, belə bir söz dedi: “Köhnə dostlar bizə yeni dostlar qazandıracaq”.

Bununla da M.Hüseynov mənim vaxtilə o məktəbdə işləməyimə işarə vururdu. Demək istəyirdi ki, vaxtilə orada işləyən mənim keçmiş iş yoldaşlarımın sayəsində mənim timsalımda yeni dost qazanacaq. Biz də Mətləb müəllimlə telefonla çox səmimi danışdıq və məktəbdə Şəlalə Əsədovanın Təhsil Nazirliyinə yazdığı şikayəti əsasında yoxlama getdiyindən çox səmimi və dostyana şəkildə görüşümüzü iki gün sonraya saxladıq... Və dediyi müddətdə zəng edib, ona görüşməyimizi xatırlatdım. Bu dəfə isə Mətləb müəllim bunları dedi: “Məktəbdə yoxlama gedir, mənim Sizinlə görüşməyə vaxtım yoxdur. Mənim mövqeyim belədir. Şəlalə Əsədovanın yazdıqları yalan, şər və böhtandır.

Belə də yazarsınız. Mən o xanımı məhkəməyə verəcəyəm”.

Görünür, Təhsil Nazirliyinin peşə liseyində apardığı yoxlamalar Mətləb Hüseynovu əsəbləşdirib. Təbii ki, söz indi səlahiyyətli qurumlarındır.

Mövzunu diqqətdə saxlayacağıq.

(tezadlar.az)



Fikrini bildir