SON XƏBƏRLƏR
Xırdalanda “Qardaş Company” MMC-nin bazarı: içi boşdur, alver küçədə gedir

Yazının dərc olunma Tarixi: 7/8/2020

Bakının Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 1A saylı evin yaxınlığındakı bazar ətrafda yaşayanlar üçün ciddi problemə çevrilib.

Xırdalanda “Qardaş Company” MMC-nin bazarı: içi boşdur, alver küçədə gedirBina sakinləri redaksiyaya şikayət ünvanlayıblar. Sakinlərin sözlərinə görə, binanın qarşısında “Qardaş Company” MMC-yə məxsus ticarət mərkəzi fəaliyyət göstərir. Lakin içəridəki obyektlər boş qalsa da, məhsullar binanın qarşısında, küçədə satılır. Nəticədə bazarın qarşısında daim antisanitariya hökm sürür, milçək, ağcaqanad qaynaşır, sahibsiz itlər zibillər arasında özlərinə yemək axtarırlar.

Qeyd edək ki, “Qardaş Company” MMC-nin bazarının qarşıısnda küçə ticarətinin tüğyan etdiyi bir vaxtda bu günlərdə elə həmin Abşeron rayonunun Masazır qəsəbəsində yerli icra nümayəndəsi Şahlar Həsənov avtomobilinin arxasında kisələrdə soğan satan ticarətçiləri təhqir edib qovmuşdu. Nəticədə, həmin ticarətçilər etiraz olaraq satdıqları soğanı yandırmışdı.

“Küçə ticarəti iri probemə çevrilərək bizi boğaza yığıb. Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsək də, nəticəsi yoxdur. Əksinə şikayətə yazılan cavab məktubunda göstərilir ki, guya küçə ticarəti yığışdırılıb. Halbuki hər gün eyni mənzərə ilə qarşılaşırıq. Tullantılar vaxtlı-vaxtında təmizlənmədiyindən natəmizlik hökm sürür. Bir yandan da səs-küydən evdə otura bilmirik”, -M.Hüseynzadəki küçəsindəki həmin binada yaşayan sakinlər bildiriblər.

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərə göndərilən cavab məktubunda isə bildirilir ki, onların şikayətə baxılıb. İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Abşeron rayon Polis İdarəsinin və “Qardaş Company”MMC-nin nümayəndələri tərəfindən ərazidə reyd təşkil olunaraq qanunsuz küçə ticarətinin qarşısı alınıb. Polisə və MMC rəhbərliyinə məktuba müraciət edilərək ərazinin diqqətdə saxlanılması və baş verə biləcək qanunsuzluğun qarşısının alınması üşün tədbirlər görülməsi xahiş edilib.

Amma sakinlərin təqdim etdikləri görüntülərdən də bəlli olur ki, bu cavab məktubunda yazılanların həqiqətlə uzaqdan-yaxınan əlaqəsi yoxdur. Binanın həyətində yenə də piştaxtalar quraşdırılıb, meyvə-tərəvəz məhsulları satılır, tullantılar həyətə atılır.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Xəlilov isə virtualaz.org-a bildirib ki, ötən gün-avqustun 6-da İcra Hakimiyyətində bina sakinləri, Xırdalan şəhər bələdiyyəsinin, Xırdalan şəhər icra hakimiyyəti nümayəndəliyinin və bazar rəhbərliyinin nümayəndələri ilə görüş keçirilib.

“İcra başçısı şikayətləri dinlədi, tədbir görülməsi üçün tapşırıqlar verildi. Ərazidə tullantılar gündə bir dəfə daşınır. Bazar rəhbərliyindən xahiş edildi ki, tullantıların gündə iki dəfə daşınması təmin edilsin. Məsələ tezliklə həllini tapacaq”, - Xəlilov deyib.



Fikrini bildir