SON XƏBƏRLƏR
ASTARA TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİN MACƏRALARI

Yazının dərc olunma Tarixi: 14/12/2020

ASTARA TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİN MACƏRALARI  Jurnalist Ləman Məmmədovanın Pravdainfo.org-a göndərdiyi Rəşad Həsənov haqqındakı 1-ci yazısında Astara rayon təhsilində baş verən anormallıqlardan və burada illərdir davam edən oyunlardan bəhs edir

Necə deyərlər, "köhnə hamam, köhnə tas" deyən müəllif yazır:

"2018-ci ilin iyulunda Astara rayon təhsilinə rəhbər gələn və heç bir humanitar təhsili olmayan Rəşad Həsənov gözlənildiyi kimi, bu işi "əlinə-gözünə bulaşdırmağa" davam edir.

Sadəcə, onu qeyd etmək yetərlidir ki, 110 min əhalisi olan rayonun təhsil başçısı rəsmi feybsuk hesabında indiyə qədər təhsilə dair heç bir təklif və ciddi fikirlə çıxış etməyib. Bəli, nə qədər qəribə olsa da, təhsil rəhbəri təhsillə bağlı ciddi təkliflər əvəzinə, sadəcə, hansısa xəbərləri, Təhsil Nazirliyinin, başqalarının statuslarını paylaşır. Hətta bəzi hallarda ucuz və yüngül, şou xarakterli əyləncəli paylaşımlara yola verir. Bu da, əlbəttə, onun elmi səviyyəsini bir daha sübut edir. Sözsüz ki, bunun fonunda arada bir bəzi "reket" saytlar vasitəsilə onun hansısa "fikirlərinin" peyda olması da şübhələr yaradır. Əgər doğrudan da Rəşad Həsənovun hansısa konseptual, ciddi təklifləri, dəyərləndirmələri varsa, niyə onları öz profilində etmir?

Daha öncə Astara Rayon Şahağac kənd icra nümayəndəsi işləyən R.Həsənov, görünür ki, sırf icra hakimiyyətinə "yaxşı xidmət etdiyi və maddi imkanlı olduğu üçün təhsil şöbəsinə rəhbər təyin edilib.

Doğrudur, o, Qızbəs Məmmədovadan savadsız olsa da, üzə gülməklə və vəd verməklə, Qızbəs xanımdan fərqli davranmaqla, bəzi avam insanların "saqqızını oğurlamağı" bacarıb. Lakin vəzifəyə gəldiyi ilk aylarda yol verdiyi səhvlər onun təhsil müdiri karyerasının ölü doğulmasına səbəb olub. Belə ki, 2018-ci ildə rayonda baş verən və sonradan böyük əks-səda yaradan 2 dramatik işdən çıxarma hadisəsində məhz Rəşad Həsənovun imzası var.

DQ-dən 55 bal yığmış və rüşvətə qarşı çıxmış ingilis dili müəllimi Fuad Mehrəliyevi artıq bütün ölkə ictimaiyyəti tanıyırsa, məhz Rəşad Həsənov sayəsindədir. Belə ki, məhz o, peşəkar müəllimlərdən olan F.Mehrəliyevin, sözün həqiqi mənasında, "torbasını tikmişdi"; onu işdən çıxartmaqla kifayətlənməyib, ümumiyyətlə, onu "yox etmək" üçün Astara polisi vasitəsilə zorla dəlixanaya saldırıb “dəlilik kağızı” düzəltdirmişdi (!). Əlbəttə, bu işdə uzun illərdən bəri rayona başçılıq edən Qəzənfər Ağayevin də dəstəyini qeyd etməməmək olmur...

Eyni zamanda, şəhər 6 saylı məktəbin psixoloqu, rayonun gənc elm adamlarından olan Daşqın Əliyevi də işdən məhz R.Həsənov çıxartmışdı. Belə ki, məktəbdə direktor Elçin Mirzəzadənin və adamlarının zorakılığına məruz qaldığı üçün (!) cəzalandırılan psixoloqun, hətta əmək kitabçasını da qaytarmaqdan imtina edərək, biabırçılıqlara imza atmışdı...

Əlbəttə, bu cür hadisələrin, haqsızlıqların siyahısını uzatmaq olar, lakin Rəşad Həsənovun təhsil müdiri karyerasının əsas ştrixtlərini təsvir etmək üçün hələlik bu qədər də yetərlidir (Gələn yazılarda bu mövzuya qayıdacağıq).

Amma, bu gülünc oyunlara R.Həsənov heç də oyun kimi yox, "ciddi iş" kimi yanaşır və "mən islahat aparıram" deyə cavab verir!

P.S. Bəs yaxşı, 2 ildən sonra nələr baş verdi? Görəsən, Astara təhsilinin “yenilikçisinin” “islahatlarının” sonu necə oldu? Bu barədə növbəti yazılarımda. Hələlik bu qədər".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərs etməyə hazırıq.

Pravdainfo.org



Fikrini bildir