SON XƏBƏRLƏR
ZƏRDABIN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT

Yazının dərc olunma Tarixi: 8/1/2021

Şəhid atası: "İcra başçısı Mərdan Camalzadə üstümə qışqırdı, məni vurmaq istədi"
ZƏRDABIN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT
Zərdabın Birinci Alıcanlı kənd sakini, şəhid atası Ataxan Əsədov rayonun icra başçısından şikayətçidir.

Şəhid atası Pravdainfo.org-a ünvanladığı məktubda qeyd edib ki, icarəyə götürdüyü torpaq sahəsi Zərdab rayonunun icra başçısı Mərdan Camalzadənin əmri ilə əlindən alınıb, əkin sahələri məhv edilib. Üstəlik də, rayon rəhbəri şəhid atasının şikayətini dinləmək əvəzinə, üstünə qışıqırıb, təhqir edib, vurmağa çalışıb.

Şəhid atası A.Əsədov daha sonra yazır: "Oğlum Sərdar Əhədov 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Mən buna görə fəxr edir və qürur duyuram. Ancaq torpaqlarımızın azadlığı uğrunda oğlu şəhid olan ataya qanunu sənədlə verilmiş 10 hektar torpaq sahəsini Zərdab rayonunun icra başçısı Mərdan Camalzadənin göstərişi ilə əlimdən aldılar. Həmin torpaq sahəsində əkdiyim taxılı və yoncanı mal-qaraya otardaraq məhv etdilər. Mal-qara sahibləri mənə dedilər ki, onlara icazəni icra başçısı Mərdan Camalzadə və onun müavini Pərvin Mahmudova verib.

Halbuki həmin torpaq sahəsini qanunu qaydada bələdiyyədən müqavilə ilə 25 illik icarəyə götürmüşəm. Əlimdə reyestr Çıxarışı və İcarə Müqaviləsi var. Mən bu məsələ ilə bağlı iki dəfə Mərdan Camalzadənin qəbulunda oldum. Sonucu dəfə o, mənim üstümə şığıyaraq "məni bezdirmisən, mən torpaq işinə baxmıram", - deyə qışqırıb məni vurmaq istədi. Orada olan insanlar müdaxilə etməsəydi, icra başçısı məni vuracaqdı.

Mərdan Camalzadə Zərdab rayonuna icra başçısı təyin ediləndən əhaliyə zülm edir.

Onu da qeyd edim ki, Zərdab rayon Alıcanlı bələdiyyəsinin sədri iclas protokollarında bələdiyyə üzvlərinin yerinə özü saxta imzalar edir. Hansı ki, 7 nəfər bələdiyyə üzvünün hamısı rayondan kənarda yaşayır və həmin yerlərdə də işləyirlər. Bələdiyyə sədrinin baldızı müavini, qaynı isə mühasibdir. Demək olar ki, bələdiyyəni ailə podratına çeviriblər.

Kənddə 400 hektardan çox torpaq sahələri müxtəlif vətəndaşlara icarəyə verilib, ancaq yalnız mənə verilmiş torpaq sahəsi əlimdən qanunsuz olaraq alındı. Bu isə şəhid ruhuna təhqir, şəhid ailəsinə hörmətsizlikdir.

Əlavə olaraq bildirmək istəyirəm ki, Şirvan şəhərində "DOST" İş Mərkəzi xətti ilə ictimai işlərə adları qeyd edilmiş şəxslərin maaş kartları Mərdan Camalzadənin seyfindən çıxması xəbərini mətbuatda oxuyanda mən çox narahat oldum ki, bu adam Zərdabı da viran günə qoyacaq.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət ünvanlayaraq xahiş edirəm, şəhid atasını təhqir edib qanuni qaydada icarəyə götürdüyü torpaq sahəsini əlindən alan icra başçısı Mərdan Camalzadənin barəsində müvafiq tədbir görülsün və mənə torpaq sahəsi ayrılmasına köməklik göstərilsin".

Məsələ ilə əlaqədar Zərdab rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Ona görə rayon rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

AZƏR



Fikrini bildir