SON XƏBƏRLƏR
Göyçayın icra başçısından daha bir şikayət - VİDEO

Yazının dərc olunma Tarixi: 14/1/2021

Göyçayın icra başçısından daha bir şikayət - VİDEO
Göyçay rayonunun Şəhadət kənd sakinləri ölkə rəhbərliyinə şikayət ünvanlayıb.

Surəti Pravdainfo.org-a daxil olan müraciətdə deyilir:

"Göyçay rayon İcra Hakimiyyztinin başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində kəndin içindən keçən kanalın üzərindəki körpü başdansovdu tikildiyi üçün həyat və sağlamlığımız təhlükə qarşısındadır. Baxmayaraq ki, bu barədə icra başçısına məlumat verilib və özü əraziyə baxış keçirib. Ancaq heç bir tədbir görmək istəmir.

Qeyd edək ki, kəndin içindən keçən kanalın üzərində sovet dönəmində inşa edilmiş körpünün təmirə ehtiyacı var idi. Bundan sui-istifadə edən Mehdi Səlimzadə sovet dönəmində inşa edilmiş körpünü sökdürüb 4000 manatlıq metal konstruksiyalarını satdırıb pul əldə etmişdir. Yeni körpüyə gəlincə, beton boru qoyub üzərinə torpaq tökməkıə inşa işlərini bitmiş hesab etdilər. Hansı ki, körpünün ətrafına beton tökülüb bərkidilməli, üzərinə şebel və yol tikintisi materialları tökülərək istifadəyə verilməli idi. Mehdi Səlimzadənin bunları nəzərə almadan inşa etdirdiyi körpü artıq qəzalı vəziyyətdədir. Ətraf betonlanmadığı üçün körpünün üzərinə tökülmüş torpaq sağ və sol tərəfə axmağa başlayıb. Nəticədə, yük avtomobili ilə həmin körpüdən keçmək çox təhlükəlidir. Hətta bir neçə gün əvvəl yük maşını kanala düşərkən insanların köməyi ilə qəzanın qarşısı alındı.

Həmçinin qeyd edək ki, Şəhadət kəndinin əsas yolu asfalt olsa da, kəndarası yollarımız bərbad gündədir. Ona görə çox əziyyət çəkirik. Parlament seçkiləri zamanı deputatlığa namizəd Sabir Hacıyev gəlib kəndarası yolların asfaltlaşmasına köməklik göstərəcəyinə söz versə də, hələ də sözünə əməl etməyib, nə də o, Şəhadət kəndinə indiyə qədər gəlməyib.

Biz mətbuat vasitəsilə Prezident cənab İlham Əliyevdən xahiş edirik ki, şikayətimizi araşdırıb təhlükə mənbəyi olan körpünün yenidən inşa edilməsinə tapşırıq versin və Göyçay sakinlərini cana yığmış icra başçısı Mehdi Səlimzadənin barəsində qanunu tədbirlər görsün.

Hörmətlə:

Şıxəliyev Qismət Əsgər oğlu, Soltanov Tərlan Azər oğlu, Soltanov Elbrus Rəhman oğlu, Soltanov Arzu Ərziman oğlu, Soltanov Nəriman Rəhman oğlu, Quliyev Mirağa Qulu oğlu, Abdullayev Ceyhun Vahid oğlu, Soltanov Orxan Elbrus oğlu və Soltanov Rasim Nəriman oğlu."


Şikayətlə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

E.ŞİRİNOV




Fikrini bildir