SON XƏBƏRLƏR
AŞPA-nın komitə iclasında Azərbaycanın işğal altındakı mədəni irs nümunələrinin vəziyyəti ilə bağlı məsələ qaldırılıb

Yazının dərc olunma Tarixi: 25/9/2018

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin Tbilisidə keçirilən iclasında Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinə toxunulub".
AŞPA-nın komitə iclasında Azərbaycanın işğal altındakı mədəni irs nümunələrinin vəziyyəti ilə bağlı məsələ qaldırılıb
“Report”un Gürcüstan bürosunun verdiyi məlumata görə, bunu toplantıda iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Avropanın qeyri-maddi mədəni irsinin qorunması və gücləndirilmıəsi” mövzusunda müzakirələr zamanı Ermənistanın işğal siyasətinin bir çox başqa sahələrə olduğu kimi, mədəniyyətə, konkret olaraq qeyri-maddi mədəni irsə də vurduğu zərbələrdən danışıb: “Ermənistan hələ Azərbaycan ərazilərini zəbt etməzdən daha əvvəl Göyçə mahalındakı Azərbaycan mədəni mühitini işğal edib. 1990-cı illərin əvvəllərindən isə 700 minə yaxın insan yenə təcavüzkar Ermənistan və onlara dəstək verən qüvvələr tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı daha 5 Azərbaycan rayonundan zorla çıxarılaraq öz vətənində məcburi köçkünə çevrilib. Bu gün yüz minlərlə belə müdhiş həyat yaşayan insan ortaq evimiz olan Avropanın başqa ölkələrində də var. İnsan öz doğulub böyüdüyü mühitdən uzun illər boyu ayrı düşəndə axı həm də onun ənənələri, milli-mədəni dəyərləri, qeyri-maddi irsinin misilsiz nümunələri tədricən aşınmaya uğrayır, dağılır, unudulur, məhv olur. Bu, təcavüzkarların elə insanlığa qarşı cinayət törətməsi deməkdir”.

R.Hüseynov həm Avropa Şurasını, həm UNESCO-nu qeyri-maddi irsi daha səylə qorumağa, ona xələl gətirməyə, məhv etməyə yönəlmiş fəsadların qarşısını almağa çağırdığını bildirib.

O həmçinin Azərbaycanın UNESCO ilə əməkdaşlığına da toxunub: “Azərbaycanın UNESCO-da rəsmən qeydiyyatdan keçmiş 11 qeyri-maddi irs nümunəsi var. Daha bir neçə əhəmiyyətli qeyri-maddi irs nümunəsi isə qeydəalma prosesindədir”.



Fikrini bildir