SON XƏBƏRLƏR
Rasim Məmmədov: "Prezidentin bu addımı məmurlara örnək olmalıdır"

Yazının dərc olunma Tarixi: 1/2/2019

DAMM İB-nin 1-ci vitse-prezidenti, İNK-nın sədri Prezidentin şəhid ailələri ilə bağlı fərmanını yüksək qiymətləndirib
Rasim Məmmədov: "Prezidentin bu addımı məmurlara örnək olmalıdır"
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanını müsbət qiymətləndirib.

Bu fərmanın şəhid ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirən R.Məmmədov İctimainezaret.com-a açıqlamasında bildirib ki, əslində məsələnin problem səviyyəsinə çatdırılması, yaxud uzun illərdən bəri üst-üstə yığılaraq qalması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əvvəlki rəhbərliyinin, eləcə də digər aidiyyəti qurumların fəaliyyətsizliklərinin, kobud qanun pozuntularının, korrupsiyaya qurşanmalarının nəticəsidir: "Halbuki cənab Prezident İlham Əliyev ölkə vətəndaşlarına, xüsusilə də şəhid ailələrinə daim yüksək diqqət və qayğı ilə yanaşır. Çünki cənab Prezidentin daxili siyasətinin başlıca məqsədi vətəndaşların sosial rifahının yaxşılaşdırılması, onların mənafeyinin, hüquqlarının qorunmasıdır. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə növbəti qayğıkeş addımı uğurlu dövlət siyasətinin davamıdır. Bunula cənab Prezident bəzi məmurlara bəyan etdi ki, onlardan fərqi olaraq o, hər zaman Azərbaycan xalqının yanındadır. Çünki bəzi harınlamış məmurlar vətəndaşları saymır, süründürməçiliyə salır, onların sosial durumunu nəzərə almır.

Ancaq dövlət başçısı onların bu hərəkətlərinə son qoyulması üçün növbəti addım atdı. Əslində, bu addım xalqla prezidentimizin birliyi deməkdir. Cənab İlham Əliyev bununla bir daha bəyan etdi ki, o, xalqın prezidentidir - hər bir vətəndaşın prezidentidir. Bu gün hər bir Azərbaycan vətəndaşının da inandığı, güvəndiyi cənab Prezident İlham Əliyevdir. Dövlət başçısının bu addımı bütün məmurlara örnək olmalıdır. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu addımı məmurlara əməlli-başlı dərs olacaq".

Dövlət başçısı tərəfindən davamlı olaraq belə addımların atıldığını qeyd edən İNK sədri bunun uğurlu dövlət siyasətinin davamı olduğunu vurğulayıb: "Bildiyiniz kimi, Prezident İlham Əliyev şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında da fərman imzalayıb. Bu fərman da şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələrinin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün nəzərdə tutulan müddət daha 10 il artırıldı. Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb. Qeyd edim ki, 2014-cü ildə imzalanmış sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həyata keçirmək tapşırılmışdı. Dəyişikliyə əsasən bu müddət 2014-2028-ci illəri əhatə edəcək.

Eləcə də dövlət başçısı ötən ilin sonlarında Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə sərəncam imzaladı. Həmin sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrıldı. Bu da ona dəlalət edir ki, bütün dövrlərdə Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti vətəndaşların sosial rifahının gücləndirilməsi və sosial təminatının yaxşılaşdırılmasıdır.

Yeri gəlmişkən, bir məqama toxunmaq istəyirəm; xırda oğurluğa görə biri həbs edilirsə, həbsxanada cəzasını çəkdiyi müddətdə dövlət onun saxlanılması üçün ayda 700 manat pul xərcləyir. Ancaq kimsə vaxtilə hansısa məmurun laqeydliyinin, süründürməçiliyinin qurbanı olmasaydı, işlə təmin olunsaydı, cinayətə meylli olmaz, yaxud oğurluq etmək məcburiyyətində qalmaz və dövlət də həbsxanada ona əlavə xərc çəkməz. Digər tərəfdən də ölkədə insanlar sabitlik, dinc, əmin-amanlıq şəraitində yaşayarlar. Əks təqdirdə, bu, həmin məmurların bəzi qüvvələrin dəyirmanına su tökmək, onların maraqlarını həyata keçirməsinə yaşıl işıq yandırmaqdır.

Məsələn, bu yaxınlarda Xalq artisti Ramiz Quliyevin bağ evində oğurluq hadisəsi baş verib. Binəqədi rayonu ərazisindəki bağ evi bir neçə gün ərzində 2 dəfə təkrar talan edilib. Bu nə deməkdir? Çünki insanların bəziləri kasıblıqdan, bəziləri acizlikdən, bəziləri isə cahillikdən bu cür cinayətə gedirlər. Ona görə də ölkədəki vətəndaş cəmiyyəti təşkilatları belə adamları nəzarətə götürüb onları vətənə, dövlətə, xalqa xeyir verən vətəndaşa çevirməyə çalışmalıdırlar.

Prezident nə istəyir? O, ölkədə sağlam vətəndaş cəmiyyətinin formalaşmasını, məmurla vətəndaş arasında səmimiyyət yaranmasını, məmurların vətəndaşlara xidmət göstərməsini istəyir. Prezident İlham Əliyev kiməsə yüksək və məsuliyyətli vəzifə etibar edəndə, təbii ki, onun ünsiyyət mədəniyyətinin, biliyinin, nizam-intizamının, yüksək təşkilatçılıq qabiliyyətinin, təşəbbüskarlığının və qətiyyətli vətəndaş mövqeyinin digərlərindən fərqləndiyini nəzərə alır. Ancaq bu, o demək deyirl ki, onlara vəzifə verilən kimi dövlətin büdcəsini talamalı, xalqın malına göz dikməli, milyonlar mənimsəməli, vətəndaşlara yuxarıdan aşağı baxmalıdırlar.

Ona görə də cənab Prezident dəfələrlə bütün dövlət strukturlarının fəaliyyətinə ictimai nəzarətin artırılmasının vacibliyini vurğulayıb. Bütövlükdə cəmiyyətə verilən bu mesaj İNK ailəsinin də üzərinə mühüm vəzifələr qoyur. Biz də dövlət başçısının gördüyü uğurlu işlərə baxmayaraq, hansısa sahədə rastlaşa biləcəyimiz uyğunsuz məmur hərəkətlərinin və ya süni yaradılan problemlərin geniş qol-qanad açmasına, məhkəmə sistemində olan qanunsuzluqlara, hakim özbaşınalıqlarına, onların qanunsuz, ədalətsiz qərarlar çıxarmalarına imkan verməməliyik. Bu istiqamətdə narahatlıq doğuran məsələlərlə bağlı maaarifləndirmə işini gücləndirməli və mövcud problemlərin aradan qaldırılmasına çalışmalıyıq.

E.ŞİRİNOV
(ictimainezaret.com)



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28