SON XƏBƏRLƏR
İNK SƏDRİ RASİM MƏMMƏDOV MƏTBUAT KONFRANSI KEÇİRDİ

Yazının dərc olunma Tarixi: 8/2/2019

Bu gün Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, "Sabitlik və İnkişaf" Mərkəzi İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov fevralın 12-də Kahramanmaraş şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə yaradılan Xocalı soyqırımı parkının və "Ana fəryadı" abidəsinin açılışı ilə bağlı Yeni Yazarlar və Sənətçilər İB-nin nəzdində fəaliyyət göstərən QHT Evi - Mətbuat və Yeni Media Mərkəzində mətbuat konfransı keçirdi.
İNK SƏDRİ RASİM MƏMMƏDOV MƏTBUAT KONFRANSI KEÇİRDİ
Pravdainfo.org İctimainezaret.com-a istinadən xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, şəhid anaları, ziyalılar və jurnalistlər iştirak edirdi.

Açılış mərasimdə iştirak etmək üçün Türkiyəyə gedəcək nümayəndə heyətinin səfər hazırlıqları barədə söz açan İNK sədri səfər çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verdi. R.Məmmədov bildirdi ki, Türkiyə səfəri ilə bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və digər aidiyyəti qurumlara məlumat verilib. Kahramanmaraş şəhərinə feralın 9-da yola düşəcəyini bildirən İNK sədri səfər çərçivəsində əvvəlcə bu şəhərin erməni işğalından azad edilməsinin 99 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcəyini dedi.

R.Məmmədov Birinci Dünya Müharibəsində məğlub olduğuna görə Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi çərçivəsində Anadolunun çox hissəsi kimi Maraşın da işğal edilməsi ilə işğalçı qüvvələrə qarşı 1920-ci ilin yanvar ayında maraşlıların başlayan döyüşünün 1920-ci il fevral ayının 12-də işğalın ortadan qalxması ilə nəticələndiyini qeyd etdi. İNK sədri konfrans iştirakçılarına xatırlatdı ki, 1919-cu ilin noyabr ayında fransız komandirin şəhərin qalasındakı türk bayrağını endirməsi, günahsız insanları öldürməsi və həbs edilməsi türklərin narahatlığı daha da artırır: "Ulu Məscid İmamı Rıdvanın "Qalasında bayrağı dalğalanmayan ölkədə cümə namazı qılınmaz!" deməsi əhalidəki fransızlara və erməni işğalçılarına qarşı olan nifrəti oyadır və o, insanları üsyana çağırır. Qalaya hücum edən Maraş əhalisi fransız əsgərlərini məhv edərək türk bayrağını yenidən qaldırırlar. Bundan sonra şəhərdə qarşıdurmalar yaranıb.

Erməni əsgərləri fransız uniformasını geyinib küçədə hamamdan çıxıb gedən qadınların qarşısını kəsib "Bura artıq türklərin deyil, fransız məhəlləsidir, çadra ilə gəzmək olmaz, açın üzünüzü" deyirlər. Hamamın yaxınlığında kiçik bir dükanda süd satan və hadisələri kənardan izləyən Südçü İmam tapançasını götürüb özünü hadisə yerinə çatdırır və atəş açır. Bundan sonra maraşlılar ölüm-dirim mübarizəsinə qalxaraq fransızların və ermənilərin işğalına son qoyurlar. Beləliklə, fransızlar 1920-ci il fevral ayının 11-də şəhəri tərk edirlər. Türkiyənin böyük bir universitetinin Kahramanmaraş Sütçü İmam Universiteti adını daşıması məhz maraşlıların Südçü İmama verdikləri ən böyük dəyərdir. 1973-cü ilin fevralında isə Türkiyənin Böyük Millət Məclisi azadlıq savaşındakı fədakarlıqlarına görə bu şəhərə rəsmi olaraq "kahraman" adı verir və o zamandan bu şəhər Kahramanmaraş adlandırılır".

Altı ildir Türkiyənin Kahramanmaraş Böyük şəhər Bələdiyyəsi və Kahramanmaraş Sütçü İmam Universiteti ilə çox sıx əməkdaşlıq əlaqələri saxladıqlarını bildirən R.Məmmədov bu münasibətlərin genişlənməsinin ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, qardaşlaşmasına xidmət etdiyini vurğuladı: "Bu əməkdaşlığın nəticəsi olaraq Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Prezidenti, Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayev və İctimai Nəzarət Koalisiyasının sədri olaraq mənim birgə müraciətimizdən sonra Türkiyənin Kahramanmaraş Böyük şəhər Bələdiyyəsinin qərarı ilə 12 fevral 2019-cu ildə bu şəhərdə Xocal Soyqırımı parkının və "Ana fəryadı" abidəsinin açılışı olacaq. Bildiyiniz kimi, ötən ilin oktyabrında qardaş Türkiyənin Kayseri şəhərində də Xocalı parkının və "Ana fəryadı" abidəsinin açılış mərasimi olmuşdur və həmin tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və İctimai Nəzarət Koalisiyasının rəhbər heyəti iştirak etmişdir.

Azərbaycanın dövlət büdcəsindən vəsait xərcləmədən İNK ailəsinin çoxsaylı üzvlərinin imkanları hesabına Türkiyədə yaratdığımız Xocal soyqırımı parkı və "Ana fəryadı" abidəsi, hesab edirəm ki, həm də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək çərçivəsində Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bütün bunları dünyada qlobal beynəlxalq münasibətlər sistemində öz sözü, mövqeyi olan Azərbaycanın, Prezident cənab İlham Əliyevin, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xarici siyasət kursunun növbəti uğuru kimi qiymətləndirməliyik".

İNK sədri Xocal soyqırımı parkının və "Ana fəryadı» abidəsinin açılışı ilə bağlı Kahramanmaraşda ciddi hazırlıq işlərinin görüldüyünü qeyd etdi: "Hər zaman qardaş hesab etdiyi Azərbaycanın yanında olan Türkiyədə Xocal soyqırımı parkının və "Ana fəryadı" abidəsinin yaradılması ilə əlaqədar olaraq Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoça, Türkiyə Böyük Millət Məclisinin AK Partiyasından millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma və bu işdə əməyi olan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm".

R.Məmmədov sözügedən tədbirlə bağlı Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibini də açıqladı: "Türkiyənin və Azərbaycanın rəsmi nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə keçiriləcək açılış mərasimində DAMM-nin prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev, DAMM-nin 1-ci vitse-prezidenti, İNK-nın sədri olaraq mən, İNK-nın sədr müavini, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nın baş katibi, YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Xalq artisti Ramiz Quliyev, Milli Qəhrəman şəhid Samir Xasıyevin anası Gözəl Xasıyeva və digər tanınmışlar iştirak edəcəklər".

İNK sədri onu da bildirdi ki, fevralın 25-də İctimai Nəzarət Koalisiyası, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi və Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən QHT Evi - Mətbuat və Yeni Media Mərkəzində Xocalı soyqırımına həsr olunmuş rəsmi elmi-praktik konfrans, layihə tantımı və genosidə həsr olunmuş yeni kitabların təqdimatı və ictimai dinləmələr keçiriləcək.

Sonra nümayəndə heyətinin rəhbəri Rasim Məmmədov KİV nümayəndələrinin suallarını cavablandırdı.

İlahiyyatçı Mir Kazım Kazımi, İNK-nin sədr müavini, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, Azərbaycanın Milli Qəhrəmanı şəhid Samir Xasıyevin anası Gözəl Xasıyeva, şair Oqtay Rza və başqaları tədbirdə çıxış edərək nümayəndə heyətinə uğurlar arzuladılar.

Elşən KƏNAN



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28