SON XƏBƏRLƏR
Tanınmış politoloq Oleq Kuznetsov "Təzadlar"a geniş müsahibə verdi - VİDEO

Yazının dərc olunma Tarixi: 13/3/2019

"Təzadlar" qəzeti daha bir ilkə imza atdı... Dünən tanınmış tarixçi alim, Cənubi Qafqazın tarixinə və müasir həyatına dair çoxsaylı yazıların müəllifi, Qafqaz Strateji Tədqiqatlar İnstitutunun "Kavkaz & Qlobalizasiya" adlı beynəlxalq sosial-iqtisadi və siyasi tədqiqatlar jurnalının redaksiya heyətinin üzvü, erməni terrorizmini dünyaya sübut edən, Azərbaycanın haqq səsini dünyaya çatdıran rusiyalı siyasətçi Oleq Kuznetsov "Təzadlar" qəzeti redaksiyasında oldu və qəzetimizə geniş müsahibə verdi. Videomüsahibənin rus və Azərbaycan dilində olan mətnləri isə qəzetin şənbə buraxılışında dərc ediləcək.
Tanınmış politoloq Oleq Kuznetsov "Təzadlar"a geniş müsahibə verdi - VİDEO
O.Kuznetsov əməkdaşlarımızın bir sıra maraqlı suallarını cavablandırdı. Onun, xüsusən də Dağlıq Qarabağ problemindən çıxış yolları, münaqişə və müharibənin sülh, yoxsa hərbi yolla həlli variantlarına dair şəxsi mülahizə və qənaətləri, yaxınlarda Azərbaycan və Ermənistan rəhbərlərinin yüksək səviyyəli görüşlərindən gözləntiləri və s. olduqca maraqlıdır.
Onu da qeyd edirik ki, qonaq redaksiyamızın iş fəaliyyəti ilə ətraflı tanış oldu, xatirə şəkli çəkdirdi.

***

Sonra qonaqla Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və İctimai Nəzarət Koalisiyasının Mətbuatda Evində ictimai dinləmələr keçirildi. Tanınmış alimlərin və ziyalıların, jurnalistlərin çoxsaylı suallarını cavablandıran Oleq Kuznetsov tədbirin sonunda "Bu gün burada, İctimai Nəzarət Koalisiyasında olandan və burada qarşılaşdığım yüksək səviyyəli qonaqpərvərliyi, intellektual insanları, vətənsevərləri görəndən sonra Azərbaycana qarşı sevgili münasibətim bir daha artdı...", -deyərək bir daha Azərbaycana vurğunluğunun sirrini açıb söylədi. Ona İNK-nin fəxri üzvü vəsiqəsi təqdim edildi.

***

Oleq Yuryeviç Kuznetsov haqqında qısa məlumat: Oleq Yuryeviç Kuznetsov 22 aprel 1971-ci ildə Tula şəhərində anadan olub, tarixçi alim, tərcüməçi, qafqazşünas, pedaqoq, publisist və ixtiraçıdır. O, 1992-ci ildə Orlov Dövlət Universitetinin tarix fakultəsini, 2004-cü ildə isə Moskva Dövlət Hüquq Akademiyasının hüquqşünaslıq fakultəsinin fərqlənmə ilə bitirmişdir. 1996-cı ildə Kursk Dövlət Universitetində "Vətən tarixi" sahəsi üzrə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olmuşdur. 1992-1996-cı illər arasında müxtəlif təhsil müəssələrində, təbiəti mühafizə mərkəzində, Tula şəhərinin abidələrin restavrasiyası və istifadəsi administrasiyasında fəaliyyət göstərmişdir. 1997-2000-ci illərdə "Kulikova döyüşü muzeyində" aparıcı elmi əməkdaş və elmi katib vəzifəsində çalışmışdır. Hazırda İdarəetmə inistutunda elmi işlər üzrə prorektor vəzifəsində çalışır. Eləcə də Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyət ilə məşğuldur.

Oleq Kuznetsovun "Bütün bəşəriyyəti Xocalı soyqırımının tanınması ilə bağlı petisiyanı dəstəkləməyə çağırıram" kimi addımları, eləcə də erməni terrorunun mahiyyətini açıb dünyaya çatdıran "XX əsrdə transmilli ermәni terrorunun tarixi" kitabı onu ermənilərin qəzəbinə düçar edib, təqib və təzyiqlərə məruz qalıb. Lakin tutduğu haqq yolundan dönməyib…

Yasəmən Məmmədli
(tezadlar.az)




Fikrini bildir