SON XƏBƏRLƏR
“Mənim burada əlavə etməyə nəsə sözüm yoxdur...”

Yazının dərc olunma Tarixi: 17/4/2019

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Serbiya xarici işlər naziri ilə keçirdiyi brifinq zamanı “Moskva-Bakı” portalının müxbirinin Qarabağ danışıqları barədə sualına cavab verib. Virtualaz.org xəbər verir ki, müxbir Lavrova xarici işlər nazirlərinin bu günlərdə Moskvada keçirilmiş görüşündən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamasını xatırladıb. Məmmədyarov demişdi ki, görüşdə Rusiya tərəfinin 2016-cı ildə irəli sürdüyü təkliflər (“Lavrov planı”) müzakirə edilib.
“Mənim burada əlavə etməyə nəsə sözüm yoxdur...”
“Bəli. Biz burada mənim iştirakımla Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirdik, görüşə sonradan Minsk Qrupunun üç həmsədri və ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi də qatıldı. Siz dediniz ki, 2016-cı ildəki təkliflərin müzakirə olunduğu haqda informasiyalar var. Əgər mən düz başa düşdümsə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün yekunlarına dair burada verdiyi müsahibələrdən birində bu təkliflərin müzakirə olunduğunu xatırladıb. Ona görə də mənim burada əlavə etməyə nəsə sözüm yoxdur. Həmin təkliflərin mahiyyətinə gəldikdə isə onlar həmsədr ölkələrin çoxsaylı bəyanatlarında möhkəmlənib. Həmn bəyanatlar münaqişənin həllinin tərəflər arasında ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiq etməmə prinsipləri əsasında tapılmalı olduğunu nəzərdə tutur. Mən sizi sadəcə olaraq dövlət başçılarının bu seriya bəyanatlarına və ATƏT xarici işlər nazirləri Şurasının ötən ilin dekabrında qəbul etdiyi son bəyanata baxmağa dəvət edirəm. Orada işlərin bütün baza istiqamətləri əksini tapıb. Detallar isə əlbətdə ki, konfidensialdır”-Lavrov belə deyib.

Rusiya xarici işlər nazirləri Moskva görüşündə tərəflər arasında humanitar sferada tədbirlər haqda əldə edilmiş razılaşma barədə də danışıb. Bildirib ki, həmin tədbirlər görüşün yekunu olaraq qəbul edilən bəyanatda əksini tapıb. Bura təmas xətti boyu ərazilərdə kənd təsərrüfatı işlərinin təhlükəsizliyi üçün əlavə tədbirlərin görülməsi, əsir və girovların yaxınlarının onları ziyarət etməsinə şərait yaradılması, o cümlədən insanlar, KİV nümayəndələri arasında təmasların qurulması daxildir.

“Mən bunları çox faydalı razılaşmalar hesab edirəm. Bəli, mən belə şərhlər də oxumuşam ki, bu cür məsələlər, xüsusən də humanitar sferada əvvəllər də razılaşdırılıb, amma həmişə yerinə yetirilməyib. Bu doğrudur. Lakin Moskvada baş tutmuş təmasların yekunu əsasında məndə belə əsas yaranıb ki, hazırda işlərin getdiyinə dair atmosferi hiss edim. Və məndə belə əsas var ki, Bakı və Yerevan bu dəfə həmin razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır. Biz buna kömək edəcəyik” - Lavrov bildirib.



Fikrini bildir