SON XƏBƏRLƏR
AVROPA MƏHKƏMƏSİ SAAKAŞVİLİNİN MƏSƏLƏSİNƏ BAXACAQ

Yazının dərc olunma Tarixi: 21/10/2021

AVROPA MƏHKƏMƏSİ SAAKAŞVİLİNİN MƏSƏLƏSİNƏ BAXACAQ
Avropa İnsan Haqları Məhkəməsi Saakaşvili barəsində açılan işlərə baxanadək, 5 Avroparlamentari onun həbsdən buraxılmalı olduğuna dair ortaq bəyanat yayıblar. Bəyanatda, baş nazir İrakli Qaribaşvilinin çıxışları sərt tənqid olunub. Qeyd olunub ki, Saakaşvilinin işi hazırda Avropa İnsan Haqları Məhkəməsinə göndərilib:
"Keçmiş prezidentin Gürcüstanda həbsdə olması təqibin siyasi mahiyyəti ilə bağlı suallar yaradır. Baş nazir Qaribaşvilinin açıq bəyanatları Saakaşviliyə qarşı açılan işlərin arxasındakı siyasi motivləri təsdiqləyir, bu isə Avropa tipli ədalət sistemində tamamilə qəbuledilməzdir.
Saakaşvilinin işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Bu, Avropa ədalətinin Gürcüstanın gələcəyi üçün ən vacib məsələni həll etməsi üçün bir yoldur və Avropa Birliyi bu müzakirələri yaxından izləyəcək və qərara uyğun hərəkət edəcək. Avropa İnsan Haqları Məhkəməsi müzakirəyə başlayanadək Saakaşvili həbsdən azad edilməlidir", - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, sözügedən bəyanata Avronest Parlament Assambleyasının həmsədri Andrius Kubilius, Cənubi Qafqazla Əlaqələr Nümayəndəliyinin rəhbəri Rasa Yukneviçien, Riho Teras, Miriam Lexman və Sandra Calniet imza atıblar.
Onu da xatırladaq ki, Saakaşvilinin dərhal azad edilməsi barədə artıq dünyanın əksər nüfuzlu təşkilatları sərt bəyanatlar yayıblar. Gürcüstanın siyasi hakimiyyəti isə Saakaşvilini həbsdə saxlamaqda israrlıdır...
A.Məmmədli



Fikrini bildir