SON XƏBƏRLƏR
Azərbaycanda yeni tədris ili başlayır

Yazının dərc olunma Tarixi: 16/9/2019

Azərbaycanda yeni tədris ili başlayır
Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur. Xatırladırıq ki, builki Bilik bayramı bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili bu gündən-sentyabrın 16-dan başlayır. Yeni tədris ilində ölkənin ümumi təhsil müəssisələrinin I sinfində 164 234 şagird təhsil alacaq.
Ümumilikdə isə orta məktəblərdə 1 525 016 şagird oxuyacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. IX sinifdə 122 043, XI sinifdə isə 82 782 şagird təhsil alacaq.
Hazırda Azərbaycanda 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.
Bu il Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 43 məktəb binası yeni dərs ilində şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə 414 844 şagird təhsil alacaq. Onlardan 32 315-i IX sinifdə, 22 795-i X sinifdə, 18 896-sı XI sinifdə, 198-i isə XII sinifdə oxuyacaq.
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib.
2019-2020-ci tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib.
Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.



Fikrini bildir