SON XƏBƏRLƏR
Şirkət rəhbərinin məhkəməsi başlayır

Yazının dərc olunma Tarixi: 14/7/2020

Şirkət rəhbərinin məhkəməsi başlayır
Rüşvət almaqda və digər cinayətlərdə təqsirləndirilən Zeynal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Qəniyevin icraatına verilib.
Cinayət işi üzrə hazırlıq iclası yaxın vaxtlarda keçiriləcək.
Qeyd edək ki, “Fakt Araşdırıcı-N” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.



Fikrini bildir