SON XƏBƏRLƏR
Qəbələ RİH küçə qalmaqalına aydınlıq gətirdi

Yazının dərc olunma Tarixi: 6/8/2020

Qəbələ RİH küçə qalmaqalına aydınlıq gətirdi
Ötən gün Qəbələdə küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib. Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə sözügedən küçənin əvvəllər Milli Qəhrəman, general-mayor Həzi Aslanovun adını daşıması ilə bağlı məlumatlar yayılıb. Qəbələ Rayon İcra Hakimiyyəti mətbuat üçün məlumat yayıb:
"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılır. Qeyd edək ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.
Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.
Bir daha kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq".



Fikrini bildir